Bakı-2015: “İlk Avropa Oyunları qədim Bakı torpağında” » Memur.az

Bakı-2015: “İlk Avropa Oyunları qədim Bakı torpağında”

Bakı-2015: “İlk Avropa Oyunları qədim Bakı torpağında”

Bu gün Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnının və klipin təqdimat mərasimi keçirilib. Yarışın təşkilat komitəsindən apasport.az saytına verilən məlumata görə, mərasimə gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və bir sıra təşkilatların rəhbər şəxsləri qatılıblar.

Tədbirdə çıxış edən Rəhimov və Kərimov idman azarkeşlərini gözəl mahnı və maraqlı klip münasibətilə təbrik edərək, Azərbaycan incəsənət ustalarına təşəkkür ediblər.

ASAN Xidmət könüllülərinin təşəbbüsü ilə hazırlanan klip ilk dəfə bu gün nümayiş edilib və mərasimə toplaşanların alqışları ilə qarşılanıb.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru bildirib ki, Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələri təqdirəlayiq haldı: “Klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən çox gözəl bir hədiyyədi. İnanıram ki, bu mahnı və klipi tək idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək”.

ASAN xidmətin sədri isə vurğulayıb ki, Azərbaycanda idmana dövlət qayğısı və bu sahəyə maraq ilbəil artmaqdadı: “Qitə tarixində ilk dəfə olaraq, məhz Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacaq. İnanıram ki, bu gün təqdim olunan mahnı və klip idmançılarımıza bir töhfə olacaq”.