Qubada mədəniyyət evləri və kitabxanalar baxımsız qalıb » Memur.az

Qubada mədəniyyət evləri və kitabxanalar baxımsız qalıb

Qubada mədəniyyət evləri və kitabxanalar baxımsız qalıb

Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fuad Orucovun fəaliyyətindəki nöqsanların sayı-hesabı yoxdur



Vəzifəsinə yetərincə məsuliyyət göstərməyən məmurun adı biznes məsələlərində hallandırılır



Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbələrinin bir neçəsində işlər qaydasında getmir. Buna misal olaraq Quba rayon Mədəniyyət və Turizm Şöbəsini və burdakı qanun pozuntularını göstərə bilərik. Rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, şöbə müdiri Fuad Orucov vəzifə səlahiyyətlərini düzgün şəkildə yerinə yetirə bilmir. Elə bunun nəticəsidir ki, Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə vəziyyət ürəkaçan deyil.

Qeyd edək ki, Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi, A.A.Bakıxanovun memorial ev muzeyi, Şəhidlər muzeyi, 18 mədəniyyət evi, 68 klub, 91 kitabxana, tarixi abidə mühafizəçiləri qrupu, turizm informasiya mərkəzi, şəhər mədəniyyət və istirahət parkı, uşaq incəsənət və uşaq musiqi məktəbi fəaliyyət göstərir. Mənbənin dediklərinə inansaq rayon ərazisində yerləşən klub, mədəniyyət evi və kitabxanaların əksəriyyəti istifadəyə yararsız haldadır: "Fuad müəllimin vəzifəsinə göstərdiyi biganə münasibət rayonun mədəniyyət ocaqlarının məhvə sürüklənməsinə səbəb olub. Bir vaxtlar müxtəlif mədəniyyət tədbirlərinin keçirildiyi mədəniyyət evləri və klublar indi boş qalıb. Bəzi klubların binası illərdir təmir olunmadığına görə qəzalı vəziyyətə düşüb. Mədəniyyət evlərində də vəziyyət eynidir. Şöbə müdiri sadəcə, görüntü yaratmaq naminə bəzi mədəniyyət evlərini əsaslı şəkildə təmir etdirib. Digərlərinin durumu isə qənaətbəxş sayıla bilməz. Bildiyim qədərilə Qubada yerləşən mədəniyyət obyektlərinin cari təmirinə hər il büdcədən külli miqdarda vəsait ayrılır. Lakin həmin pulların hara xərcləndiyini, hansı işlərə sərf olunduğunu bilmirik. Rayonun mərkəzində yerləşən bəzi kitabxanalar oxucu üzünə həsrət qalıb. Çünki həmin kitabxanalarda normal şərait yoxdur. Baxımsızlıq üzündən kitabxana binaları yararsız hala düşüb. Bir neçə kitabxananın dam örtüyü sıradan çıxıb və bu səbəbdən yağış yağanda kitablar pis günə düşür. Fuad Orucov isə mövcud problemlərlə maraqlanmır". Şöbə müdirinin fəaliyyətindəki nöqsanlardan söz açan mənbə həmçinin bildirdi ki, adıçəkilən məmurun Qubanın turizm üçün əlverişli olan kəndlərində istirahət mərkəzləri var: "Ümumiyyətlə, yay mövsümündə şöbə müdirini işdə tapmaq çətin məsələdir. O bütün vaxtını turizm obyektlərində keçirir. Qubada fəaliyyət göstərən bütün istirahət mərkəzləri, hotellərin və restoranların sahibləri şöbə rəhbərinin "qulluğunda" dayanırlar. Məsələn, Qəçrəş yolunda yerləşən və ötən yay istifadəyə verilən "Retro" istirahət mərkəzi, "Quba" istirahət mərkəzi, "Nazlı bulaq" istirahət zonası, "Aynur" istirahət mərkəzi və başqalarının sahibləri Fuad müəllimlə çox yaxın münasibətlərə malikdir. Məhz şöbə müdirinin himayədarlığı sayəsində adını çəkdiyim istirahət məkanları heç bir maneə ilə üzləşmədən işlərini görürlər. Təbii ki, bu jestin qarşılığında məmurun "hörmətini" etməyi yaddan çıxarmırlar. Qeyri-qanuni yollarla maliyyə imkanlarını yaxşılaşdıran məmur özünə güzəran qurub. Deyilənə görə, Qubanın Qəçrəş meşəsi tərəfə çıxışında yerləşən "Terrace" mehmanxanası və "Ahu" istirahət zonası ona məxsusdur. Mövsüm ərzində adıçəkilən obyektlərdən külli miqdarda gəlir əldə olunur. Qubanın mədəniyyət obyektləri bərbad vəziyyətdədir, amma şöbə müdiri öz biznesini inkişaf etdirmək barədə fikirləşir. Əminliklə deyirəm ki, əgər indiyə kimi Quba rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlər təyinatına uyğun şəkildə xərclənsəydi, bu qədər problem meydana çıxmazdı. Bundan başqa, Fuad Orucov klub və mədəniyyət evlərində çalışan şəxslərə tez-tez mükafat yazır. Amma həmin pullar sahiblərinə çatmır. Bu vəsaitlərin kimin cibinə getdiyi isə aydın məsələdir". Növbəti saylarımızda Fuad Orucovun bəzi şirkətlərlə qaranlıq tender əməliyyatları və kağız üzərində silinən büdcə vəsaitləri haqda məlumat verməyə çalışacağıq. Çox istərdik ki, nazir Əbülfəs Qarayev Fuad Orucovun fəaliyyətinə nəzarəti gücləndirsin və onun qanuna sığmayan hərəkətləri ilə bağlı ölçü götürsün.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Saytların, xəbər portallarının, qəzetlərin nəzərinə: - "Gündəlik Bakı" qəzetində dərc olunan yazılardan öz çirkin məqsədləri üçün istifadə edənlər şərəfsizdir.

Elgün Sədalı