Sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir » Memur.az

Sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir

Sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilirİqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 96 736 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən verilən məlumata görə, muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 19 061 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. 

Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 80 milyon 720 min manat, o cümlədən birinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 40 milyon 360 min manat təşkil edir. 

Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 38 milyon 460 min manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 73 760 vergi ödəyicisindən müraciət daxil olub, 67 497 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. 

Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 44 milyon 420 min manat təşkil edir. 
Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 40 milyon 30 min manat vəsaitin 59 148 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.