Beynəlxalq Bankın yeni rəhbəri məlum oldu » Memur.az

Beynəlxalq Bankın yeni rəhbəri məlum oldu

Beynəlxalq Bankın yeni rəhbəri məlum oldu

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə "Aqrarkredit”in rəhbəri Məmməd Musayev gətirilir.

Jam.Az xəbər verir ki, bu barədə "Azadlıq” məlumat yayıb.

Məlumatda deyilir ki, yaxın günlərdə Beynəlxalq Bankın Müşahidə Şurasının yığıncağı keçiriləcək. Həmin yığıncaqda Məmməd Musayev İdarə Heyətinin rəhbərliyinə gətirilməsi məsələsi həllini tapacaq.

Qeyd edilir ki, Məmməd Musayev Beynəlxalq Bankın rəhbərliyinə xüsusi planlarla gəlir. Bu sırada bankın özəlləşdirilməsi əsas yer tutur.

Qeyd edək ki, Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı Institutunu (İndiki İqtisad Universiteti) fərqlənmə ilə bitirib.

1976-1984-cü illərdə Dövlət Bankının (Mərkəzi Bank) Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi olub. 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının Idarə Heyətinin sədri, 2001-ci ildən isə "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Idarə Heyətinin sədridir.