"Dərddən, kədərdən yüklənən şeirlərim" - şairə Xəzangül Hüseynovadan oxucularına töhfə » Memur.az

"Dərddən, kədərdən yüklənən şeirlərim" - şairə Xəzangül Hüseynovadan oxucularına töhfə

"Dərddən, kədərdən yüklənən şeirlərim" - şairə Xəzangül Hüseynovadan oxucularına töhfə

Gəncə ədəbi mühitinin yetirməsi şairə Xəzangül Hüseynovanın "Özümü axtarıram" şeirlər kitabı işıq üzü görüb. Trend-in məlumatına görə, kitabda Xəzangül Hüseynovanın yeni şeirləri toplanıb. Şeirlər öz oxunaqlığı ilə diqqəti cəlb edir.

Şairə kitabda qeyd edir: "Özüm öz kitabımı vərəqlədikcə, oxuduqca poeziya deyilən bir dünyanın həzin pıçıltılarını eşidirəm. Ucu-bucağı görünməyən dərindən də dərin, təlatümsüz, sakit bir dənizin pıçıltısı kimi. Bilmirəm, şeirlərimlə dərdləşə biləcək kimsə olacaqmı? Olsaydı, dərddən, kədərdən yüklənən şeirlərim yüngülləşərdi".

Qeyd edək ki, Xəzangül Hüseynova Borçalı mahalında anadan olub. Ötən əsrin 70-ci illərindən başlayaraq şeirləri çap olunan şairə Xəzangül 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən isə Türkiyə-Avrasiya Yazarlar Birliyinin üzvüdür.

Gəncə şəhərində yaşayıb-yaradan şairə Xəzangül Hüseynova 7 kitab müəllifidir - "Qaya üstə bitən çiçək" (1988), "Yeddinci göylə söhbət" (1996), gürcü dilində "Ekvebi" (1998), "Ömür şikəstəsi" (1998), "Günəş məni aldadır" (2000), "Könlümdən baxan günəş" (2008), türk dilində "Bitmeyen hazan" (2008).

"Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə şəhər C.Cabbarlı adına dram teatrında tamaşaya qoyulub. Türkiyə teatrında da nümayiş etdirilib.

Xəzangül Hüseynova Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədridir.