ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar tennis yarışının qalibi olublar » Memur.az

ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar tennis yarışının qalibi olublar

ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar tennis yarışının qalibi olublarABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar Sabrina və Zarina Novruzovalar Nevada ştatında keçirilən tennis üzrə yarışda çempion olublar.

Çempion bacılar ABŞ-da yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzovun qızlarıdır.

Ü.Novruzov AZƏRTAC-a müsahibəsində qızlarının uğur hekayəsindən danışaraq deyib: “Qızlarım Kaliforniya ştatının San Xose şəhərində anadan olublar. Onlar “Qərb Karyerası və Texniki Akademiya” (West Career and Technical Academy) məktəbində 10-cu sinifdə təhsil alırlar. Onlar ABŞ-ın Tennis Assosiasiyasının (USTA) çempionatında komanda yarışında 1-ci yerə, fərdi yarışda isə 2-ci yerə layiq görülüblər. Qızlarımın məktəbdəki tennis komandası da Nevada ştatı üzrə 1-ci yeri tutub. ABŞ-ın “Las Vegas Review-Journal" nəşri övladlarım haqqında geniş xəbər yayımlayıb. Sabrina və Zarina 8 yaşından tennislə məşğul olurlar və bu, onların ilk uğuru deyil. Onlar indiyədək beynəlxalq yarışlarda 40-dan çox mükafat qazanıblar. Sabrina və Zarinanın ən böyük arzusu peşəkar tennisçi kimi yetişmək, dünyada ən nüfuzlu tennis turniri sayılan “Böyük Dəbilqə” yarışlarında vətənimiz Azərbaycanı təmsil etməkdir. Onlar qazandıqları bütün qələbələrini Azərbaycana həsr ediblər və bundan sonra da onları bayrağımızı ucaldaraq qeyd etmək istəyirlər”.

Ü.Novruzov deyir ki, övladları ABŞ-da anadan olsalar da, məsafələr onları Azərbaycandan uzaq salmayıb. “Onlar Azərbaycan dilində danışır və milli adət-ənənələrimizlə böyüyürlər. Vətəndən uzaqda olsaq da, məsafələr heç nəyi dəyişməyib və biz Azərbaycanla nəfəs alırıq”, - deyə o qeyd edib.