İslam Kərimov: “Avtomatımın üstündə “Neftçi” şəkli vardı, oğlum da “Neftçilər” xəstəxanasında doğulub” » Memur.az

İslam Kərimov: “Avtomatımın üstündə “Neftçi” şəkli vardı, oğlum da “Neftçilər” xəstəxanasında doğulub”

İslam Kərimov: “Avtomatımın üstündə “Neftçi” şəkli vardı, oğlum da “Neftçilər” xəstəxanasında doğulub”“Bu gün U-11 komandamızın oyunu var. “Sumqayıt”la qarşılaşacağıq. Hətta heç-heçə də etsək, Valeri Hacıyevin xatirə turnirinin finalına vəsiqə qazanacağıq. Buna görə də ad günümü futbol meydançasında qeyd edəcəyəm”.

Oxu.Az xəbər verir ki, bunu bu gün 53 yaşını qeyd edən “Neftçi”nin 9-11 yaşlı futbolçulardan ibarət komandalarını çalışdıran İslam Kərimov deyib.

28 ildir ki, “Neftçi”də çalışan məşqçi indiyədək ən yaddaqalan doğum günü haqda bunları bildirib: 

“2001-ci ildəki doğum günüm ən yaddaqalan olub. 35 yaşımın tamam olması münasibətilə “Ruslan-93”də keçirilən tədbirə Azərbaycan futbol ictimaiyyətinin bütün məşhur simaları, klub rəhbərləri, baş məşqçilər, veteran futbolçular toplaşmışdı.

Məhz həmin gün Azərbaycanın U-17 milli komandasına baş məşqçi təyin olunmuşdum... Yetişdirdiyim futbolçularımın mənim üçün ən böyük hədiyyəsi milli komandada oynamaları olardı. Mənim şah əsərim Kamran Ağayevdir, Araz Abdullayevdir. Kamranı Bakıya Dəvəçidən (indiki Şabran – red.) gətirmişdim”.

2010-cu ildən Azərbaycanın Əməkdar məşqçisi olan İslam Kərimov titullarının hansının əziz olmasından danışıb:

“Mənim üçün ən əziz mükafat Qarabağ uğrunda müharibədə iştirak etdiyim üçün aldığım müharibə veteranı mükafatıdır. Vətəndaşlıq borcumu yerinə yetirmişəm. Həm də müharibəyə “Neftçi”dən getmişəm.

1992-ci il fevralın 26-sı Xocalı hadisələri baş verəndən sonra, daha dəqiqi, martın 1-i klub prezidenti Aydın İbrahimova ərizə ilə müraciət edərək, könüllü olaraq cəbhəyə yollanmışam. Artıq martın 6-sı Ağdamda döyüşürdüm. Bir il sonra yenidən “Neftçi”yə qayıtmışam. Ali Baş Komandan bu gün göstəriş versə, yenə cəbhəyə gedərəm.

“Neftçi” mənim həyatımdır. Özümü “Neftçi”siz təsəvvür etmirəm. Məşqçi kimi yalnız iki komandanın – “Neftçi”nin və millinin formasını geyinmişəm. “Neftçi”yə sadiq olmuşam, həmişə bu kluba sədaqətlə xidmət etmişəm.

“Neftçi”li olmağımla qürur duyuram. Bütün klublardan dəvət almışam, amma “Neftçi”dən başqa heç bir klubda çalışmamışam. Hətta elə klub olub ki, məni əvəzedici komandaya baş məşqçi götürmək istəyib, getməmişəm.

Heç vaxt “Neftçi”ni başqa kluba dəyişməmişəm. Müharibə zamanı avtomatımın üstündə “Neftçi” şəkli var idi. Hətta oğlum Fuad da “Neftçilər” xəstəxanasında dünyaya gəlib (gülür)”.