Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusu alıb » Memur.az

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusu alıb

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusu alıb

Natiq Əliyev sammitində iştirak edib.

Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 23-də Tehranda keçirilən Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü sammitində iştirak edib.

Memur.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, Tehranda keçirilən 3-ü sammitdə dünya enerji daşıyıcı bazarındakı vəziyyət müzakirə edilib.

3-cü Qaz sammitinin nəticəsi kimi imzalanan “Tehran Bəyannaməsi”ndə Azərbaycanın Forumda müşahidəçi statusu aldığı qeyd olunur.

GECF-in Baş katibi vəzifəsinə növbəti iki il müddətinə İranın nümayəndəsi - Hosseyn Adeli seçilib.

Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Azərbaycanın da Qaz İxrac edən Ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qaz İxrac edən Ölkələr Forumu 2001-ci ildə Tehran şəhərində yaradılıb, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 6 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman və Peru) üzvü var. Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizini, boru kəmərləri ilə ticarətin 35 faizini, LNG istehsalının 85 faizini cəmləşir. Qaz İxrac edən Ölkələr Forumunun ilk sammiti 2011-ci ildə Qətərdə, ikincisi isə 2013-cü ildə Moskvada keçirilib.