Azərbaycan gimnastı: "Gələn aydan dünya çempionatının hazırlığına başlayacağıq" - MÜSAHİBƏ » Memur.az

Azərbaycan gimnastı: "Gələn aydan dünya çempionatının hazırlığına başlayacağıq" - MÜSAHİBƏ

Azərbaycan gimnastı: "Gələn aydan dünya çempionatının hazırlığına başlayacağıq" - MÜSAHİBƏ

I Avropa Oyunlarının beşqat mükafatçısı, 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan gimnastı Oleq Stepkonun apasport.az saytına müsahibəsi

- I Avropa Oyunlarında medal sayına görə rekordçusunuz. Təəssüratlarınız necədi?

- Hər şeyi nəticə göstərir. Hamı görür ki, Avropa Oyunlarının səviyyəsi yüksəkdi. İdmançıların şikayət etməyə haqları yoxdu. Biz nəticə barədə düşünürdük. Amma necə olacağını bilmirdik. Hər şey əladı. Bu cür uğura imza atdığım üçün şadam.

- Yarışlar ərzində ən güclü rəqibiniz kim idi?

- Bütün rəqiblərim güclü idi. Ayrı-seçkilik edə bilmərəm. Kimisə fərqləndirmək mümkün deyil. Hərəsinin özünəməxsus keyfiyyətləri var. Bu mənada, çətin və eyni zamanda, maraqlı mübarizə getdi. Şadam ki, çıxışım məhsuldar alındı, medallar götürməyi bacardım.

- Konkret olaraq, 5 medal qazanacağınızı gözləyirdizmi?
- Nəticə verəcəyimi gözləyirdim. Amma 5 medal qazanacağım, düzü, ağlıma gəlmirdi. Ümumiyyətlə, yarışda neçə medal qazanacağımı əvvəlcədən heç vaxt düşünmürəm. Mənim elə xasiyyətim yoxdu. Məşqlərdə var gücümlə çalışırdım. Yarışdan öncə bütün diqqətimi məşqlərə yönəltmişdim. Bu da öz bəhrəsini verdi. Necə olacağını isə heç kim qabaqcadan deyə bilməz.

- Əsas rəqiblərinizdən olan David Belyavski Rusiya mətbuatına açıqlamasında hakimlərin qiymətindən narazılığını dilə gətirib. Bununla bağlı nə deyə bilərsiz?

- Mənim hakimlikdən şikayətim yoxdu. Şəxsən mənim çıxışlarımı hakimlər yaxşı qiymətləndirdilər. Qalib gəlmək üçün xallar toplamaq, səhvləri aradan qaldırmaq və ən yaxşı nəticəyə doğru addımlamaq lazımdı. Hakimlikdən narazı qalmaq isə düzgün deyil. Əgər səhvlərin varsa, bu, hakimlərin qiymətində özünü göstərir.

- Bundan sonrakı hədəfləriniz nədən ibarətdi?

- Gəlin, hadisələri qabaqlamayaq. İndiki məqamda birinci növbədə, dincəlmək istəyirəm. Gələn aydan isə dünya çempionatının hazırlığına başlayacağıq.