Zərifə Əliyeva adına Park artıq dağıdılıb: Sakinlər etiraz edirlər » Memur.az

Zərifə Əliyeva adına Park artıq dağıdılıb: Sakinlər etiraz edirlər

Zərifə Əliyeva adına Park artıq dağıdılıb: Sakinlər etiraz edirlər

Səbail rayonunun Badamdar qəsəbəsinin sakinləri Zərifə Əliyeva adına Parkdakı vəziyyətdən narazıdırlar. Parkda uzun illərdir ki, abadlıq işlərinin aparılacağı deyilir. Lakin illər keçsə də, bu vəd hələ də yerinə yetirilməyib.

İndi isə park iki hissəyə bölünüb. Bir hissəsində “Azərsu” ASC tərəfindən iş aparılır, digər hissəsi isə yaşayış binasının tikilməsi üçün naməlum tikinti şirkətinə verilib.

Narazı sakinlər musavat.com-a bildiriblər ki, onların istirahəti üçün nəzərdə tutulan parkın bu vəziyyətə salınması özbaşınalıqdır. Bir neçə il əvvəl təmirsiz parkın böyük hissəsi tikinti şirkətlərindən birinə satılıb. Burada yaşayış binasının tikintisi nəzərdə tutulub.

Lakin bir qrup sakinin narazılığından sonra tikinti prosesi dayandırılıb. Park isə tamamilə yarasız vəziyyətə salınıb. İndi bu park əsasən küçə heyvanlarının sığınacağına çevirilib.

Tikintinin dayanmasından sonra sakinlər ümid ediblər ki, park yenidən təmir olunacaq və onların istifadəsinə veriləcək. Lakin onların bu ümidləri özünü doğrultmayıb.

İndi isə “Azərsu” ASC-nin parkın qalan hissəsini hasara alması və qazıntı işləri aparması sakinləri yenidən narahat edir. Onlar parkın qalan hissəsinin də zəbt edilməsindən narahatdırlar və parkın birdəfəlik onların əlindən alındığını düşünürlər.

Hazırda parkın hasara alınan hissəsində “Azərsu” ASC tərəfindən məlumat lövhəsi asılıb. Həmin lövhədə görülən işlə bağlı verilən məlumatda qeyd edilir: “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin tikintisi”. Məlumat lövhəsində işlərin 2016-cı ilin mart ayında başa çatacağı yazılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı musavat.com-a açıqlamasında bildirdi ki, su və kanalizasiya xətti çəkildikdən sonra parkın ərazisi olduğu kimi saxlanılacaq. Yəni sakinlərin narazılığına heç bir əsas yoxdur. Su və kanalizasiya xətti çəkildikdən sonra qazıntıların üstü örtüləcək. Və “Azərsu” ASC tərəfindən əlavə heç bir tikinti işi aparılmayacaq.

Parkın gələcək taleyi ilə da maraqlandıq. Parkın yenidən təmir edilib-edilməyəcəyi ilə bağlı məlumat əldə etmək üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmək istədik. Lakin gün ərzində Səbail Rayon İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verən olmadı.

Badamdar Bələdiyyəsindən isə musavart.com-a sakinləri ümidləndirəcək bir açıqlama verildi. Bələdiyyədən bildirildi ki, Zərifə Əliyeva adına Parkın yenidən təmir edilərək, vətəndaşların istifadəsinə verilməsi planlaşdırılıb. Amma bu işlərin nə zaman görüləcəyi haqda isə dəqiq vaxt məlum deyil.