“Əli Kərimli iclaslardan birində dedi ki, 2015-ci il parlament seçkisindən sonra siyasətdən getmək fikrindəyəm” » Memur.az

“Əli Kərimli iclaslardan birində dedi ki, 2015-ci il parlament seçkisindən sonra siyasətdən getmək fikrindəyəm”

“Əli Kərimli iclaslardan birində dedi ki, 2015-ci il parlament seçkisindən sonra siyasətdən getmək fikrindəyəm”

Razi Nurullayev: ““Azadlıq” qəzeti Əli Kərimlinin iradəsi olmadan bir sətir də yaza bilməz”; üsyançı Cəbhəçi şok sirlər açıqladı: ““Azadlıq” qəzetində adına veto qoyulan nazirlər var, onlara toxunmaq olmaz”




________________________________________________

“Zamanında nazirlər, komitə rəhbərləri, şöbə müdirləri, hətta polis rəisləri olub. 20-30-50 min verilib, onlar barədə illərlə "Azadlıq" qəzetində yazılar getməyib”

________________________________________________

****

AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayevin AXCP-dən ayrıldığı gündən etibarən verdiyi açıqlamalar, atdığı addımlar müzakirə mövzusudur. Son olaraq dünən R.Nurullayev Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət edib. O, AXCP-nin Nərimanov şöbəsinin sədr müavini Bəhruz Tağızadənin cebhe.info-ya verdiyini müsahibədən sonra partiya rəhbərliyi tərəfindən şantaj olunması və az qala özünəqəsd vəziyyətinə gətirilməsi məsələsinin ciddi araşdırılmasını rica edib.

Son günlər R.Nurullayevin atdığı addımlar və AXCP rəhbərliyi ilə bağlı verdiyi açıqlamaların aktuallığını nəzərə alıb, onu redaksiyamıza dəvət etdik. “Yeni Müsavat”ın əməkdaşlarına müsahibəsində R.Nurullayev sensasion açıqlamalar verdi.


-Son məlumat nazirliklərə müraciətinizlə bağlıdır. İddia edirsiz ki, adamı özünü öldürmə həddinə qədər gətiriblər. Buna sübutunuz varmı?

- Əlimizdə faktlar olmasa təbii ki, belə qeyri-ciddi hərəkət etməzdik. Bəhruz Tağızadənin mənə bu gün telefon zəngi olub.

-Nə deyib sizə?

-Açığı, mən onun dediklərinin hamısını deyə bilmirəm. Mən onların yürütdüyü xətti yürütmək istəmirəm. İnsanların öz aralarında, dostcasına etdikləri söhbətləri geniş ictimaiyyətə açıqlamağı doğru saymıram. Əli Kərimli və onun ətrafına oxşamaq istəmirəm. Amma onu deyə bilərəm ki, telefonda məndən dönə-dönə üzr istədi. Dedim, səni bağışlamıram, bəlkə də mən sənə kömək edə bilərdim. Dedi ki, “sən mənə kömək edə bilməzdin. Mən elə vəziyyətə düşdüm ki, başqa cür mümkün deyildi. Həyatımla üz-üzə qaldım”.

-Nə ola bilərdi ki?

- Hesab edirəm ki, şəxsi zəmində və şəxsiyyətə yönəlik bir məsələ idi. Çox güman, onun ləyaqətinin sındırılması, şəxsiyyətinin alçaldılması ilə bağlı bir məsələ olub. Bundan şübhələnirəm.

-Detalları bilirsizmi?

-Bizə bəzi detallar məlumdur. Amma bunu heç bir zaman açıqlamayacam. Qoy özü açıqlasın və bunu istintaq orqanları müəyyənləşdirsin. Çünki insan ləyaqəti ilə oynamaq olmaz.

-İlk gündən başladığınız etirazlar, atdığınız addımlar “Razi Nurullayev hakimiyyətin projesini həyata keçirir” arqumenti ilə qarşılaşır. Yəqin siz də xəbərdarsız bu söyləntilərdən...


-Tarixi, prosesləri vərəqləsək, buna Əli Kərimlinin prizmasından, onun konturu ilə baxsaq, bu günə qədər onun yanından ona narazılıq edən, siyasəti ilə barışmayan insanlar, siyasətinin uğursuzluğuna etiraz edənlər eyni damğa ilə ləkələnməyə çalışılıb. Hesab etmirəm ki, ləkələnib, amma buna çalışılıb. Əli Kərimlinin bütün gedənlərlə bağlı eyni yanaşması olub. 90-cı illərdən bu yana bu, belədir. Onlar məni ləkələməyə çalışsalar da, alınmadı. Birincisi, Əli Kərimli özündən çox müştəbehdir. Öz şəxsiyyəti ətrafında böyük iddialar qurmaq istəyir. “Hakimiyyətin Əli Kərimli ətrafında qurmaq istədiyi oyunlar var”, iddiası isə sadəcə gülməlidir. Çünki bu günə qədərki siyasəti uğursuz olub. Bu gün onun yanında insan qalmayıb. Əbülfəz Elçibəyin qurduğu o böyük partiyanı yıprada-yıprada bir neçə nəfərə çatdırıb. Bəzi tədbirlərə gedəndə əvvəllər yanında 10-20 nəfər olurdusa, bu gün 2-3 nəfər zorla olur. Bu baxımdan, hakimiyyətə heç bir təhlükə təşkil etməyən bir liderə qarşı niyə oyun, yaxud da layihə qurulsun ki? Məncə, hakimiyyət Əli Kərimlini “unudub”...

- Səbəb nədir? Sizin iddianıza görə, Əli Kərimli niyə tək qalıb?

-Təbii ki daimi uğursuzluq. Əli Kərimli hər dəfə uğursuzluğa düçar olsa da, kreslosundan əl çəkmək istəməyib. Bizdə istefa mədəniyyəti formalaşmayıb.

-Nə zamandan partiyadasız?

-2009-cu ildən partiyada olmuşam, ilk gündən də müavin idim.

-Bu irad və narazılıqlarınızı Əli Kərimli ilə təkbətək söhbətlərinizdə onun özünə çatdırmısızmı?

-Biz onunla dəfələrlə bu uğursuzluğu müzakirə etmişik. Hətta bizim Rəyasət Heyətində də bu məsələlər müzakirə olunub. Əli Kərimli iclaslardan birində qəti şəkildə ortaya mövqe qoydu ki, mən 2015-ci il parlament seçkilərindən sonra siyasətdən getmək fikrindədir. Mən təbii ki, bunu da bir şantaj kimi qiymətləndirdim. Yəni, üzvlərinə “daha çox işləməliyik, seçkilərdə qalib gəlməliyik, o halda qalıb işləyə bilərəm”, fikrini diqtə etmək üçün edilmiş bir blef idi. Bayaqkı sualınıza qayıdım ki, insanlar niyə Əli Kərimlinin yanından gedirdilər. Birincisi, Əli Kərimlinin uğursuz siyasəti. İnsanlar uğursuz adamın yanında qalmaq istəmirlər. İkincisi, AXCP-də ancaq və ancaq digər siyasi qruplara, öz müttəfiqlərinə qarşı intriqanın qurulması, onların sıradan çıxarılmasına yönəlik addımları sıravi cəbhəçilər görüblər.

-Amma partiyadan çıxmadan öncə uzunmüddətli susqunluq dövrünüz vardı. Sizi arayan jurnalistlərə “danışsam partiya məni cəzalandıra bilər” deyə açıqlama da vermirdiz...

- Düzdür, bir zamanlar mənə partiyada irad oldu ki, mediada Əli Kərimlidən daha çox görünürsən. Konkret rəhbərlik tərəfindən. Rəyasət Heyətində bu məsələ müzakirə olundu. Müzakirə konkret mənim və Fuad Qəhrəmanlının üzərində quruldu. Fuad bəy də həmin ərəfədə media orqanlarına çoxlu müsahibələr verirdi. Əli Kərimlinin cızdığı konturlara görə, hakimiyyətyönlü media orqanlarına heç bir halda müsahibə vermək olmazdı.

-Bəs “Yeni Müsavat”a qadağa vardı?

-Çox ciddi qadağa vardı. Mən orda olandan “Yeni Müsavat”a qadağanı gördüm.

-Bir ara İctimai Palata dövründə bu qadağa səngimişdi, sanki. Çünki özü də danışırdı...

-Bəli, İctimai Palata dönəmində bəzi məsələlər razılaşdırıldı və yumşaldıldı. Amma prinsip bu idi ki, “Yeni Müsavat”dan uzaq dursanız daha yaxşıdır. Hər dəfə də bunu deyirdilər ki, “Azadlıq” qəzetimiz, facebook səhifəmiz var, sözümüzü ordan deyə bilərik. Amma əfsuslar olsun ki, “Azadlıq” qəzeti bir neçə nəfərin məngənəsində idi. Əli Kərimli təbliğ olunurdu, AXCP-dən kənar, amma Əli Kərimliyə tərif demək istəyənlər və ona xoş münasibət göstərənlərə yer ayrılırdı. O cəhətdən siyasətçi meydandadırsa, öz sözünü bütün tribunalarda demək istəyir. Mənə qadağa qoyuldu və mənim üstümə o qədər gəldilər. Əli Kərimli bir neçə dəfə mənə zəng etdi ki, ““Yeni Müsavat”da sənin müsahibən gedib, başlıq xoşagəlməzdir, onlara denən, başlığı dəyişdirsinlər”. Qafqazinfo.az saytı ilə bağlı da belə şey olmuşdu, Elbrus Əruddan xahiş edib, yazıda sonradan dəyişiklik etdim. Elbrus da şahidlik edə bilər. Ondan sonra mən bezdim və mediadan kənarda qaldım. Mən düşünürdüm ki, partiyanı dəyişmək üçün bir yol tapmaq olar. İşləyirdik, cəbhəçilərlə danışırdıq. Əli Kərimlini yumşaltmaq üçün yollar axtarırdıq. Çünki bu halda uçuruma doğru gedirdik. Uğursuzluq və yanımızda heç kim qalmayacaqdı... Əfsus ki, bu xətti dəyişməyə nail olmadıq. Sonunda artıq məlum hadisələr baş verdi.

-Amma başqa bir maraqlı tendensiya da ondan ibarətdir ki, siz AXCP-dən istefa vermisiz, rəhbərliyə etiraz edirsiz. Əvəzində isə qınaqlar “Yeni Müsavat”a yönəldilir. 6 il Əli Kərimliyə müavin olan Razi Nurullayev qalıb, qıraqda, hücumlar daha çox “Yeni Müsavat”a olur. Məsələn, Fuad Qəhrəmanlı deyib ki, partiyadan çıxan hər üzvə görə “Yeni Müsavat”a pul ödənilir...

-Onun bu cür qeyri-ciddi, qeyri-standart yanaşması gülüş doğurur. Çünki o, məsələyə öz prizmasından yanaşır və bu, şantajdır. Mən hər hansı mediaya görə heç bir pul almamışam. “Yeni Müsavat”a bir qəpik pul verməmişəm. Sadəcə “Yeni Müsavat” bizim xəbərlərimizi təmənnasız və media prinsiplərinə görə yayımlayıb. Bu məsələ bizim gündəmimizdə, leksikonumuzda olmayıb.

-Niyə 6 il ona müavin olmuş birisinin özünə qarşı fəaliyyətinə “Yeni Müsavat” da qatılır? Bu məsələni böyütmək istəyirlər, ya kiçiltmək? Nə var bunun arxasında?

-Azərbaycanda əvvəl mən bir qəzet almaq lazım idisə, “Yeni Müsavat” alırdım. İkinci qəzet lazım olanda “Azadlıq”ı, üçüncü qəzet lazım olanda isə “Bizim yol”u alırdım. İnternetə girəndə də day.az və musavat.com-u oxumuşam. “Yeni Müsavat”da xəbər veriləndə bu, ictimai rəyə daha çox təsir edir. Ona görə də bu mövqe, qəzetə qarşı bu hücum eyni zamanda “Yeni Müsavat”ın gücü ilə barışmamaqdır.

-Axı AXCP-nin və Əli Kərimlinin əlində “Azadlıq” qəzeti də vardı. Niyə ondan istədikləri gücdə rupor yarada bilmədilər?

-Hər zaman “Azadlıq” qəzetində işləyən şəxslər mənə deyirdilər ki, qəzeti Əli Kərimli idarə edir. Hər bir başlıqla bağlı zəng edir, düzəliş verir, dəyişdirir. “Azadlıq” qəzeti Əli Kərimlinin iradəsi olmadan bir sətir də yaza bilməz. Təbii ki, qəzetin maliyyəsinə də o, nəzarət edir, yazılarına, köşələrinə, admininə də. Hətta hansı yazının sosial şəbəkədə necə paylaşılmasını da o müəyyənləşdirir. Baş redaktor kimi işləyir...

-Bəs qəzetin maliyyəsi?

-Mənimçün hər zaman ağrılı olub bu məsələ. Elə insanlar olub ki, özünün nişan üzünüyü satıb, “Azadlıq” qəzetinə yardım edib. Mən dəfələrlə deyirdim ki, bu yazıq cəbhəçilər qəzetə yardım edir. Heç olmasa hər dəfə bir rayondan yazmaq lazımdır. Amma onların başqa xətti vardı – daim mərkəzdə Əli Kərimli.... Hətta Əli Kərimlinin Elçibəyi zəhərləməsi ilə bağlı məlum iddia vardı. O zaman Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyevdən müsahibə alınmışdı. Müsahibədən sonra Əli Əliyev mənə zəng etdi. Dedi ki, neçə ildir, biz Azadlıq Blokunda birgə mübarizə apardıq, daim Kərimlini qabağa verdik, onun təbliğatını apardıq. Amma bir dəfə də olsun bizim xahişimizə müsbət cavab verilmədi, mənim adım o qəzetdə getmədi. Halbuki indi mənim bu məsələdə Əli Kərimlini müdafiəmə ehtiyac oldu, bir səhifə yer verdilər. Nə dərəcədə ədalətlidir?
Qəzetə əvvəllər KİVDF-dən yardımlar olurdu. Sonra bir dəfə Avropa Demokratiya Fondu borclarını ödəmişdi. 70 min avro idi səhv etmirəmsə. Qəzetin bütün kənar maliyyəsini isə Əli Kərimli təşkil edir. Lazımi məqamlarda elə anlar olub ki, Rahim Hacıyevi təlimatlandırır.

-Bir sıra nazirlərdən, komitə sədrlərindən rüşvət alıb, onların adının 1 il qəzetdə çəkilməməsi ilə bağlı iddialar var...

-Artıq bu faktdır ki, “Azadlıq” qəzetində adına veto qoyulan nazirlər var, onlara toxunmaq olmaz. Zamanında da nazirlər, komitə rəhbərləri, şöbə müdirləri, hətta polis rəisləri olub. Pul verilib – 20-30-50 min verilib, onlar barədə qəzetdə heç bir yazı getməyib.

-Bəs kollektivin durumu niyə hər zaman ağırdır? Qəzetə gələn maliyyədən redaksiyaya çatmayıbmı?