Rza Siyami: Qarabağ haqda film üzərində işləyirəm » Memur.az

Rza Siyami: Qarabağ haqda film üzərində işləyirəm

Rza Siyami: Qarabağ haqda film üzərində işləyirəm

Rejissor Rza Siyaminin çəkdiyi filmlər və tele seriallar təkcə İran deyil, Azərbaycan və Türkiyədə də tanınır. Onun “Vüsal günləri”, “Son köç”, “Gizli atəş” və “Şeyx Şamil” kimi filmləri geniş tamaşaçı auditoriyasının böyük rəğbətini qazanıb. Kino-rejissor İran Azərbaycanında kinematoqrafiya sənətinin inkişaf etdirilməsi işində fəal iştirak edir. Rza Siyami Amerikanın Səsinə müsahibəsində İran Azərbaycanında kino sənətinin inkişaf etdirilməsinin zəruriliyi, Azərbaycan filmləri və yaradıcılıq planlarından danışıb.

Kinorejissor Azərbaycan kinosunun inkişafına kifayət qədər diqqət verilmədiyini deyib və bunun səbəblərini izah edib. Onun sözlərinə görə, azərbaycanlı rejissorlar daha geniş tamaşaçı auditoriyası cəlb etmək və filmlərin gəlirli olması üçün fars dilində film çəkmək məcburiyyətində qalır. “Bu da səbəb olur ki İran Azərbaycanında həm dil cəhətindən, yəni Azərbaycan türkcəsində filmlər az çəkilsin və mövzu olaraq da ümumi mövzuları nəzərdə tuturlar”-deyə o bildirib.

Rza Siyami İranda tanınmış azərbaycanlı kino yaradıcılarının Azərbaycan kinosunun inkişafında rolundan danışıb və son illər xüsusilə də qısametrajlı filmlərin istehsalı sahəsində fəaliyyətləri qeyd edib: “İran Azərbaycanında gənclər bu sahədə çox önəmli fəaliyyət göstərib, onların qısa filmləri müxtəlif beynəlxalq kino festivallarda iştirak edib mükafatlar da qazanıb. Amma bir tərəfdən ticari tərəfləri olan professional sinemada bu çalışmalar çox azdır.”

Kinorejissor bildirib ki, bunun səbəbi kino yaradıcılarının Azərbaycan türkcəsində çəkilmiş filmlərin yalnız Azərbaycan bölgələrində ekrana çıxarıla bilməsinə inanması ilə bağlıdır. Məhz bu səbəbdən o, rejissorların daha çox ümumi mövzulara müraciət etdiyini qeyd edib.

Rza Siyami hazırda Qarabağ haqda film üzərində işlədiyini deyib. “Qarabağ haqda bədii sənədli film üzərində çalışmışam. Film Qarabağ qaçqınları haqdadır. Ssenari üzərində iş bitib. Payızda filmin çəkilişlərinə başlayacağıq. Film TRT kanalı üçün hazırlanacaq. 80-90 dəqiqəlik bir film olacaq. Amma ümumiyyətlə filmlərimin 95 faizi Azərbaycanla bağlıdır və bundan sonra belə davam edəcək” ("Amerikanın səsi").