Bakıda Beynəlxalq İnformatika Olimpiadası başlayır » Memur.az

Bakıda Beynəlxalq İnformatika Olimpiadası başlayır

Bakıda Beynəlxalq İnformatika Olimpiadası başlayırSabahdan Bakıda “IOI 2019” Beynəlxalq İnformatika Olimpiadası başlayacaq.

Oxu.Az xəbər verir ki, avqustun 11-nə qədər davam edəcək olimpiadada 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspert iştirak edəcək.

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi 4 nəfərdən ibarət komanda təmsil edəcək. Komanda iştirakçılarımız olimpiada barədə öz təəssüratlarını bölüşüblər.

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Murad Eynizadə üç ildir bu olimpiadaya hazırlaşdığını deyir:

“Olimpiadaya hazırlaşmazdan əvvəl öz məktəbimizdə respublika informatika olimpiadasında iştirak etmişəm. Daha sonra Təhsil Nazirliyi tərəfindən təşkil edilən təlim məşğələlərinə qatılmışam. Bu məşğələlərdə bizə yerli müəllimlərlə yanaşı, xarici mütəxəssislər də təlimlər keçirdi. Ötən il bu olimpiadaya qatılsam da, sistemlə tanış olmadığım üçün yer tuta bilməmişdim. Artıq ötən il qazandığım təcrübə ilə bu il olimpiadadan daha yaxşı nəticələr əldə etməyə çalışacağam”.

M.Eynizadə bildirib ki, hər kəs kimi o da birinci yeri qazanmaq istəyir:

“Ümumilikdə mənim üçün medal növünün fərqi yoxdur, amma əlimdən gələni edəcəyəm ki, ən azı gümüş medalın sahibi olum. Bu olimpiadada rəqiblərimiz çox güclüdür. ABŞ, Çin və Rusiyadan qatılan iştirakçıları güclü hesab edirəm. Ona görə ki, həmin ölkələrdə İT sahəsi yüksək inkişaf edib”.

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi İbrahim Tağızadə isə bu olimpiadaya iki ilə yaxındır hazırlaşdığını deyir:

“Tədris ili ərzində dərslərimiz çox olduğundan yalnız 3-4 saatımızı olimpiadaya hazırlıqlara ayıra bilirdik. Həftəsonları isə demək olar ki, günün yarısını hazırlıqlara sərf edirdik. Tətil müddətində təşkil edilən kamplara qatılırdıq. Biz daim təkrarlara üstünlük verirdik. Çünki bir müddət sonra öyrəndiklərimiz yadımızdan çıxırdı”.

O, builki olimpiadanın məhz Azərbaycanda keçirilməsinni üstünlük hesab edir:

“Rəqiblərimiz güclü olduğu üçün iddialarım o qədər də böyük deyil. Lakin yenə də medal qazanmaq üçün var gücümlə çalışacağam. Ümid edirəm ki, heç olmasa, bürünc medal qazana biləcəyəm”.

Daha bir təmsilçimiz Abutalıb Namazov da Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdidir.

Digərlərindən fərqli olaraq, o, bu olimpiadalara artıq üçüncü dəfədir qatılır:

“Hazırlıq prosesi olduqca ciddi aparılır. Bu, uğurlu nailiyyət əldə etmək üçün şərtdir. Çünki bura 90-a yaxın ölkənin informatika sahəsi üzrə ən güclü şagirdləri qatılır. Beynəlxalq əhəmiyyətli olimpiada olduğuna görə bizim üçün burada iştirak etmək çox mühümdür. Düşünürəm ki, hazırlıq prosesi yaxşı keçib. Ümid edirəm ki, bu il bizim komanda yüksək nəticələrdən birini qazanacaq. Mənim hədəfim gümüş medala sahib olmaqdır. Halbuki keçən il də medal qazanmaq şansım olub, sadəcə kiçik fərqlə medalı əldən vermişəm. Burada komanda oyunundan çox, şagirdin öz bilik və bacarıqları önəmlidir”.

Daha bir təmsilçimiz akademik Zərifə Əliyeva adına liseyin məzunu Fərhad Əzimovdur. O, bu il həm ali məktəbə, həm də olimpiadaya hazırlaşdığını deyir:

“Məzun olduğum üçün olimpiadaya hazırlaşmağım çətin oldu. Çünki eyni vaxtda ali məktəbə də hazırlaşırdım. Yenə də əlimdən gələni etdim. Olimpiadaya qatılmağımda müəllimlərin dəstəyi çox olub. Öz məktəbimizdə keçirilən təlim məşğələlərində iştirak etmişəm. Ardınca bir il özüm də hazırlaşdım. Yarışda rəqib olaraq Çin və Rusiya komandasının iştirakçılarını görürəm. Çünki onlarda bu sahə üzrə proqramlaşdırma daha yüksək səviyyəlidir”.