Tarix : 25-04-2022, 12:40 | Bölmə: musahibe

Yevgeniya Qaber: “Bakıda danışıqlar meydançasının təşkili variantı nəzərdən keçirilə bilər”“Məncə Ukrayna ilə Rusiya arasındakı danışıqlar platformasının Bakıda keçirilməsi variantı nəzərdən keçirilə bilər. Lakin sual ondan ibarətdir ki, Rusiya bununla razılaşacaqmı?”.

Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Kartlon universitetində (Kanada) Müasir Türkiyə Araşdırmaları Mərkəzinin analitiki, Ukraynanın Türkiyədəki səfirliyinin keçmiş diplomatı Yevgeni Qaber deyib.

Qeyd edək ki, rəsmi Bakı Rusiya-Ukrayna danışıqları üçün öz meydançasını təqdim etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyası ilə danışıqlarda vasitəçi olmağa hazır olduqlarını bildirib.

Sözügedən məsələnin şərhinin davamında Yevgeni Qaber xatırladıb ki, Ukrayna istənilən neytral ərazidə, o cümlədən Türkiyə və Azərbaycanda danışıqlara hazırdır:

“Hələ müharibədən əvvəl Kiyev bunu sübut edib, müharibədən əvvəl işğalın qarşısını almaq üçün danışıqlar masasına oturmağa hazır olduqlarını bildirmişdilər. Görünür, Rusiya tərəfi buna hazır olmayıb. Amma əsas sual harada müzakirə etmək yox, nəyi müzakirə etməkdir?

Danışıqlar dalana dirənib və indiki mərhələdə heç bir tərəf fundamental güzəştə getməyə hazır deyil. Bu, ilk növbədə ərazi bütövlüyünə aiddir - Ukrayna öz ərazisinin heç bir hissəsindən, o cümlədən Krımdan imtina etməyəcək. Elə məqamlar var ki, siyasi müzakirə predmeti ola bilməz, çünki onlar artıq beynəlxalq hüquqla tənzimlənib. Ukraynanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyü SSRİ-nin dağılmasından sonra təsdiqlənmişdir, biz bu məsələni müzakirə edə bilmərik, əks halda sərhədlərin toxunulmazlığı prinsipinin özünü şübhə altına alacağıq. Eyni şey müharibə cinayətlərinə də aiddir. Bütün bu zorakılıqlardan, işgəncələrdən, dinc əhalinin öldürülməsindən sonra biz presedent yaratmayacağıq, hərbi cinayətkarları təqib etməkdən imtina etməyəcəyik.

Ukrayna döyüş meydanında qalib gələndən sonra biz Rusiyanı danışıqlar masasına oturmağa məcbur edə bilərik. Ona görə də Ukraynaya daha çox silahın verilməsi eskalasiya üçün deyil, əksinə gərginliyin azaldılması üçündür. Rusiya öz məqsədlərinə hərbi yolla nail ola bilməyəcəyini görməyincə, predmetli danışıqlar olmayacaq?”.

Oxşar xəbərlər