Bank hesabından 1000 dollardan çox pul çıxarmağa icazə verilmir? » Memur.az

Bank hesabından 1000 dollardan çox pul çıxarmağa icazə verilmir?

Bank hesabından 1000 dollardan çox pul çıxarmağa icazə verilmir?

Memur.Az xəbər verir ki, bu gün virtualaz.org saytının redaksiyasına banklardan dollar çıxarılmasına məhdudiyyət qoyulduğu barədə məlumat daxil olub.

Xəbərdə deyilir ki, müştərinin öz hesabından 1000 dollardan artıq pul çıxarmasına icazə verilmir. Müştəri daha artıq pul çıxarmaq üçün bankın baş ofisinə müraciət etməlidir.

Virtualaz.org saytının müxbiri bu məlumata aydınlıq gətirmək üçün bir neçə bankla əlaqə saxlayıb.



"Unibank"dan sorğumuza cavab olaraq bildirdilər ki, bu bankda heç bir, o cümlədən belə bir məhdudiyyət yoxdur.

"Dəmirbank" əməkdaşı da onlar tərəfindən belə bir məhdudiyyətin tətbiq edilmədiyini söylədi: "Bankomat birbaşa 1000 manat vermir. Buna görə də kartı bir neçə dəfə daxil etmək lazım gələ bilər. Amma bankın özü tərəfindən hər hansı məhdudiyyət yoxdur".

"Bank of Baku" müştəri xidmətlərindən isə bildirildi ki, müştərinin hesabından və bu kartın statusundan asılı olaraq müxtəlif limitlər ola bilər. Həmin limitdən artıq həmin gün ərzində pul çıxarmaq mümkün deyil. Yalnız hər gün limiti keçən məbləğdə pul çıxara bilər.

"AtaBank" və "Kapital Bank"ın da müştəri xidmətlərindən sorğumuza cavab olaraq bildirildi ki, bankın müştərilərinə heç bir məhdudiyyət yoxdur. Müştəri özü karta limit müəyyən edə və istədiyi vaxt bu limiti dəyişə bilər.

Dollar qadağası barədəki məlumatlarla əlaqədar olaraq valyutadəyişmə məntəqələrində dolların alış-satışının vəziyyəti ilə də maraqlandıq.

"Zamin bank"ın mübadilə şöbəsinin əməkdaşı deyir ki, heç bir dollar qıtlığı, ya da onun satışı ilə bağlı məhdudiyyət yoxdur.

"İstəsən, bu dəqiqə sənə 100 min dollar da sata bilərəm. Yəni problemimiz yoxdur, amma müştəri azdır" - deyə mübadilə şöbəsinin əməkdaşı vurğulayır.

"Turan bank"ın mübadilə şöbəsindən də oxşar cavabı aldıq. Pul var, olmayan yalnız müştəridir.

"Atrabank"ın mübadilə şöbəsindən, eləcə də digər valyutadəyişmə məntəqələrindən də sualımızın cavabında heç bir dollar qıtlığının olmadığını öyrəndik.