İlqar Rəhimov: İlham Zəkiyevin güllə yarasının fəsadları özünü biruzə verir » Memur.az

İlqar Rəhimov: İlham Zəkiyevin güllə yarasının fəsadları özünü biruzə verir

İlqar Rəhimov: İlham Zəkiyevin güllə yarasının fəsadları özünü biruzə verirMilli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimovun Oxu.Az saytına müsahibəsi

– Yaxınlarda paracüdo üzrə Qran Prini keçirdiniz. Yarış ürəyinizcə oldumu?

– Bizim üçün çox böyük sınaq idi. Komitəmiz ilk dəfə bu səviyyədə Bakıda idman tədbiri keçirirdi. Özünüz gördünüz ki, çox ciddi hazırlaşmışdıq. Mənim gəldiyim qənaət budur ki, biz bunu bacardıq. Əməkdaşlarımıza, bizim yanımızda olan insanlara, idmançılarımıza bu baxımdan təşəkkürümü bildirirəm. İnşallah, gələn il bu vaxtı Bakıda yenə bu səviyyədə paracüdo üzrə Dünya Kuboku keçirəcəyik. İdmançılarımızın hazırlıq səviyyəsi komitə sədri kimi məni qane edir. Düzdür, müəyyən qədər idmançılar yenə öz üzərlərində işləməlidirlər. Tokio Paralimpiya Oyunlarına kimi vaxtımız var. Bugünkü məqsədimiz həmin Oyunlar üçün lisenziya xalları qazanmaq idi. Əminəm ki, paracüdoçularımız bizi Tokioda da layiqincə təmsil edəcək.

– İlk gündə doqquz medal qazansaq da, ikinci yarış günündə cəmi iki medal qazana bildik. Narazı qaldığınız idmançılar kimlər oldu?

– Təbii ki, ilk baxışdan hər bir idmançının hazırlıq səviyyəsi eyni deyil. Bu da nəticələrdə özünü göstərir. Ola bilsin ki, bəzi idmançılarda bəxtsizlik oldu, püşkdə ağır səbətə düşdülər. Amma bu o demək deyil ki, idmançılarımız bunun öhdəsindən gəlməməlidirlər. Biz bundan nəticələr çıxarmalıyıq. Ola bilsin ki, hazırlıqlarda müəyyən düzəlişlər edək. Öz ustalığımızı belə yarışlarda göstərməliyik. Amma bizim üçün ən ali medal Paralimpiya medalıdır.

– İlham Zəkiyev bu yarışda medalsız qaldı. Onun bürünc medal uğrunda görüşü barədə nə deyə bilərsiniz?

– Özünüz gördünüz ki, çox dramatik görüş keçdi. Ümumiyyətlə, İlhamın bu yerə qədər gəlməsi mənim üçün gözlənilməz oldu. Əvvəllər uduzduğu yaponiyalı Kento Masakiyə ilk görüşündə qalib gəldi. İkinci qarşılaşdığı özbək idmançısı ilə görüşdə müəyyən qədər sayıqlığı əldən verib uduzdu. Bürünc medal uğrunda görüşdə gürcü paracüdoçu ilə görüşdə zədələnməsini də qeyd etməliyik. Ümumiyyətlə, deyə bilərəm ki, İlhamın sağlamlıq durumu o qədər də yüksək səviyyədə deyil. Düzdür, müəyyən müalicə alıb, kurs keçib, amma güllə yarasından olan fəsadlar özünü biruzə verir. Bununla belə, o, böyük idmançıdır. Ağrılara baxmayaraq, o heç bir rəqibinə bunu hiss etdirmədi. O, sonacan döyüşdü və hamımızı şərəfləndirdi.

– Elə həmin çəkidə baş tutan final görüşü turnirin ən son qarşılaşması idi. İlham Zəkiyevin yarımfinalda uduzduğu Şirin Şərifovun finalda qalib gəlməsi yəqin ki ovqatınızı təlx etdi...

– 11 medal sayına görə yenə birinci olduq. Amma son görüşədək medal əyarında Özbəkistanı qabaqlayırdıq. Özbək idmançının qalib gəlməsi ilə onlar dördüncü qızıl medallarını qazanıb birinci oldular. Eybi yox, gələn dəfə birinci biz olarıq (gülür).

– Tanınmış cüdoçumuz Zülfiyyə Hüseynova da Qran Pridə medalsız qaldı...

– Görünür, o hələ tam hazır deyil. Bildiyiniz kimi, o ilk dəfə ötən il Portuqaliyada keçirilən paracüdo üzrə dünya çempionatında iştirak etdi. Orda da fərdi görüşlərdə medalsız qaldı, yalnız komanda yarışlarında bürünc medal qazandı. Amma hesab edirəm ki, bu yarışda daha uğurlu çıxış etdi. Hesab edirəm ki, 26-28 iyulda İtaliyanın Cenoa şəhərində keçiriləcək Avropa çempionatında, ilin sonunda Özbəkistanda keçiriləcək Dünya Kubokunda idmançılarımız daha yaxşı hazırlıqlı olacaqlar. İlin sonunda Özbəkistanda biz öz sözümüzü deyəcəyik.

– Paralimpiya Oyunları üçün neçə lisenziya hədəfləmisiniz?

– Hesab edirik ki, hər bir çəki kateqoriyasında idmançılarımızın Tokioda iştirak etmə şansı var. Onların reytinqdə tutduqları yer, hazırlıq səviyyələri tam heyətlə orda iştirak etmə şansımızı artırır. Digər idman növlərinə gəlincə, Rio Paralimpiya Oyunlarından daha çox sayda idmançı ilə qatılmağı planlaşdırırıq. Düzdür, bizdə yeni idman növləri də artıq var. Məsələn, parataekvondo. Proqnozumuza görə, orda 30 idmançı ilə təmsil olunmalıyıq. Bu sayda idmançı ilə qatılmaqla daha çox medal qazanmaq və ilk “20-liy”ə düşmək istəklərimiz arasındadır.