Bakının otelləri Avropa Oyunları zamanı çoxsaylı turistləri qəbul etməyə hazırdırmı? - XÜSUSİ REPORTAJ » Memur.az

Bakının otelləri Avropa Oyunları zamanı çoxsaylı turistləri qəbul etməyə hazırdırmı? - XÜSUSİ REPORTAJ

Bakının otelləri Avropa Oyunları zamanı çoxsaylı turistləri qəbul etməyə hazırdırmı? - XÜSUSİ REPORTAJ

"Bizi ölkəmizdə keçiriləcək I Avropa Oyunlarından cəmi bir neçə gün ayırır. Yarışların keçiriləcəyi vaxtda idmançılarla yanaşı on minlərlə avropalı turistin də Azərbaycana səfər edəcəyi gözlənilir. Artıq uzun müddətdir ki, paytaxtda yerləşən otellərdə avropalı qonaqları qarşılamaq üçün hazırlıq işləri görülür".

Hazırlıqlar ilk növbədə qonaqların Bakı Beynəlxalq hava limanından qarşılanıb, bron etdikləri otellərə gətirilməsindən başlanılır. Oyunlar zamanı paytaxtın nəqliyyat sistemində edilən dəyişiklikləri nəzərə alsaq, o zaman turistlərin yollarda əlavə vaxt itirməməsi üçün müəyyən addımlar atılmalıdır. Dünya təcrübəsinə əsaslanan bir sıra mütəxəssislər hesab edir ki, elə hava limanındaca qonaqlara yolların və otellərin sxemləri olan müxtəlif xəritələr və ya bukletlərin verilməsi vacibdir. İkinci mərhələdə otel xidmətlərinin səviyyəsini artırmaq, personala xarici dil kursları keçmək, eyni zamanda onlara xüsusi davranış qaydalarını öyrətmək mütləqdir.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, qonaqları qarşılan ön büronun xidmətini yüksək səviyyəyə çatdırmaq otellərin əsas işlərindən biridir: “Hansı ki, bura qarşılanan qonaqlarda müsbət təəssürat yaratmalıdır. Bununla yanaşı otellərdə qonaqlara göstərilən xidmətlərin çeşidi, keyfiyyəti haqqında da Azərbaycan Turizm Assosiasiyası öz tövsiyələrini verir. Birinci növbədə qonaqlara çap və reklam məhsullarını təqdim etmək lazımdır. Çünki gələn qonaq bu çap məhsulları vasitəsi ilə ölkəmiz haqqında müəyyən məlumatlar əldə edə biləcəklər. Bu zaman mütləq nəzərə alınmalıdır ki, çap məhsulları daha çox ölkəmizin tarixi, mədəniyyəti, milli kulinariyasını və coğrafiyası haqqında olmalıdır".

İqtisadçı ekspertlər isə hesab edir ki, I Avropa oyunları zamanı ölkəmizə gələcək turistlərin sayı 38-40 min nəfərə çatacaq. Artıq paytaxt otellərinin əksəriyyətində yerlər bron edilib. Ekspert Vüqar Bayramlı Avropa Oyunları zamanı Bakıda otellər tamamilə dolacağını düşünür: “Hazırda apardığımız monitorinqlər göstərir ki, bu gün əksər otellərdə yer tapmaq mümkün deyil. Hesab edirik ki, Avropa Oyunları zamanı turizm sektorunun faydalanması baxımından heç bir maneə olmayacaq. Hazırda əsas qarşıda duran məqsəd Oyunlardan sonra ölkəyə turist axınını davam eydirmək və onların ölkəyə yenidən qayıtması üçün ucuz xidmətlər təklif etməkdir".

Statistika göstərir ki, hər il ölkəmizə gələn qonaqların böyük əksəriyyəti İçərişəhər Tarixi Memarlıq Qoruğu ərazində qalmağa üstünlük verirlər. Burada turistlər qədimliklə müasirliyi özündə əks otellərdə qalmaqla yanaşı İçərişəhəri daha rahat şəkildə gəzmək fürsəti əldə etmiş olurlar.

İçərişəhər Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyevin sözlərinə görə, İçərişəhərdə fəaliyyət göstərən otellər öz satışlarını bitirmək üzrədir: “Belə ki, artıq 70-80% yerlər bron edilib. Avropa Oyunlarına biz gözlədiyimizdən də artıq maraq var. İnanıram ki, burada da heç bir problem yaşanmayacaq".

Vüqar Bayramlı hesab edir ki, Azərbaycanda mövcud otellərin 70 faizindən çoxunu 4-5 ulduzlu otellər olduğundan turistlər fərdi yaşayış evlərinə üstünlük verəcəklər: "Otellərin bahalı olması və 1-2 ulduzlu otellərin, eləcə də hostellərin azlığı səbəbindən Avropa Oyunları ilə əlaqədar ölkəyə gələn turistlər daha çox fərdi evlərdə qalır. Kirayə evlər daha ucuz başa gəlir və turistlərin paytaxtda daha artıq qalmaq imkanı yaranır".

İnternetdə alqı-satqı elanlarına nəzər yetirdikdə məlum olur ki, həqiqətən də son günlər turistlərə kifayət qədər yeni mənzillər təklif olunur. Bunlar daha çox 1 və ya 2 aylıq kirayə verilən evlərdir. 1 aylıq kirayə haqqı isə 300-500 manat arası dəyişir. Bununla yanaşı gündəlik təklif edilən mənzillərin də sayında xeyli artım müşahidə edilir. İndi Avropa Oyunlarının açılış mərasimi üçün bir neçə günlük ölkəmizə gələn şəxslər 50-80 manat verməklə bir günlük mənzil kirayələyə bilərlər. Lakin bu zaman gəlirlər dövlətin deyil, fərdi şəxslərin büdcəsinə keçməsinə səbəb olacaq. Ekspertlər isə gələcəkdə bu kimi halların qarşısının alınması üçün yeni təkliflər irəli sürür.

Vüqar Bayramlının sözlərinə görə, Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi baxımında az ulduzlu və ulduzsuz otellərin inşasının davam etdirilməsinə və onların stimullaşdırılmasına ehtiyac var: “Bu baxımdan təklif edirik ki, hökumət az ulduzlu və ya ulduzsuz otellərin inşasına subsidiyalar ayırsın. Bu həm subsidiyalar və ya güzəştli kreditlər formasında ola bilər. Bu zaman praktik olaraq dövlət iş adamlarını stimullaşdırsın ki onlar ucuz otellərin inşasında maraqlı olsunlar".

Avropa Oyunlarının keçiriləcəyi müddət ərzində yerli turizm şirkətləri tərəfindən ölkənin müxtəlif bölgələrinə turlar da təşkil etməyə hazırlaşır. Şirkətlər Avropa Oyunlarının keçiriləcəyi müddət üçün yeni turların təqdim olunmasına ehtiyac görmürlər. Qonaqlara həmin müddət üçün də hazırda istifadə edilən tur paketlər təqdim olunacaq. Bu turlar Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarına - Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala zonalarına səyahəti nəzərdə tutur.