Maliyyə professoru qurtuluş düsturunu açıqlayır – “böhran bizə heç nə...” » Memur.az

Maliyyə professoru qurtuluş düsturunu açıqlayır – “böhran bizə heç nə...”

Maliyyə professoru qurtuluş düsturunu açıqlayır – “böhran bizə heç nə...”

Saleh Məmmədov: “Azərbaycanın 100 milyard dollar borclanmaq imkanı var” ; “hansı ölkədə xarici borclar çoxdursa, həmin ölkələr çox sürətlə inkişaf edir”

Azərbaycan Xalq Cəbhəsi hökumətində maliyyə naziri postunu tutan Saleh Məmmədov qısa müddət öncə “Yeni Müsavat”da Azərbaycanın iqtisadi durumu haqqında məqalə dərc etdirib. Həmin məqalədə eks-nazir indiki iqtisadi durumu təhlil edib, ölkəmizin dünya böhranından heç bir zədə almadan, hətta daha da güclənərək çıxa biləcəyi barədə iddialara irəli sürüb. Ötən gün “Yeni Müsavat”ın qonağı olan Saleh Məmmədov məqaləsindəki tezislərin detallarını redaksiya heyəti ilə paylaşıb. Söhbətin birinci hissəsini təqdim edirik.

- Saleh bəy, uzun müddətdir Azərbaycanda görünmürsünüz. AXC hökumətində çox önəmli postlardan birini tutan şəxs son illərdə konkret hansı işlərlə məşğul olub?

- Əslində kənarda deyiləm. Rusiyada, Türkiyədə, İraqda, İranda müxtəlif şirkətlərdə məsləhətçi vəzifələrində çalışmışam. Axır illər ciddi araşdırmalarla məşğulam.

- Qısa müddət öncə “Yeni Müsavat” qəzetində ölkə gündəmini məşğul edən, sensasion, həm də cəsur açıqlamalarla zəngin məqalə ilə çıxış elədiniz. Bir çox ekspertlər sizin səsləndirdiyiniz tezislərə münasibət bildirdi. Siz iddia edirsiniz ki, qlobal iqtisadi böhran Azərbaycandan yan keçə bilər, Azərbaycan böhrandan fayda ilə, ya da daha az zərərlə çıxa bilər. Sizcə, Azərbaycan hansı addımlar atmalıdır ki, qlobal böhran ölkəni çökdürməsin?

- Təbiətin dağıdıcı gücünü ram edib onu insanlıq naminə işlətmək olur. Məsələn, küləyi, günəşin istisini enerjiyə çevirmək mümkündür. Hesab edirəm ki, cəmiyyəti dağıdan qüvvəni də insanlığın xeyrinə işlətmək mümkündür. Məsələn, böhranı idarə edib onu iqtisadi xeyrə çevirmək olar. Bu gün dünyada, yaxın coğrafiyada gedən proseslər Azərbaycana təsirsiz ötüşmür. Azərbaycan artıq qapalı cəmiyyət deyil, inteqrasiya olunub, ona görə də dünyadakı proseslər Azərbaycana da təsir edir.

Rusiya-Qərb savaşı neftin qiymətinin azalmasına səbəb olub, nəticədə Azərbaycanın da gəlirləri azalıb. İndi biz böhrandan daha az itki ilə çıxmaq haqqında düşünməliyik. Aydındır ki, neft gəlirlərinin azalması ölkəyə pul axınını azaldır, iqtisadi çətinliklər yaradır. Ancaq bu, bir tərəfdən də insanları gücləndirməlidir. Mənim müəyyən etdiyim qanunauyğunluqlardan biri budur ki, insan cəmiyyətdən və təbiətdən nə qədər müqavimət görürsə, onun potensial gücü bir o qədər artır. Yaponiyanın təbii sərvəti yoxdur. Buna gör də insanlar yaşamaq uğrunda mətinləşdilər, görün nə qədər yeni texnologiyalar yaratdılar. Azərbaycanda isə təbii sərvətlər çoxdur. Nefti-qazı yerin təkindən çıxarıb yaşamaq mümkündür. Ancaq neft-qaz qiymətləri düşən kimi cəmiyyət çətin durumda qalır.

- Siz məqalənizdə “maliyyə panikası” ifadəsi işlətmisiz. Ad çəkməsəniz də, panikanı yaradanları göstərmişdiniz. Panikanın aradan götürülməsi böhrandan qurtulmağın əsas şərtlərdən biridirmi?

- Çox ciddi şərtlərdən birisidir. Maliyyə panikası dünyanı lərzəyə gətirə bilən prosesdir. Bir misal gətirim. 1987-ci ildə sonradan “qara oktyabr” adı verilən iqtisadi böhran başladı. ABŞ bunun qarşısını ala bilmədi. Səhmlərin qiyməti düşdü, neft ucuzlaşdı... Bütün bunlar maliyyə panikasından başlamışdı. Əslində bunun qarşısını almaq çətin deyildi. ABŞ prezidenti, yaxud federal sistem rəhbərlərindən biri çıxış edib deyə bilərdi ki, yetərincə ehtiyatımız var, panikaya düşməyin.
1997-ci ildə eyni proses başladı, ancaq başladığı günün birinci yarısında bitdi. Prezident Klinton gündüz canlı efirə çıxıb dedi ki, bizim böhranı önləmək üçün yetərincə rezervimiz var. Artıq nahar fasiləsindən sonra bütün birjalarda durum dəyişməyə başladı. Rusiya isə başqa cür davrandı. Böhran yarananda Milli Bank rəhbərliyi dedi ki, durum ağırdır, rublun kursu düşə bilər. Dediyi kimi də oldu. Eyni proses, təəssüf ki, bəzən Azərbaycanda da müşahidə olunur. Məmurlar və müxalifət iqtisadçıları da deyir ki, ölkənin maliyyə durumu gərgindir. Sözsüz ki, bu, panika yaradır.
- Reallıqda belə deyilmi?

- Təbii, deyil. Bizdə durum gərgindirsə, o zaman qonşu Gürcüstan, Ermənistan, Ukrayna, Rusiya gərək hər şeydən əllərini üzsün. Bu ölkələrlə müqayisədə Azərbaycanın durumu çox stabildir.

- Bəs, o zaman hansı səbəbdən bu şəxslər belə açıqlamalar verirlər?

- Görünür, belə bir dönəmdə necə işləməyin yolunu tapa bilmirlər.

- Sizin məqaləyə rəsmi səviyyədə, eləcə də iqtisadi sferaya aid insanlardan reaksiya oldumu?

- İqtisadi və biznes sferasına aid insanlardan oldu, rəsmi səviyyədə isə yox.

- Siz öz ideyalarınızı paket şəklində hökumətə təklif etməyi düşünürsünüzmü?

- Bu ideyalar konsepsiya olaraq hazırdır və istənilən vaxt hökumətə təqdim oluna bilər. Sizə bu konsepsiya haqqında detallı şəkildə danışa bilərəm.
- Buyurun.

- Dünyadakı iqtisadi böhran Azərbaycan üçün heç bir təhlükə törətmir...

- (Dərhal replika gəlir) Bu qədər nikbinsiz?

- Mən sadəcə nikbin deyiləm, dediklərimi faktlarla əsaslandırıram ki, böhran Azərbaycana zərər verə bilməz. Eyni fikirləri mən 2008-ci il qlobal iqtisadi böhran zamanı demişdim və dediklərim doğruldu. Həmin vaxt Azərbaycan hökuməti çox ciddi və düzgün addımlar atdı və nəinki zərər görmədi, hətta böhrandan faydalandı. Rusiya, Ukrayna isə çox yanlış addımlar atdılar, mərkəzi banklar prosesin qarşısını pul dövriyyənin azalması ilə önləməyə çalışdılar. Milli bankların rezerv normalarını, uçot stavkalarını yüksəltdilər, emissiyanı sakitləşdirdilər. Sanki təzyiqi aşağı düşən xəstəyə təzyiq düşürən dərman verdilər. Bizdə isə hökumət böhran başlayan kimi dövriyyədəki pulun həcmini artırmağa başladı. Bununla da qısa zamanda böhranın qarşısı alındı.
- Hökumətin budəfəki davranışlarını peşəkar qiymətləndirirsinizmi, yoxsa, tənqidi yanaşırsınız?

- Bir çox istiqamətlərdə doğru addımlar atılıb, ancaq bəzi məsələlərdə fərqli siyasət yürütmək lazımdır. Məni nəticələr çox narahat edir. Son bir ildə ölkədəki pul bazasının həcmi 45 faiz azalıb. Bu, çox böyük siqnaldır. Böhran qiymətlərin düşməsi deməkdir. Qiymətlərin düşməsi pul təklifinin düşməsi ilə bağlıdır. İnsanların əlindəki pulun həcmi azalır və qiymətlər düşməyə başlayır. Qiymətlər düşdüsə, məhsullar satılmaycaq. Məhsul satılmırsa və ya aşağı qiymətə satırsa istehsal dayanacaq. Ona görə də əsas məsələ insanlardakı pulu çoxaltmaqdır. Burada əsas məqsəd inflyasiyanın qarşısını almaq deyildi, əksinə, inflyasiyanı stimullaşdırmaq və defilyasiyanın – qiymətlərin düşməsinin qarşısını almaqdır. Azərbaycanda əmlakın və digər əksəriyyət məhsulların qiyməti ciddi şəkildə düşüb...
- Buna qədər qiymətlər çox yüksək idi. Hətta dünyanın ən bahalı paytaxtlarında mənzil almaq Bakıdakından daha ucuz başa gəlirdi.

- Qiymətlər ölkədə inkişaf olanda qalxır. Demək, Azərbaycanda inkişaf çox sürətlə gedirdi. Əhalinin əlindəki pul kütləsi azalan kimi qiymətlər başladı enməyə. Bazarın qaydası belədir. Bugünkü gün əsas məqsəd qiymətlərin düşməsinin qarşısını almaqdır. Mən devalvasiyanı da düzgün istiqamət saymıram.

- Siz deyirsiz ki, proses tərsinə olmalıdır - devalvasiyadan öncəki duruma qayıdılsın?

- Mən deyirəm ki, Azərbaycan kimi idxalı ixracından qat-qat çox olan ölkələrdə pulun dəyərinin qorunması çətin deyil. 20 ildir Yaponiya yenin kursunu aşağı salmaq üçün mübarizə aparır. Belə olsa, ixracat artar. Yaponiya ixracatının hamısı hazır məhsullardır. Qiymətlər bircə faiz qalxan kimi Yaponiya məhsulları dünya bazarında rəqabətə girə bilmir. 20 ildir Yaponiya öz pul vahidini (yen) dolların kursundan aşağı salmaq istəyir. Azərbaycanda da eyni proses gedib. İqtisadi inkişaf zamanı manatın kursu dollara nisbətdə qalxmalı idi. Mən dəfələrlə demişdim, kurs dollarla bərabərləşdirilməli, ya da artırılmalı idi. 30-40 ildi Sinqapur valyutasının kursu dollara nisbətdə 1,5-2 arasında dəyişir. Ehtiyac olanda azca qaldırır, sonra yenidən endirirlər. Prezidentimiz vacib vəzifə qoyub: Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq. Məntiqlə hökumət bunun üçün çalışmalıdır. Azərbaycanı Sinqapur, Tayvan, İsveçrə, ya ABŞ səviyyəsinə qaldırmaq üçün devalvasiyaya gedilməməli idi. İnkişaf etmiş ölkələrdən heç birinin tarixində 30-35 faizlik devalvasiya olmayıb.
Devalvasiya 1-2 faiz həcmini aşmır. Çin kimi nəhəng ölkə, ixracatın azalmasının qarşısını almaq üçün 1,5-2 faizlik devalvasiya etdi. Belə kiçik devalvasiya həm Azərbaycanın imicini qoruya, həm də Azərbaycana axa biləcək investisiyaları stimullaşdıra bilərdi.

- Azərbaycanı Sinqapur, Tayvan, İsveçrə səviyyəsinə çatdırmaq yolundan çoxmu kənarlaşmışıq? Bu gün hətta ikinci devalvasiyadan danışılır. Sizcə, hökumət buna gedərmi?

- Məqsəd olaraq uzaqlaşmamışıq. İkinci devalvasiyaya gedilməz, məncə. Bunun üçün heç bir əsas yoxdur.

- Əks iddialar çoxdur – neftdən gələn gəlirlər azalır, bank sistemi çökür, dünyada böhran davam edir, manatın kursunun saxlanması üçün hökumət böyük pullar xərcləyir. Təkcə avqustda kursun saxlanmasına 1,2 milyard dollar xərclənib.

- Tamamilə əsassız iddialardır. Dünya təcrübəsində elə bir fakt görməmişəm ki, idxalı ixracından 2 dəfə, valyuta rezervləri ehtiyac duyulduğundan 5-6 dəfə çox olan, stabil iqtisadi inkişafa və reytinqə malik ölkə devalvasiyaya getsin.

- Yəni Azərbaycan devalvasiyaya getməyə bilərdi...

- Nəinki getməyə bilərdi, əlindəki rezervləri düzgün istifadə etməklə indi də gəlir əldə edə bilər. Devalvasiyadan cüzi cari 2-3 milyard kurs fərqi qazandıqsa, 10 milyarddan çox etibarın itməsindən itirdik: dəqiq itki hesabını təqdim edə bilərəm.

- İddialar var ki, Azərbaycanın həmin rezervləri kənardadır və ölkə üçün çatımlı deyil. Bu iddiaları əsaslı saymaq olarmı?
- Mümkün deyil. Milli Bankın 7,3 milyard rezervi var. Beynəlxalq Valyuta Fondunun ölkələr üçün müəyyən etdiyi normaya görə, ehtiyat 3 aylıq idxalı təmin edəcək səviyyədə olmalıdır. Azərbaycanın rüblük idxalı 2,5 milyarddır. Bizim ehtiyat 2,5 milyard olmalıdır, ancaq 7,3 milyard manatdır. Buna ekstra valyuta ehtiyatı deyilir. Yəni bizim 5 milyard dollar artıq vəsaitimiz var. Biz bu valyutanı niyə yığırıq – valyutanın kursu düşəndə onu tənzimləmək üçün. Üstəlik, Neft Fondu və digər fondlarda 40 milyard dollarlıq rezerv var. Eyni zamanda, başqa ölkələrə yatırılan sərmayələr var. Xeyli qızıl ehtiyatı var. Bu qədər rezerv ola-ola niyə onlardan istifadə edilməməlidir? Bunlar elə “qara gün” üçün toplanan ehtiyatlardır...

- Əgər bu qədər imkanlar varsa, niyə devalvasiyaya gedildi?

- (Davam edir) Bu gün Azərbaycanla bağlı heç bir embarqo yoxdur. 7,3 milyard dollar vəsait Mərkəzi Bankın əlindədir, 1 saata o vəsaiti istədiyi yerə köçürə bilər. Rezervlərin idarə olunması böyük elmdir. Neft Fondu, digər ehtiyatları da istifadə edə bilərik.

- Belə bir şayiə var ki, Azərbaycanın öz puluna əli çatmır, ona görə belə geriləmə var.

- Çox savadsız yanaşmadır. Heç bir bank buna gedə bilməz. Beynəlxalq hüquq buna imkan verməz. Buna embarqo, sanksiya – heç bir məhdudiyyət yoxdur. Bayaq dedim, Azərbaycan Türkiyəyə böyük investisiya yatırıb.
- Təxminən 16 milyard dollar...

- Bu rəqəm bir qədər də artırılacaq. Ukraynaya, Gürcüstana böyük yatırımlar olub. Bu gün bu rezervlərin hamısını hərəkətə gətirməklə bir çox problemlər çözmək mümkündür. Bu gün manat bazasını 45 faiz azaltmışıq, digər tərəfdən də ölkəyə valyuta eyni qaydada daxil olur. Qabaqkı illərdə 10-15 milyard artıq vəsait əldə edirdik və rezervlərin formalaşmasına yönəldirdik. İndi isə gələn vəsaiti rezervə göndərmədən istifadəyə yönəltmək olar. Bu gün neftin maya dəyəri daşıma xərcləri ilə bir yerdə 13-14 dollardır. Hər barel neftin çıxmasına Azərbaycan cəmi 6-7 dollar xərcləyir. BP-nin, digər neft şirkətlərinin fəhlələri bu gün I sinif uçaqlarda uçur. Bu xərclər azaldılsa, maya dəyəri çox aşağı düşər.

- Bu qədər üstünlüklər varkən, niyə Azərbaycanda maliyyə panikası yaşayır? Siz bizim sualı cavablandırmırsız...

- Deyəcəm. Ancaq rezervlərin hamısını sayıb bitirməmişəm. Bu gün Azərbaycanın böyük miqdarda borc alma imkanları var. Mən dünya maliyyə sistemini araşdırıb bu nəticəyə gəlmişəm – hansı ölkədə xarici borclar çoxdursa, həmin ölkələr çox sürətlə inkişaf edir.

- Məsələn.

- Ən inkişaf etmiş ölkələrdən biri Lüksemburqdur. 2,5 trilyon borcu var. Bu borc bilirsizmi necə formalaşır? Bu o demək deyil ki, ölkə gedib hansısa qurumdan borc alır. Şərait yaradıb, kapital axını var, hər kəs gətirib vəsaitlərini Lüksemburq banklarında saxlayır. O pulların hamısı sərf edilir ölkənin iqtisadiyyatına. Eləcə də Sinqapur. Sinqapur çox kiçikdir, ərazisi təxminən bizim Qazax rayonu qədərdir. Bu balaca ərazinin 1,8 trilyon xarici borcu var, elə bu borclar hesabına ildə 400 milyarddan çox məhsul ixrac edir.

- Azərbaycanın xarici borcu nə qədərdir?
- 4 milyard dollar civarında. İnkişaf etmiş bütün ölkələrdə xarici borclar Ümumi Daxili Məhsuldan qat-qat çoxdur. İngiltərənin xarici borcu ÜDM-dən 4 dəfə çoxdur, Almaniyanınkı 2 dəfə, Fransanınkı 2 dəfə çoxdur. ABŞ da təxminən eyni səviyyədədir – 18 trilyon.

- Deyirsiz, borc almaq yaxşıdır?

- Dünya iqtisadiyyatının 70 faizi borclar üzərində qurulub.

- Müxalifətin hökuməti əsas tənqid etdiyi məqamlardan biri ölkənin uzunmüddətli borclarının olmasıdır. Deyirlər ki, hər vətəndaşın, hər azyaşlının boynunda filan qədər borc əmələ gəlib...

- Müxalifətin bir təmsilçisi də biz. 1992-ci ildə hakimiyyətə gələn kimi borc almaq imkanları ilə bağlı böyük araşdırmalara başladıq. Ölkədəki bir çox vacib layihələri borc almaqla həyata keçirməyə hazırlaşırdıq. Bu gün 15 faizdən aşağı kredit verilmir. Qərb bazarlarında 20 trilyon istifadəsiz vəsait var. Onu 3-4 faizlə Azərbaycan gətirib ehtiyac olan sahələrə yatırtmaq olar. Bu pulları yerləşdirmək üçün heç Azərbaycan kimi stabil və risksiz ölkə tapa bilməyəcəklər. Bu həm də müstəqilliyimizə qarant olardı, milyardlarla pul yatırdığı ölkəni heç kim imkan verməz ki, işğal etsin, riskə məruz qalsın.

- Biz nə qədər borclana bilərik?

- Bu gün Azərbaycanın minimum 100 milyard borclanmaq imkanı var. İnkişafımız yüksəldikcə trilyonlara qaldırmaq olar.

- Kim verəcək o pulu bizə?

- Dünyanın bütün beynəlxalq maliyyə institutları, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Bankı, Asiya İnkişaf Bankı, investisiya fondları, transmilli korporasiyalar, dost dövlətlər. Azərbaycanın isə məlum bir ölkədən başqa düşməni yoxdur.

- Niyə onlar Azərbaycan kimi ölkəyə pul versin ki? Bunun səbəbi nə?