Azərbaycanın tanınmış avarçəkənlərindən Avropa Oyunları ilə bağlı çağırış » Memur.az

Azərbaycanın tanınmış avarçəkənlərindən Avropa Oyunları ilə bağlı çağırış

Azərbaycanın tanınmış avarçəkənlərindən Avropa Oyunları ilə bağlı çağırış

“Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında ölkəmizi təmsil edəcək yığma komandamızın üzvləri - kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko, dünya və Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, Dünya Kuboku yarışlarının qalibi Sergey Bezuqlıy azarkeşləri onlara dəstək olmağa çağırıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Mingəçevirdə jurnalistlərə müsahibə verən tanınmış idmançılarımız bütün Azərbaycan vətəndaşlarını Oyunlar zamanı fəallıq nümayiş etdirməyə çağırıblar.

Sergey Bezuqlıy hər kəsi idmançılara dəstək olmağa dəvət edib: "Çünki sizin dəstəyiniz bizim üçün çox vacibdir. İdmançı biləndə ki, azarkeşlər məhz onun üçün yarışlara baxmağa gəlib, o zaman biz də özümüzü məsuliyyətli, güclü və inamlı hiss edirik. Öz adımdan söz verirəm - yarışlarda bacardığımı edəcəyəm ki, Azərbaycanın üçrəngli bayrağını yüksəldə bilim”.

Valentin Demyanenko isə avarçəkmə yarışlarında Azərbaycanı təmsil edən idmançıların da çempion olacağına inandığını söyləyib: "Bunun üçün yüksək göstəricilər və yaxşı hazırlığımız var. Məşqlərimiz yüksək səviyyədə davam etdirilir. Yalnız azarkeşlərin dəstəyi qalır. Bizə dəstək olun ki, biz də sizin dəstəyinizdən güc alaraq yaxşı yarışaq və yüksək nəticələr əldə edə bilək”.