Tarix : 21-04-2022, 18:49 | Bölmə: iqtisadiyyat

Qırğızıstanla ticarət-iqtisadi əməkdaşlığın dərinləşməsi Azərbaycana nə vəd edir?Ötən gün Azərbaycan və Qırğızıstan prezidentləri iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladılar. Eyni zamanda iki ölkə arasında Dövlətlərarası Şura təsis edilib. Bütövlükdə 10 vacib sənəd imzalanıb, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviadaşımalar, antiinhisar tənzimlənməsi və əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlığa dair. Yeni sənədlər Azərbaycan və Qırğızıstan arasındakı tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyəti güdür.

Bu Orta Asiya respublikası Azərbaycan mallarının tədarük bazarı kimi elə də əhəmiyyətli rola malik deyil. Ötən il bu regiona (Orta Asiya - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) cəmi ixracımızın dəyər ifadəsində 5%-i onun payına düşüb. Hesabat dövründə Azərbaycan Qırğızıstana 6,023 milyon ABŞ dolları dəyərində məhsul satıb (Qırğızıstanın cəmi idxalının 0,1 %-i), o cümlədən 3,489 milyon ABŞ dolları dəyərində şəkər, 733 min dollarlıq bitkilərdən hasil olan piylər və yağlar, 565 min dollarlıq ağır distillyatlar, 317 min dollarlıq lak və boya maddələri və sair tədarük edib.

Əvvəlki ilə nisbətən ixracın dəyəri 3,3 dəfə artsa da, 2015-ci ilə kimi (2014-cü ildə 25,8 milyon ABŞ dolları, 2013-cü ildə 12,8 milyon ABŞ dolları, 2012-ci ildə 26,7 milyon ABŞ dolları, 2011-ci ildə 21,15 milyon ABŞ dolları) olan səviyyənin çox altındadır. 2015-ci ilə kimi əsas ixrac məhsulları dərman vasitələri və şəkər olub.

Belə ki, Qırğızıstana 2011-2014-cü illərdəki cəmi ixracımızın 47%-ni məhz dərman vasitələri təşkil edirdi. Lakin həmin dövrdən başlayaraq bu məhsulların tədarükü, demək olar ki, dayanıb. Belə ki, 2015-2020-ci illərdə Qırğızıstana cəmi ixracımızda həmin məhsulların payı 0,2%-ə düşüb.

Hazırda Qırğızıstana tədarük etdiyimiz əsas məhsul şəkərdir. O, 2021-ci ildə ən çox şəkər tədarük etdiyimiz ikinci ölkə olub. Anti-Rusiya sanksiyaları fonunda şimal qonşumuz daxildəki istehlak ajiotajından dolayı şəkərin ixracına qadağa qoydu. Şəkərə olan tələbatının yarısını məhz xarici mənbələr hesabına ödəyən Qırğızıstan üçün tədarük kanallarının diversifikasiyası mühüm əhəmiyyət kəsb edir. Bunu bütövlükdə idxaldan asılı olduğu digər məhsullara da şamil etmək olar. Bu mənada yeni sənədlər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Rusiyanın analoqu olmayan sanksiyalar altında olması onun iqtisadiyyatına ciddi zərbə vurub. İqtisadi fəallıq əhəmiyyətli dərəcədə azalıb. Məşğulluqla bağlı problemlər yaranıb, o cümlədən miqrantların işlə təminatı baxımından. Anti-Rusiya sanksiyalarının hələ uzun müddət qüvvədə olacağı şübhə doğurmur. Yəni zamanla iqtisadi tənəzzül meyilləri daha da sürətlənəcək.

Rusiyada Qırğızıstandan olan yüz minlərlə vətəndaşın əməyindən xüsusilə tikinti sektorunda geniş şəkildə istifadə olunur. Mövcud durumda iş yerlərini itirmək təhlükəsi ilə üzləşən bu insanların yenidənməşğulluqla bağlı imkanları çox məhdudur.

Azərbaycan işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı genişmiqyaslı bərpa-tikinti işləri aparır. Ərazilərin minalardan təmizlənməsinə müvafiq olaraq bu işlərin miqyası zamanla daha da böyüyəcək. Bütün bunlar böyük həcmli maliyyə qoyuluşları tələb etdiyi kimi, insan resurslarının mövcudluğunu da tələb edir. Azərbaycan müəyyən məqamda işçi qüvvəsi çatışmazlığı ilə üzləşə bilər. Bu mənada Qırğızıstandan olan işçi miqrantların Qarabağın bərpasına cəlb edilməsi nəzərdən keçirilə bilər.

Qırğızıstan mətbuatının məlumatına görə, Qırğızıstan-Azərbaycan investisiya fondunun yaradılması məsələsi müzakirə edilir. Onun kapitalı bir milyard ABŞ dolları məbləğində nəzərdə tutulur. Bununla yanaşı, “Azergold”la əməkdaşlıq istiqamətləri də müzakirə olunub. Nəzərə almaq lazımdır ki, Qırğızıstan təbii mineral xammalı üzrə əhəmiyyətli potensiala malikdir. Əsas faydalı qazıntılar sırasına qızıl, gümüş, civə, volfram, qalay aiddir. Ölkədə ehtiyatları 100 tondan çox olan bir neçə qızıl, 20 min tondan çox olan iki iri civə yatağı var. “Azergold”un bu sahədə təcrübəsini nəzərə alaraq, bu sektorlar da Azərbaycan investisiyalarının hədəfi ola bilər.

Qırğızıstan tərəfi azərbaycanlı investorları ölkədəki kiçik və orta su elektrik stansiyalarına (SES) investisiya etməyə çağırıb. Söhbət həmçinin Kambaratin SES-in tikintisində iştirakdan gedir.

Hələ 2012-ci ildə Azərbaycan və Qırğızıstan müştərək neft emalı zavodunun tikintisi ilə bağlı razılığa gəldilər. Lakin hər şey kağız üzərində qaldı. Müəssisə illik iki milyon ton xammal istehsal etmək gücünə malik olmalı idi. Qırğızıstanın yanacaq-sürtkü materiallarına olan ehtiyacı illik bir milyon tondur. Ozamankı razılaşmaya əsasən, artıq qalan hissə Əfqanıstan, Tacikistan və digər ölkələrə satılmalı idi. Nəzərə alsaq ki, Qırğızıstan nümayəndə heyəti o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi ilə görüşüb, bu layihənin reabilitasiyasından söhbət gedə bilər.

Bu ölkənin yanacaq-sürtkü materialları bazarı əhəmiyyətli dərəcədə Rusiya şirkətlərinin (“Qazpromneft Asiya” və “Rosneft” ) nəzarəti altındadır. Türk Dövlətləri Birliyində təmsil olunan Qırğızıstan üçün birdən-birə olmasa belə, zamanla Rusiyadan asılılığı azaltmaq və ya ən azından, alternativ tədarük kanalları yaratmaq lazımdır. Ona görə Azərbaycanla Qırğızıstan arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşəcəyi şübhə doğurmur.

“Report” İnformasiya Agentliyi




Oxşar xəbərlər