Tarix : 30-12-2021, 14:43 | Bölmə: musahibe

Sülh və barışıq qaçılmazdır: “Paşinyanın çıxış yolu yoxdur” - ŞƏRHAzərbaycan və Ermənistan dövlət başçılarının Soçi və Brüssel görüşündən sonra post-münaqişə dövrü ilə bağlı bəzi maraqlı məqamlar diqqəti çəkir. Belə ki, Ermənistanın Baş naziri Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib və hətta bu məsələnin onun hakimiyyətə gəlişinə qədər həll olunduğunu deyib. Nikol Paşinyan 2016-cı ildə, Aprel savaşından sonra Minsk Qrupunun münaqişənin həlli ilə bağlı təkliflərini dəyişdiyini, Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması qarşılığında heç bir şərt qoyulmadığını bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu bundan sonra BMT-nin nəzarətinə qaytarılacaqdı. BMT isə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Yəni heç bir “müstəqillikdən” söhbət gedə bilməzdi. Görəsən, Paşinyanın bu etirafı nəyə hesablanıb?

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, əslində, Paşinyan bunu çoxdan anlayır və hələ hakimiyyətə təzə gələndə iki dəfə - Düşənbə və Sankt-Peterburqda Prezident İlham Əliyevlə çaparaq söhbəti olmuşdu:

“O, həmin vaxt Qarabağ məsələsini həll etmək üçün möhlət istəmişdi. Sadəcə “şeytan yuvası”nda olduğuna görə, ətrafı - radikal qruplar, qüvvələr, siyasi partiyalar buna imkan vermirdilər. Paşinyan təkbaşına belə bir addım ata bilmirdi. Sonra gördü ki, daha o yükü daşıya bilmir, qayıdıb dedi ki, “Qarabağ Ermənistandır”. Ona görə də, müharibə qaçılmaz oldu. Belə başa düşürəm ki, indiki şəraitdə o, cəmiyyəti, ətrafını bu prosesə hazırlayır. Paşinyan onlara başa salmaq istəyir ki, bizim qarşıdurmaya gücümüz yoxdur və ancaq Ermənistanı düşünməliyik”.Politoloq qeyd etdi ki, bu etirafdan sonra Qarabağda qalmış bir yığın terrorçu Paşinyana meydan oxumağa çalışır: “Belə anlaşılır ki, onlar ya qəflət yuxusundadırlar, ya da özlərini avantüristliyə vurublar. Belə bir məqamda Koçaryan bəyanat verərək deyir ki, delimitasiyanın gündəmə gəlməsi bizə lazım deyil, çıxış yolu kimi bundan imtina edək. Koçaryan anlamır ki, artıq proseslərin, ümumiyyətlə, oyunun qaydalarını daha Ermənistan yox, Azərbaycan həll edir. Çünki qalib dövlət Azərbaycandır. Paşinyan bu reallığı qəbul edir və vaxtaşırı konstruktiv fikirlər səsləndirir. Amma o da bəllidir ki, Ermənistanın daxilindəki vəziyyətə kənar müdaxilə daim olub. O cümlədən diaspor və kilsə tərəfindən. Bu qüvvələr hərc-mərclik yaratmaqla çalışırlar ki, Ermənistan Azərbaycan və Türkiyə ilə həmişə savaş vəziyyətində olsun”.

T.Abbasovun sözlərinə görə, Paşinyan indiki proseslərdə öz taktikasını elə bir tərzdə həyata keçirməlidir ki, onun hökuməti iş qabiliyyətini nümayiş etdirə bilsin: “Burada söhbət həm də demarkasiya, delimitasiyadan gedir. Təbii ki, indiki halda Paşinyanın çıxış yolu yoxdur. Prezident İlham Əliyev də vurğulayıb ki, bizim üçün Qarabağ məsələsi yoxdur, bu, artıq keçmişdə qalan məsələdir və heç bir statusdan söhbət gedə bilməz. Ona görə də, Paşinyan gözəl başa düşür ki, çıxış yolu yalnız barışıqdan, kommunikasiyaların açılmasından və sülh müqaviləsinin bağlanmasından gedir. Bu proses tez ərsəyə gəlməyəcək, amma qaçılmazdır. İndiki halda bu, Ermənistanın daxili vəziyyətindən asılıdır”.Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və Qarabağla bağlı verdiyi açıqlamalar xüsusi önəm kəsb edir: “Çünki 30 il ərzində Ermənistan rəhbərliyi anneksiya və işğal siyasəti yürüdərək Azərbaycan ərazilərinin qaytarılmaması siyasətini aparıb. Amma İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqlar formalaşdı. Nikol Paşinyanın da qarşısında duran əsas məsələ ölkəsini iqtisadi blokadadan çıxarmaq, Türkiyə və Azərbaycanla kommunikasiya əlaqələrini bərpa edib Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirməkdir. Deməli, 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və Soçi bəyannaməsi, həmçinin Brüssel görüşlərində əldə edilən razılaşmalara əməl edilməlidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Paşinyan yaxşı bilir ki, Qarabağ məsələsini növbəti mərhələdə gündəliyə gətirərsə, nə Türkiyə, nə də Azərbaycanla əlaqələrin qurulması baş verməyəcək. Demək olar ki, Ermənistan iqtisadi blokadada qalacaq”.

M.Əsədullazadə vurğuladı ki, Nikol Paşinyan beynəlxalq hüquqdan əlavə bir söz demir: “O, beynəlxalq təşkilatların, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dilə gətirir və onu qəbul edir. BMT TŞ-nin qətnamələrində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir, həmçinin, münaqişənin yekun həllinin Azərbaycan konstitusiyasına uyğun olması vurğulanır. Belə deyək ki, sadəcə olaraq Paşinyan reallıqları qəbul edir və hüququn Azərbaycanın yanında olduğunu dilə gətirir. Qarabağ münaqişəsi bitib, bunu bilən Paşinyan artıq ermənilərin reinteqrasiyasının tərəfdarıdır. Bu səbəbdən də o, praqmatik siyasət ortaya qoymağa məcburdur”.

Oxşar xəbərlər