Qış aylarında dollar bahalaşacaq? » Memur.az

Qış aylarında dollar bahalaşacaq?

Qış aylarında dollar bahalaşacaq?


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu gün uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul edib. Ekspertlər hesab edirlər ki, uçot dərəcəsinin stabil saxlanılması düzgün qərardır.

İqtisadçı ekspert Samir Əliyev açıqlamasında bildirib ki, iqtisadi təhlillərə uyğun olaraq uçot dərəcəsinin dəyişilməsi gözlənilmirdi. Onun sözlərinə görə, bu səbəbdən də, Mərkəzi Bankın qəbul etdiyi qərarı düzgün addım hesab etmək olar.

“Bu gün inflyasiya səviyyəsi yüksək olaraq qalır. Belə bir vəziyyətdə uçot dərəcəsinin aşağı salınması inflyasiyanı artıra bilərdi. Görünür ki, Mərkəzi Bank yumşaq pul-kredit siyasətinə keçmək qərarında deyil. Bu qərar pul kütləsinin bazardan yığılmasını təmin edə bilər. Beləliklə də, valyuta bazarında artıq manat kütləsi olmayacaq”, – deyə ekspert bildirb.

S.Əliyev deyir ki, hazırda valyuta bazarına nəzarət manatın dəyərini stabil saxlayır: “Neft Fondundan Mərkəzi Banka 7,5 milyard pul ayrılıb. Bu vəsait imkan verir ki, Mərkəzi Bank manatın dollara olan məzənnəsini istədiyi kimi idarə etsin. Rəsmi şəkildə üzən məzənnəyə keçsək də, amma ötən illərdə olduğu kimi manatın dəyərini stabil saxlayırıq. Hələlik proses belə davam edir”.

Ekspert istisna etmir ki, 2018-ci ilin yanvar-fevral aylarında dollar bahalaşa bilər:
“Mərkəzi Bankın müəyyən öhtəlikləri var. Bundan əlavə, dövriyyədə manatın çoxalma təhlükəsi yaranıb. Bu səbəbdən də, gələn il, əsasən də qış aylarında dollar bahalaşa bilər. Təbii ki, bu sadəcə ehtimaldır. Lakin əsas qərarı bazar yox, Mərkəzi Bank verir. İstənilən halda dollar böyük fərqlə bahalaşmayacaq və milli valyuta stabilliyini bir qədər qoruyacaq”.
“Ölkə.Az”