Azərbaycanlı aktrisa: "Münasibət təklifləri almışam, səhv qərarlar vermək istəmirəm" - FOTO » Memur.az

Azərbaycanlı aktrisa: "Münasibət təklifləri almışam, səhv qərarlar vermək istəmirəm" - FOTO

Azərbaycanlı aktrisa: "Münasibət təklifləri almışam, səhv qərarlar vermək istəmirəm" - FOTO


Aktrisa Ləman Novruzovanın Milli.Az-a müsahibəsi.

- Ləman, sizi "Ögey ana" serialından tanıdıq. Tamaşaçılar qarşısına ilk dəfə çıxdığınız üçün yəqin ki, həyəcan yaşadınız.

- Bəli, ilk ekran işim "Ögey ana" serialı ilə başladı. Teatr mənim üçün bu dünyada əvəzolunmaz idi. İndi də elədir. Bu günə qədər də bütün fəaliyyətlərim teatrla bağlı olub. İkinci kursun sonlarında Yuğ teatrında çalışmağa başladım. Orada müxtəlif tamaşalarda rollar aldım. Amma heç vaxt kino sahəsində, serialda çəkiləcəyim ağlıma gəlməzdi. Buna görə Sain Qəhrəmana təşəkkür etməliyəm. Əgər o olmasaydı, yəqin ki, heç vaxt ekrana çıxmağa ürək etməzdim.

- Niyə məhz Yuğ Teatrını seçdiniz?

- Yuğ teatrı Azərbaycanda öz üslubu ilə seçilib və fərqlənib. O təkcə teatr deyil, həm də məktəbdir. Mən orada hər gün inkişaf edirəm. Öz üzərimdə işləməyi, sənəti dərindən öyrənmək şansını əldə edirəm. Məmməd Səfa, Gülzar Qurbanova, Yaqut Paşayeva, Vidadi Həsənov kimi aktyorların arasında böyümək, yetişmək özü ciddi və məsuliyyətli işdir. İnanıram ki, mən də nə vaxtsa onlar kimi yaxşı və güclü aktrisa kimi yetişəcəyəm.

- "Ögey ana"... Bu ad sizi vahimələndirmir?

- Əslində Ləman Ülkərin vəziyyətinə düşsəydi, Ülkərin verdiyi reaksiyanın qat-qat artığını verərdi. Ona görə bu ad məni təkcə vahimələndirmir, həm də dəhşətə gətirir.

- Çəkilişdən sonra psixoloji gərginlik yaşadığınız anlar olurmu?

- Hər zaman buna diqqət edirəm. Özüm özümdə Ülkərlə Ləmanı ayırmışam. Bəzi səhnələr olur ki, onlara çəkiləndən bir müddət sonra özümə gəlməyim zaman alır. Sonra isə hər şeyə qaldığı yerdən davam edirəm.

- Həyatda ögey ananız olsaydı, qəbul edərdiniz?

- Əsla! Hətta qətiyyətlə deyirəm "mümkün deyil".

- Niyə ki? "Ögey ana" doğmanı əvəz etmir?

- Heç kim, heç kimi əvəz edə bilməz. Hələ ki, söhbət anadan gedirsə. Əgər bu hadisə mənim başıma gəlsə və bu evliliyə mane ola bilməsəm, heç vaxt ona pis davranmaram. Amma öz içimdə bu məsələni həll edə bilmərəm.

- Ləman, serialda həm də sizin sevginizə mane olurlar. Bu vəziyyəti həyatda yaşasaydınız, münasibətiniz necə olardı?

- Mən olsam, sonuna qədər sevgim uğrunda mübarizə aparardım. Bütün fədakarlıqları edərdim. Mümkün olan yolları seçərdim.

- Həyatda sizə əks olan bir rolu necə rahatlıqla oynayırsınız?

- Bu rolu oynamağa başlamadan öncə Ülkərin prototipini yaradırdıq. Ülkərin özünə aid həyatı olmayıb. O hər zaman nənəsinin ona icazə verdiyi yerə qədər yaşaya bilib. Uşaqlıqdan itirdiyi anasının travması, təhsil ala bilməməsi, uşaqlığının və gəncliyinin öz gözəl illərini ailəsinə həsr etməsi, nənəsi tərəfdən psixoloji təzyiqə məruz qalması... Hətta baş verən hadisələrə belə Ülkər bəzən düzgün reaksiya verə bilmir. Bütün bunlar məni qorxudurdu. Çünki obraz kimi Ləmanın tamam əksi olmaq və bu işlə ilk dəfə ekrana çıxmaq riskli idi. Burada Sain müəllimin ciddi köməyi oldu. Demək olar ki, biz hər gün Ülkərlə bağlı söhbət edirdik. Teatr təcrübəsi də bura daxil olanda nəhayət Ülkər obrazı yarandı və indi onu bu xətt üzrə inkişaf etdiririk.

- Bu günə kimi seriallarda çəkilməməyinizin səbəbi nə idi?

- Bu günə qədər seriallara və filmlərə dəvət almışdım. Amma heç vaxt qəbul etmirdim. Bunun xüsusi bir səbəbi yox idi. Kurs rəhbərim Firəngiz Mütəllimova da bu barədə mənimlə tez-tez danışırdı. Hətta "Ögey ana" serialından təklif alanda Firəngiz xanımla məsləhətləşmişdim. O da bu işdə məni dəstəklədi.

- Ümumiyyətlə Yuğ Teatrının aktyorları gündəmdə qalmağa, tanınmağa o qədər də həvəsli deyillər. Çünki sənətlə çox yüklənirlər.

- Doğrudur, onlar mənimlə ciddi işləyirlər, sənətimlə bağlı lazım olan bütün incəlikləri öyrədirlər. Amma heç vaxt mənə məhdudiyyət qoymurlar.

- Universitetdə seriala çəkilməyinizi qısqanclıqla yanaşıb sizi imtahandan kəsən müəllimləriniz varmı?

- Hələ ki, belə bir halla qarşılaşmamışam. Seriala çəkilməyim dərslərimə mane olmur. Onları əsəbləşdirəcək, dəsrlərimə mənfi təsir edəcək heç nə etmirəm. Amma qısqanmağa gəldikdə yalnız mən onları qısqana bilərəm. Çox istərdim ki, Firəngiz xanım kimi yaxşı pedaqoq və yaxşı aktrisa olmağı bacarım. Çünki bəzən yaxşı pedaqoq heç də yaxşı aktyor ola bilmir və ya əksinə yaxşı aktyor pedaqoq ola bilmir.

- Yuğ Teatrını seçdiyinizə görə Firəngiz xanım sizə maneə olmadı ki?

- Firəngiz xanım Yuğda işə başladığımı eşidəndə çox sevinmişdi. Çünki o hər zaman mənə inanıb. Heç vaxt heç kimə bu barədə mənfi fikir bildirməsinə icazə də verməyib.

- Amma bildiyim qədərilə Azdrama​-nın aktyorları ilə Yuğun aktyorları arasında illərdir böyük qalmaqal yaşanır. Bu da bir zamanlar Yuğ teatrının aktyorlarının Azdrama da məşq etməsi ilə bağlı idi.

- Artıq iki sezondur ki, Yuğ teatrında çalışıram. Universitetdə mənə dərs deyən müəllimlərimiz Azdrama-da çalışır. Heç vaxt onlar Yuğ teatrı barədə mənfi fikir bildirməyiblər. Eyni şeyi Yuğ teatrında da görmüşəm. Əksinə, Yuğdan məni təkcə Azdrama-ya yox, digər teatrlarda qurulan tamaşalara da yollayırlar. Digər teatrlarla əməkdaşlıq etməyimə, digər teatrın rejissorları ilə yoldaşlıq etməyimə heç vaxt məhdudiyyət qoymayıblar.

- Çəkilişlər gündəlik vaxtınızı alır. Sevib-sevilən vaxtınızdır, sevgiyə vaxt ayıra bilirsiniz?

- Hal-hazırda universitet, teatr və çəkilişlər arasında gündəlik saatımı bölmüşəm. Amma bu qədər gərgin vəziyyətdə özümü də unutmuram. Hər şeydən əvvəl öz daxili rahatlığımdır. Çünki mən rahat olmasam, heç bir işdə uğur qazana bilmərəm. Bəzən bir neçə saat boş vaxtım olur. Bu vaxtı da daha səmərəli istifadə edirəm. Maraqlı bir kitab oxuyuram, yaxşı bir nahar edirəm, alış veriş edirəm. Özümə maraqlı hədiyyələr alıram. Şəxsi həyat barədə düşünmək üçün isə hələ tezdir. Buna nə vaxtım, nə də yaşım münasib deyil.

- Erkən evliliyə qarşısınız?

- Əlbəttə, hər şey vaxtında olanda daha gözəldir.

- Heç evlənmə təklifləri gəlməyib?

- Münasibət qurmağım üçün təkliflər gəlib, amma evlilik təklifləri almamışam.

- Niyə münasibət qurmamısınız?

- Düşünürəm ki, indi mənim sənət üçün ən məhsuldar yaşımdır. İndi öyrənə biləcəklərimi heç vaxt öyrənə bilməyəcəyəm. Yaxşı və istedadlı aktrisa olduqdan sonra isə ailə qurmaq barədə də düşünə bilərəm. Yaşımın azlığı səhv qərarlar qəbul etməyimə səbəb ola bilər. Ona görə də tələsmək olmaz.

- Səhv etməkdən qorxursunuz?

- Doğru qərarlar təcrübədən yaranır, təcrübə isə səhv qərarlardan. Əlbəttə mənim də səhvlərim var və olacaq. Mən isə hər zaman onlardan doğru qərar qəbul etmək üçün istifadə edəcəyəm.

- Ögey anası olan övladlara necə təskinlik verə bilərsiniz?

- Hər kəs öz həyatını yaşayır. Çalışıb bu barədə çox fikirləşməsinlər. Onu ana kimi qəbul edə bilmirlərsə, sadəcə atalarının həyat yoldaşı kimi qəbul etsinlər və qərarına hörmət etsinlər. Öz həyatlarını qursunlar. Zamanla bəlkə hər şey düzəldi. Necə deyərlər, yadlar gəlir doğma olur. Məndə olmasa da...