Devalivasiyadan sonrakı 7-ci ayda manatı nə gözləyir? » Memur.az

Devalivasiyadan sonrakı 7-ci ayda manatı nə gözləyir?

Devalivasiyadan sonrakı 7-ci ayda manatı nə gözləyir?

Manatın sonuncu devalivasiyasından 7 ay ötür. Belə ki, Mərkəzi Bankın 21 fevral 2015-ci ildən etibarən tətbiq etdiyi yeni mexanizm çərçivəsində manat, dollara nisbətdə 34 faiz ucuzlaşdırıldı.

Manatın bu devalivasiyasından sonra ölkə iqtisadiyyatındakı mövcud vəziyyəti “Yeni Müsavat”a iqtisadçı alim Vüqar Bayramov təhlil edib. V.Bayramov bildirib ki, devalivasiyadan sonrakı ilk üç ay, manatın məzənnəsinin qoruyub saxlanılması və insanlarda milli valyutaya psixoloji inamın qaytarılması baxımından çətin oldu:
“Çünki devalivasiyadan sonra vətəndaşlar və şirkətlər əllərində olan milli valyutanı dollara çevirməyə üstünlük verdilər. Eyni zamanda vətəndaşların banklardan manatla əmanətlərini geri çəkməsi, valyuta bazarında manat təklifini artırdı. Nəticədə mövcud vəziyyət, Mərkəzi Bankın həmin dövrdə orta hesabla aylıq olaraq 1 milyard dollar vəsaitin, valyuta bazarına intervensiya etməsinə səbəb oldu. Manatın məzənnəsi ilə bağlı stabillik və ya Mərkəzi Bankın intervensiyalarının azalması daha çox özünü may ayından başlayaraq göstərdi. Belə ki, may ayından başlayaraq Mərkəzi Bankın intervensiya xərclərinin azalması və valyuta ehtiyatlarının artımı müşahidə olundu ki, bu da bir başa dollarlaşma prosesinin nisbətən səngiməsi ilə bağlı idi. Sonrakı iyun və iyul ayları Mərkəzi Bank üçün valyuta ehtiyatlarının qorunub saxlanması baxımdan nisbətən stabil oldu. Avqust ayında isə Rusiya rublunun kəskin dəyər itirməsindən sonra manata yenidən psixoloji təzyiq artdı. Hətta bəhs etdiyimiz ay, valyuta bazarında ajiotaj yarandı. Bu da Mərkəzi Bankın valyuta bazarına yenidən daha böyük məbləğdə intervensiyasına səbəb oldu. Nəticədə Mərkəzi Bank valyuta bazarına 1 milyard dollar çıxardı. Sentyabrın geridə qalan günlərində valyuta bazarında stabilliyin hökm sürməsi müşahidə olundu. Bu ayda Mərkəzi Bankın intervensiya xərcləri avqusta nisbətdə stabilləşdi”.
İqtisadçı alim bildirib ki, devalivasiyanın ümumi nəticələrini qiymətləndirdikdə, demək olar ki, bu addım manata olan təzyiqi nisbətən azaltdı:
“Eyni zamanda qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması nəzərdə tutulub. Bu sektorun ixrac qabiliyyətinin artırılması, qısa müddətli deyil, strateji bir hədəfdir. Praktik olaraq, Azərbaycan iqtisadiyyatında faiz etibarı ilə qeyri-neft sektorunun payında, devalivasiyadan sonra artımlar müşahidə edilir. Ancaq nəzərə almaq lazımdır ki, xüsusən ixracatda qeyri-neft sektorunun dominantlığına nail olmaq və bu sektorun dəyər ifadəsinin payının artırılması qısa zaman kəsiyini əhatə etmir. İndiki dövr üçün hədəf manatın mövcud məzənnəsini qoruyub saxlamaqdan ibarətdir. Təbii ki, manatın vahid məzənnəsi inzibati şəkildə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Valyuta bazarının manatın məzənnəsinə praktik olaraq təsir imkanları yoxdur. Neftin qiymətinin 50 dollar civarında stabilləşməsi, Mərkəzi Bankın da intervensiya xəttinin müəyyən qədər stabilləşməsinə səbəb olar. Neftin qiyməti 40 dollardan aşağı düşərsə, manata təzyiq arta bilər. Hələ ki, Mərkəzi Bank çalışacaq ki, mövcud məzənnəni növbəti dövrdə qoruyub saxlasın. Bankın son açıqlamalarından aydın olur ki, hələ ki, devalivasiyanın olacağı gözlənilmir. Çünki yeni devalivasiya özəl və bank sektoruna mənfi təsir göstərə bilər. Hazırda manatın məzənnəsi dünya bazarındakı avro və dolların məznnəsinə uyğun müəyyənləşdirilir və bu interval daxilində qorunub saxlanılır. Təbii ki, uzun müddətli dövrdə manatın məzənnəsinin necə dəyişməsi, məhz neft bazarında hansı ssenarilərin reallaşacağından asılıdır. Mərkəzi Bank hazırda çalışır ki, intervensiya ilə kursu qoruyub saxlaya bilsin. Güman olunur ki, ilin sonunadək Mərkəzi Bank çalışacaq ki, devalivasiyaya getməsin. Ancaq neft bazarında və Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarında yenidən azalmalar olacaqsa, o zaman Mərkəzi Bank manatın məzənnəsinə dəyişiklik edə bilər”.