Avropa Oyunlarının məşəlinin son ünvanı Şirvanşahlar Sarayı olacaq » Memur.az

Avropa Oyunlarının məşəlinin son ünvanı Şirvanşahlar Sarayı olacaq

Avropa Oyunlarının məşəlinin son ünvanı Şirvanşahlar Sarayı olacaq

I Avropa Oyunlarının məşəli Bakı şəhərində, o cümlədən İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız Qalasında saxlanılacaq. İyunun 9-da məşəl Bakıdakı bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş qədim İçərişəhərə gətiriləcək.

Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına aparılacaq. Daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı Karvansaralarının yaxınlığından keçərək Qız Qalası meydanına çıxacaq. Səfər marşrutu Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

Məşəlin səyahəti ilə əlaqədar iyunun 8-9-da İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

İdarədən əlavə ediblər ki, məşəli 11 iyunda Qız Qalasından götürülərək 12 iyunda açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən “Sadko” limanına aparılacaq.