İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb » Memur.az

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssam Rəşad Nurinin fərdi rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbulda sənətin mərkəzi səmtlərindən olan Təşvikiyyədəki “Niş” qalereyasında açılmış sərgiyə Türkiyənin sənət ictimaiyyəti və mediası yaxın diqqət göstərib. Sərgidə sənətkarın fiqur və peyzaj janrlarında işlədiyi yağlıboya tabloları nümayiş etdirilir. Dünya rəsm sənətinin Pablo Picasso, Henry Matiss, İvan Lubennikov kimi ustalarından pozitiv mənada təsirlənən rəssam Rəşad Nurinin tablolarında Azərbaycanın avanqard rəsm sənətinin davamı mahiyyətindəki vurğular ön plana çıxıb.

Rəşad Nurinin fərdi sərgisinin açılış mərasimində APA-ya açıqlama verən “Niş” qalereyasının sahibi Nihat Tokat deyib: “Bundan əvvəl də azərbaycanlı rəssamlarla işləmişdim, ona görə Rəşad Nurinin fərdi sərgisinin açılışına dair təklif gələndə qətiyyən tərəddüd etmədim. Qalareyaçılığın ən önəmli cəhəti eyni rəssamla uzun müddət əməkdaşlıq edə bilməkdir ki, mən də Rəşad bəylə bu cür əməkdaşlıq etməyimizi arzulayıram. Sərginin Türkiyə və Azərbaycan mədəniyyəti baxımından ən önəmli cəhətlərindən biri də onun milli lider Heydər Əliyevin anadan olduğu həftədə keçirilən tədbirlər çərçivəsinə daxil olmasıdır. Mərhum Heydər Əliyevin vurğuladığı kimi, biz bir millət, iki dövlətik. Ona görə də sənət sahəsindəki əlaqələrimizi maksimum dərəcədə yaxınlaşdırıb inteqrasiya etməliyik”.

Qeyd edək ki, 1980-ci ildə Bakıda anadan olmuş Rəşad Nuri, 2005-ci ildə Dövlət Rəssamlıq Akademiyasını bitirib. Azərbaycan Rəssamlar Birliyinin üzvü olan Rəşad Nuri, yaradıcılıq işlərinə İstanbulda davam edir.