Millət vəkili: "Onda gərək hamı ancaq sazda ifa etsin" » Memur.az

Millət vəkili: "Onda gərək hamı ancaq sazda ifa etsin"

Millət vəkili: "Onda gərək hamı ancaq sazda ifa etsin"

"Azərbaycanda keçirilən musiqi yarışlarında həddən artıq millətçilik etmək düzgün deyil". Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov musiqi yarışlarında ingilis dilində mahnıların oxunması ilə bağlı sosial şəbəkələrdə səslənən tənqidlərə münasibət bildirərkən deyib.

N.Cəfərov qeyd edib ki, Azərbaycanda keçirilən musiqi yarışlarında xarici dildə mahnıların oxunması yarışın formatı ilə də bağlı ola bilər: "Ola bilər ki, yarışda ingilis dilində mahnıların oxunması razılaşdırılsın. O da mümkün ola bilər ki, yarışda mahnıların mütləq əksəriyyəti xarici dildə olsun və ya Azərbaycan dilində olsun. Amma yaxşı olar ki, Azərbaycan və xarici dillərdə oxunan mahnılar arasında bir balanslaşdırma olsun".

N.Cəfərov hesab edir ki, xarici dildə mahnıların oxunması Azərbaycana xüsusi ziyan gətirən bir məsələ deyil: "Hər şeydə formal millilik də axtarmaq olmaz. Onda gərək dünyanın standart musiqi alətlərindən istifadə etməyək, hamı ancaq ya sazda, ya tarda, ya neydə və digər milli alətlərdə ifa etsin. Belə də olmur. Beynəlxalq musiqi yarışlarında da çox zaman ingilis dilində oxumaq tələb olunur, ölkəmizi o yarışlarda da təmsil etmək lazım gəlir. Yəni burada həddən artıq millətçilik etmək özünü doğrultmur".