Çörək bahalaşıb? » Memur.az

Çörək bahalaşıb?

Çörək bahalaşıb?

Azərbaycanda çörəyin qiymətinin yenə də bahalaşdığına dair məlumatlar dolaşmağa başlayıb. Hətta bununla bağlı Memur.az-a müraciət edən oxucular bahalaşmanın çörəyin piştaxtalardakı real qiymətlərində deyil, çəkisinin azalmasında əks olunduğunu iddia edirlər.

Məsələyə rəsmi aydınlıq gətirmək məqsədi ilə Memur.Az İqtisadiyyat və Sənaye Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu məlumatların həqiqətə uyğun olmadığını bildirib: "Çörək belə bir şeydir ki, onu hamımız alıb istehlak edirik. Şəxsən mən özüm çörəyin qiymətinin qaxlmasına və çəkisinin azalması faktına rast gəlməmişəm. Rəsmən də bildiririk ki, ölkədə çörəyin qiymətinin qaldırılmasına və onun çəkisinin azaldıldığına dair yayılan xəbərlər həqiqətə uyğun deyil və bunun heç bir iqtisadi əsası da yoxdur. Əgər belə bir şey olsaydı, hamı görərdi. Bu məlumatların hansı məqsədlə yayıldığına dair isə bir şey deyə bilmərəm".



İqtisadçı-ekspert Nicat Hacızadə də deyir ki, çörəyin qiymətinin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur. Hətta onun fikrincə, gələn ildən etibarən çörəyin qiymətində ucuzlaşma olmalıdır: "Baş verən süni qiymət artımlarını çörəyin də qiymətində müşahidə etmək olur. İndi mağazalarda 20, 30, 40 qəpik və 1 manata qədər qiymətdə çörək növləri var. Deməli, sahibkarlar müxtəlif çəkilərdə çörək istehsal edirlər. Süni qiymət artımı barədə tam olaraq rəsmi məlumat yoxdur. Sadəcə olaraq, Qazaxıstandan, Rusiyadan gələn taxıl nəqliyyat xərcləri və bəzi neqativ hallara görə bura baha qiymətə gəlib çıxır.

Çörəyin qiymətində onun çəkisinin azalması hesabına müşahidə edilən bahalaşma da ölkəyə gətirilən un məmulatlarının qiymətinin bahalaşması ilə əsaslandırılır. Amma iqtisadi cəhətdən çörəyin qiymətinin qalxması əsassızdır. Əvvəla, bu il kənd təsərrüfatı ilidir. Hal-hazırda ölkəmizdə gözlənilən proqnozdan 5 dəfə artıq taxıl istehsal edilib. Hətta ölkə başçısı da bu barədə qeyd etmişdi ki, əgər bizdə taxıl varsa, demək ki, kənd təsərrüfatı mallarında qiymətlər enməlidir. Keçən illərdə taxılın bir hissəsini Qazaxıstandan idxal edirdik. Amma 2016-cı ildən etibarən buna ehtiyac olmayacaq. Deməli, ölkədə sahibkarlara satılan unun qiyməti enəcək və avtomatik olaraq, çörəyin də çəkisi saxlanmaq şərti ilə qiymətlər minimum səviyyəyə qədər enməldir".