Rəşad Sadıqov: İngiliscə bilmədiyimdən bir-birimizi düz anlamadıq » Memur.az

Rəşad Sadıqov: İngiliscə bilmədiyimdən bir-birimizi düz anlamadıq

Rəşad Sadıqov: İngiliscə bilmədiyimdən bir-birimizi düz anlamadıqSözün düzü, meydanda bir az gərgin idik. Əslində matçdan öncə çox danışmışdıq ki, gərginlik olmasın. Hətta oyundan öncə “Neftçi”nin kapitanı Ruslan Abışova demişdim ki, oyunçuları maksimum sakitləşdirək ki, oyun sakit keçsin. Amma elə oldu ki, özüm gərginləşdim.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

O dünən “Neftçi”yə 3:2 qalib gəldikləri görüşdə aqressiv olması barədə danışıb: “Oyun elə getdi ki, durduğumuz yerdə gərginləşməyə başladıq. Bəzi epizodlar üst-üstə gəldi. Birinci hissədən sonra isə hər iki komanda sakitləşdi və ikinci yarıda meydanda yalnız futbol gördük. Qurban müəllim məni əvəzlədi. Fikrimcə, bu o an üçün düzgün qərar idi.

Mükafatlandırma mərasimi vaxtı “Neftçi”nin yunanıstanlı futbolçusu Vanqelis Platellasla bir-birimizi dil bilmədiyimizdən, düz anlamadıq. Sonradan bir-birimizi başa düşdük. Əllərimizi sıxdıq”.

“Qarabağ” mükafatlandırma mərasiminə üzərinə “Çempion” yazılmış xüsusi formalarla qatılıb. Yalnız Rəşad Sadıqov belə forma geyməmişdi. O, saytımıza açıqlamasında buna belə aydınlıq gətirib:

“Həmin formalardan birini geyindim. Əynimə çox böyük oldu deyə, çıxartdım”.

Yeri gəlmişkən, oyunda olduğu birinci hissədə Rəşad Sadıqov “Neftçi”nin italyan baş məşqçisi Roberto Bordinlə də mübahisə edib. Bordin keçirdiyi mətbuat konfransında əsəbləşməsini qol vurularkən Sadıqovun bunu onların gözü önündə emosional şəkildə qeyd etməsi ilə əlaqələndirib.