“Bir axşam taksidən düşüb payıza...” » Memur.az

“Bir axşam taksidən düşüb payıza...”

“Bir axşam taksidən düşüb payıza...”


Görkəmli bəstəkar, xalq artisti Emin Sabitoğlu ilə bizi 17 illik zaman məsafəsi ayırır. Yaşasaydı, bu il ömrünün 80-ci payızı tamam olacaqdı... Amma biz bu yubileyi qeyd edirik. Özü aramızda olmasa da...

Memur.Az xəbər verir ki, AZƏRTAC-ın müxbiri Emin Sabitoğlu yaradıcılığına üz tutub. Qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini müəllimi, professor Ceyran Mahmudova ilə birlikdə...

- "Bir axşam taksidən düşüb payıza..." Onun mahnılarında payız ovqatı hiss olunur...

- Əlbəttə, payız Emin müəllimin sevdiyi fəsil idi. Payızda doğulub, payızda dünyasını dəyişib. "Gün keçdi" filmində səslənən mahnını yazanda, təbii ki, həmin mahnının bir növ onun həyat leytmotivinə çevriləcəyi özünün də ağlına gəlməzdi. Görünür, təsadüflər zərurətdən, zərurətlər təsadüfdən doğulur. Ancaq doğrudan da payız fəslinin onun yaradıcılığında özünəməxsus yeri var.

- Sizcə, bu gün onun bəstələrinin yerini dolduran musiqilər varmı?

- Belə bir deyim var ki, əvəzolunmaz insan yoxdur, əvəzi olmayan insan var. Azərbaycan bəstəkarlıq məktəbi dahi Üzeyir Hacıbəyli ənənələrinə söykənir. Həmin məktəbin klassik ənənələrindən bəhrələnən böyük musiqiçilər nəsli yetişib və musiqi xəzinəmizə qiymətli əsərlər bəxş ediblər. Bu mənada müqayisə aparmaq düzgün deyil, çünki çəməndə hər çiçəyin əz ətri olduğu kimi, onların da hər birinin öz yeri var. Bir çiçək digərinin ətrini verə bilərmi? Kimi klassik musiqiyə, kimi opera, kimi estrada musiqisinə üstünlük verir. Janrlar və zövqlər müxtəlifdir. Emin Sabitoğlu bəstəkar kimi müxtəlif musiqi janrlarında əsərlər yazıb və hamı da görür ki, həmin əsərlərin ömrünü zaman müəyyən edib. İndi yeni nəsil həmin janrlara yeni şəraitə və öz zövqünə, istedad və bacarığına uyğun şəkildə yanaşır. Lakin necə yanaşır, necə işləyir, bunu əlbəttə ki, yenə də zaman göstərəcək.

Məsələn, sovet dövründə çoxlu filmlər çəkilir və həmin filmlərə musiqilər yazılırdı. Ona görə də həmin dövrdə kino musiqisi yazmaq üçün bəstəkarlara daha geniş imkanlar var idi. İndi çəkilən filmlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. İndi zaman da, dövr də, musiqiyə qoyulan tələblər də dəyişib. Ümumiyyətlə, ötən əsrin 50-ci illərdən 80-ci illərin ortalarınadək Azərbaycan incəsənətinin "qızıl dövrü" hesab etmək olar. 80-ci illərin axırları 90-cı illərin əvvəllərində xalqımızın başına gələn hadisələr Azərbaycan incəsənətinə, musiqisinə öz təsirini göstərdi. İndi şükürlər olsun ki, bu gün ölkə rəhbərliyi tərəfindən incəsənətə yüksək qiymət verilir. Bəlkə də dünyanın heç bir ölkəsində mədəniyyət və incəsənət xadimləri bu qədər diqqət və qayğı ilə əhatə olunmayıblar. Ölkəmizdə incəsənət xadimlərinə təqaüd verilir, mənzil şəraiti yaxşılaşdırılır, festivallar keçirilir. Ona görə də həmin böhranlı dövrdən sonra bəstəkarlıq ənənələri yenidən dirçəlməyə başlayıb. Yeni nəsil gənc bəstəkarlar yetişir, onların arasında Avropa və Amerikada musiqi təhsili alanlar var. Ümid etmək olar ki, onlar bəstəkarlıq məktəbində davam edən varislik ənənələrini qoruyub saxlayacaq və inkişaf etdirəcəklər. Bu gün kinofilmdən daha çox teleseriala tələbat var. Eynən kinoda olduğu kimi, musiqinin də bəzi janrları var ki, onlara tələbat çoxdur. Təəssüf ki, indi qeyri-peşəkarların sayı da artıb, təhsili olmayan, ancaq bu sahədə "peyda olan" və özlərini bəstəkar adlandıranlar var. Bəstəkarlıq bir-iki mahnı qurub-qoşmaqla olan iş deyil axı? Bunlar, əlbəttə ki, narahatlıq doğurur.

- Siz özünüz peşəkar musiqiçi kimi Emin Sabitoğlunun Azərbaycan musiqisində yerini necə görürsünüz?

- Emin Sabitoğlu nə az, nə çox, 22 tammetrajlı bədii filmə musiqi yazıb. Elə il olub ki, iki filmə musiqi yazıb. Kino musiqisi sahəsində də çox səmərəli işləyib, eyni zamanda, teatr tamaşalarına və 9 komediyaya musiqi bəstələyib. Şübhəsiz ki, kino, musiqili komediya və mahnı janrlarında onun rolu var. Bunlardan başqa o, musiqinin digər janrlarında da əsərlər yazıb. Simfoniyası, iki simfonik süitası, kantatası, romansları və digər əsərləri var.

- Bu gün də sevilə-sevilə dinlənilən musiqilərinin, mahnılarının yaranma prosesi yadınıza gəlirmi?

- Təbii, bizim bəstəkarlar evində ikiotaqlı mənzilimiz var idi. Ailədə üçümüz də musiqiçi idik. Anam musiqi müəllimi işləyirdi. Lap kiçik yaşlarımdan ən gözəl musiqiləri dinləmişəm. Emin Sabitoğlu nadir bəstəkarlardandır ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki təpədən-dırnağa melodiya ilə dolu idi. Onların eləsi olub ki, bir yarpağın titrəyişindən, bir quşun uçmasından, bir anın içində yaranıb. Mahnıları çox rahat bəstələyirdi. Fikri yalnız musiqi ilə məşğul idi. Çox vaxt yeni bəstələdiyi musiqinin notlarını siqaret qutusunun üstünə yazıb, sonra evdə həmin melodiyaları mahnılara, kino musiqilərinə, operettalara çevirirdi. Mahnı tam hazır olandan sonra evdə onu bizim üçün ifa edirdi. Yazdığı mahnının başqa hansısa mahnıya oxşaya biləcəyindən narahatlıq hissi keçirirdi. Həmin illərdə mahnı yaradıcılığı sahəsində fəaliyyət göstərən çoxlu istedadlı bəstəkarlar vardı. Heç kimə bənzəməmək onun üçün prinsipial məsələ idi. Mənə elə gəlir ki, o, buna nail olub.

Emin Sabitoğlunun mahnıları digər bəstəkarların mahnılarından öz dəstxəti, üslubu və koloriti, ən nəhayət, ovqatı ilə fərqlənir. Həmin illərdə fəaliyyət göstərən Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmovun və digər bəstəkarların hər birinin öz manerası var idi. Heç birinin yaradıcılığı biri-birinə bənzəmir. Tofiq Quliyev atamla çox yaxın dost olublar. Onların ikisi də 20 yaş fərqi ilə noyabrda doğulub və eyni ildə vəfat ediblər. Atam evə tez gələndə Tofiq müəllimgilə gedirdi. Saatlarla söhbət edirdilər. İkisi də mütaliəni çox sevirdi, təzə oxuduqları kitablar haqqında müzakirələr aparırdılar.

- Özü də qonşuluqda yaşamışınız...

- On altı il bəstəkarların binasında yaşamışıq. Orda bizimlə eyni binada o dövrün ən məşhur bəstəkarları yaşayıblar- Arif Məlikov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Tofiq Quliyev, Əşrəf Abbasov, Xəyyam Mirzəzadə, Şəfiqə Axundova... Onların arasında çox gözəl ab-hava, atmosfer var idi, bir-biri ilə həm qonşu, həm ailəlikcə dost idilər. O vaxt mən uşaq olduğuma görə çox şeyi başa düşmürdüm. Onları ancaq qonşu kimi tanıyırdım. Böyüyəndən sonra onların hər birinin necə bənzərsiz istedad və təkrarsız sənətkar olduqlarını anladım. Arif Məlikovdan akademiyada dərs almışam, Oqtay Zülfüqarovla ailəlikcə yaxın idik.

- Atanız kimlərlə dostluq edirdi?

- Atamın çevrəsi maraqlı insanlardan ibarət idi. Yazıçı Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə atamın yaxın dostları olublar. Dostluqla yanaşı, onları həm də yaradıcılıq ünsiyyəti birləşdirirdi. Atam Anarın "Şəhərin yay günləri", "Adamın adamı" pyesi əsasında səhnələşdirilən tamaşalarına musiqi yazıb, Vaqif Səmədoğlunun 100-dən artıq şeirinə mahnı bəstələyib. Həmçinin Vaqif müəllimin də tamaşaları səhnəyə qoyulanda atam onlara musiqi yazıb. Onlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri yaxşı tuturdu. Evimizdə həmişə yeni çıxan bədii əsərlərin müzakirəsi olurdu. Atam onlardan da başqa bir çox şairlərin - Əhməd Cavad, Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və Fikrət Qocanın şeirlərinə də mahnılar bəstələyib.

- Ən nəhayət, atanız xatirənizdə necə qalıb?

- Mənim tərbiyəmlə daha çox anam məşğul olub, çünki atamın iş rejimi qeyri-sabit idi. Vaxtının çox hissəsini işinə sərf edirdi, Bakı Musiqi Akademiyasında dərs deyirdi, studiyada səsyazmalarda iştirak edirdi, hər gün kinostudiyalara gedirdi, bəzən axşamlar məşqləri olurdu. Musiqili Komediya Teatrında əsərləri qoyulurdu. Təbii ki, belə olanda təhsilimə ciddi nəzarət edə bilmirdi, lakin sənətə gəlməyimdə həm atamın, həm də anamın böyük rolu olub. Musiqi duyumum olduğuna görə Bülbül adına orta ixtisas musiqi məktəbinə qoyublar və orada təhsil almışam. Musiqişünas olduğuma görə təəssüflənmirəm. Nə deyim? Peşman deyiləm...

Atam xoşxasiyyət, yumşaq, eyni zamanda, bir az özünə qapalı insan idi. Ürəyindən keçənləri danışmazdı. Sənətə hədsiz dərəcədə çox bağlı idi. Hansı teatrda təzə tamaşa gedirdisə, harada təzə musiqi səslənirdisə, mütləq tamaşa etməli, qulaq asmalı idi. Təkcə musiqi deyil, mədəniyyət aləmində baş verən yeniliklərlə çox maraqlanır və onunla yaşayırdı. İncəsənət onun həyatı idi.

Atamın vəsiyyətinə əsasən onun yaradıcılığı haqqında tədqiqat işi yazmışam, yaxın günlərdə çapdan çıxacaq. Bu, xatirələr kitabı deyil, atamın əsərlərini musiqişünas nöqteyi-nəzərindən janrlar üzrə tədqiq etmişəm...