Qubad İbadoğlundan Mərkəzi Banka tövsiyyə: «Yeni məzənnə siyasətinə keçin» » Memur.az

Qubad İbadoğlundan Mərkəzi Banka tövsiyyə: «Yeni məzənnə siyasətinə keçin»

Qubad İbadoğlundan Mərkəzi Banka tövsiyyə: «Yeni məzənnə siyasətinə keçin»

«Əks təqdirdə, manatın məzənnəsinin sabitliyinə təhlükələr artacaq»

Tanınmış iqtisadçı, ADR sədri Qubad İbadoğlu son günlər geniş müzakirə olunan və cəmiyyətin həssaslıqla izlədiyi devalivasiya ilə bağlı fikirlərini bölüşüb. JAM.AZ xəbər verir ki, iqtisadçı alim Mərkəzi Bankın yürütdüyü siyasətin yanlış olduğunu bildirərək, bəzi tövsiyyələr verib.

O qeyd edir ki, Mərkəzi Bankın bu günlərdə açıqladığı 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş pul siyasəti icmalının təhlili bır sıra mətləblərə aydınlıq gətirib. Onun sözlərinə görə, həmin icmala görə, bu ilin 1-ci yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. «Valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında, qalan 11%-i isə digər valyutalarda aparılıb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.3 dəfə çoxalıb. Bu dövrdə ticarət balansının müsbət saldosu 5 dəfəyədək azalıb».

İbadoğlu bildirir ki, 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində məzənnə rejimini əsasən dəyişməz saxlayacağını bəyan edən və buna müvəffəq ola bilməyən Mərkəzi Bank, dəyişən rejimdə yeni strategiya qura bilməyib. «Ona görə də Mərkəzi Bankınn son dövrlər həyata keçirdiyi tədbirlər strategiyasız taktikalardır. Belə ki, Mərkəzi Bank 21 fevral 2015-ci ildən etibarən tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində valyuta bazarının fəal iştirakçılarından biri olaraq qalsa da, onun valyuta bazarında əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirməsi yalnız taktiki xarakter daşıyır və inzibatı əsaslara söykənən köhnə məzənnə siyasəti çərçivəsində əvvəllər aparılan əməliyyatların təkrarıdır».

İqtisadçı-alim vurğulayır ki, belə olan halda ölkədə bank sektorunun maliyyə dərinliyinin artırılması, faiz dərəcələrinin aşağı salınması və onun iqtisadi artımda daha effektiv iştirakının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər demək olar ki, heç bir səmərə vermir. «Odur ki, Mərkəzi Bankı 2015-ci il son rübü üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatına yenidən baxmağa və hazırkı situasiyada bazar elementlərinin də rol aldığı yeni məzənnə siyasətinə keçidi təmin etməyə çağırıram. Əks təqdirdə, manatın məzənnəsinin sabitliyinə təhlükələr artacaq və milli valyutanın sabitliyi üçün risklərin minimallaşdırılmasınına nail oluna bilinməyəcək».