Hindistanın məşhur rejissoru Azərbaycanda film çəkəcək » Memur.az

Hindistanın məşhur rejissoru Azərbaycanda film çəkəcək

Hindistanın məşhur rejissoru Azərbaycanda film çəkəcək

Hindistanın tanınmış rejissoru Priyadarşan Bakıda film çəkəcək. Lent.az-ın məlumatına görə, bu barədə tanınmış rejissorun özü bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə məlumat verib. O bildirib ki, filmdə azərbaycanlı aktyorlar - xalq artistləri Amaliya Pənahova, Rasim Balayev, Həmidə Ömərova və əməkdar artist Fizuli Hüseynov rol alacaqlar.

Daha sonra aktrisa A.Pənahova öz təəssüratlarını bölüşüb: “İstərdim ki, giriş sözümü bir xatırlatma ilə başlayım. Bu gün Laçının işğalı günüdür. İstərdim ki, 1 dəqiqəlik sükutla şəhidlərimizi yad edək".

Aktrisa daha sonra rol alacağı filmlə bağlı fikirlərini bölüşüb: “Onu deyim ki, bu film dünya standartlarına uyğun çəkiləcək. Onu vurğulamaq istərdim ki, Azərbaycanda çox seriyalı filmlərin çəkilməsi üçün ölkə başçısı və xanımı səy göstərir. Sözügedən ekran işi də onların dəstəyi ilə reallaşacaq. Hindistana hər zaman rəğbətimiz olub. Uşaqlığımız bu filmlərlə keçib. Düşünürəm ki, yaxşı bir iş ərsəyə gələcək”.


Onu da əlavə edək ki, triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohonlal, həmçinin, Aparna Nair və Sabu Siril də çəkiləcəklər.

Çəkilişlər Bakıda, həmçinin, Azərbaycanın müxtəlif regionlarında aparılacaq. Sözügedən ekran işinin çəkilməsində məqsəd Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş informasiya ötürməkdir. Sözügdən filmin ərsəyə gəlməsi üçün Hindistanın “Ful House” kino şirkəti Azərbaycanın “MR – Pictures Pro” və “Amal Film Production” la müqavilə imzalayıb.

Qeyd edək ki, rejissor Priyadarşanın filmoqrafiyası olduqca zəngindir. O, Bollivud tarixində 2-ci ən çox film çəkən rejissordur. “Kanchivaram” ekran işinə görə Hindistanın prezidenti tərəfindən iki dəfə ölkənin milli mükafatına layiq görülüb. Film sahəsindəki xidmətlərinə görə ölkəsinin müxtəlif ali mükafatlarını alan rejissor, həm də dövlət tərəfindən təsis edilən mülki “PADMASHRI” mükafatı ilə təltif olunub. Priyadarşan bununla yanaşı, müxtəlif ölkələrdə 168-dən çox reklam çarxı çəkib.