“Formula-1”dən yadda qalanlar: 12 milyon dollarlıq lyuk qəzası və digərləri » Memur.az

“Formula-1”dən yadda qalanlar: 12 milyon dollarlıq lyuk qəzası və digərləri

“Formula-1”dən yadda qalanlar: 12 milyon dollarlıq lyuk qəzası və digərləriAzərbaycan daha bir “Formula-1” yarışını arxada qoydu.

Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın təşkilatçılığı ilə keçirilən dördüncü yarış idi. Ümumiləşdirərək, yarışa nəzər salaq.

Lyuk qəzası

İlk gün “Formula-1” çox söz-söhbətli keçdi. Sərbəst yürüş zamanı qəza keçirən “Uilyams” komandasının britaniyalı pilotu Corc Raslın bolidi kanalizasiya lyukuna ilişdi. Nəticədə bolidin ortası sıradan çıxdı və mühərrik avtomatik olaraq söndü. Pilot isə nə baş verdiyini anlamayaraq, boliddən düşdü.Bolidi boksa evakuatorla aparmalı oldular. Üstəlik, evakuatorun bolidi apararkən kran hissəsinin yerüstü keçidə tuş gəlməsi xoşagəlməz halı bir qədər də artırdı. Sərbəst yürüşlərin sessiyası isə ləğv olundu. Səbəb isə FIA tərəfindən trek üzərində olan 350-yə yaxın lyukun yoxlanılması idi. Lyuklar yoxlanıldıqdan sonra yarışlara yenidən start verildi.

Çoxları bu məsələdə təşkilatçı tərəf - Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətini suçladı. Sonradan BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Tikinti Şöbəsinin rəhbəri Tom Buçer tərəfindən yayılan açıqlamada məlum oldu ki, məsuliyyət daşıyan tərəf elə FIA-dır. Çünki FIA məhz trekləri Bakı Şəhər Halqasından təhvil almış və heç bir problemin olmadığına qərar vermişdi.Həmçinin məlum oldu kimi, lyuk qəzaları əvvəllər Çin, Monako və Malayziya Qran Priləri zamanı da baş verib. BŞH icraçı direktoru Arif Rəhimov isə xarici mətbuata verdiyi açıqlamasında, “Uilyams” komandasından üzr istədiklərini etiraf etdi.

Çünki “Uilyams”ın əsas bolidlərindən birinə kimin səhvi olmasından asılı olmayaraq, ziyan dəymişdi. Bu üzdən də komanda ikinci sərbəst yürüşə, sıralama turuna və əsas yarışa ehtiyat bolidlə çıxmalı oldu. Şirkətin rəhbəri Frank Uilyamsın qızı Kler Uilyams kompensasiya istəyəcəklərini bildirdi.Hazırda FIA bunun üçün dəyən zərəri hesablayır. “Moto GP News”un məlumatına görə, təxminən 12 milyon dollar qarşı tərəfə kompensasiya verilməlidir. Bu xərcləri sığorta şirkəti qarşılayacaq.

Təbii ki, lyuk qəzasının olması üç gün ərzində Azərbaycanın və Bakının adının daha çox hallanmasına səbəb oldu. Çünki qəzalar hər zaman belə yarışlara marağı artırır.

Bu üzdən əksəriyyət ikinci gün baş verənləri maraqla gözləyirdi.

Bundan əvvəl isə ikinci sərbəst yürüş zamanı “Racing Point” komandasının sürücüsü Lens Strolun idarə etdiyi bolid beton səddə çırpıldı. Zərbənin gücündən maşının sol təkəri sıradan çıxdı. Bolid isə trasdan evakuasiya olundu.İçərişəhər qəzaları

Sıralama turu da kifayət qədər maraqlı alındı. Bu dəfə “Uilyams” komandasının polşalı pilotu Robert Kubitsa idarəetməni itirərək İçərişəhər döngəsində səkiyə çırpıldı. Bolidin trekdən götürülməsi və həmin ərazinin marşallar tərəfindən təmizlənməsi üçün bütün pilotlar pit xəttinə qayıtmalı oldu. Sessiyada fasilə təxminə 25 dəqiqə davam etdi.Hər şey yoluna düşdükdən sonra sıralama turuna qaldığı yerdən davam etdirildi. Lakin bu dəfə də qəzadan pilotlar yan keçə bilmədi. Belə ki, “Ferrari”nin pilotu Şarl Lekler də təxminən eyni nöqtədə sükanı tənzimləyə bilmədi və onun bolidini evakuatorla bolidə apardılar. Sıralama turu yenidən müəyyən fasilədən sonra davam etdirildi.Nəticədə bu dəfə “Mercedes” komandasının pilotu Valteri Bottas yarışı lider olaraq bitirdi. Onun göstəricisi 1:40,495 oldu. İkinci yerə onun komanda yoldaşı Luis Hamilton çıxdı. O, 1:40,554 göstərici ilə komanda yoldaşına uduzdu. Üçüncü yeri isə “Ferrari” komandasının pilotu Zebastian Fetel tutdu. Almaniyalı pilot 1:40,797 göstərici ilə üçüncü yerdə qərarlaşdı.

Dörd pilot Azərbaycan Qran Prisini başa vura bilmədi

Yarışdan əvvəl Azərbaycanın himninə pilotlar və tamaşaçılar fərqli üslubda qulaq asmaq imkanı əldə etdi. Belə ki, əməkdar artistlər – Nurlan Növrəsli və Bəyimxanım Vəliyeva himnimizi fərqli formatda oxudu. Onlar müvafiq olaraq, muğam və klassik üslublarda ifa etdilər. Onları Əməkdar artistlər – tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violençeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət etdilər.Yarış isə öncəki illərdən fərqli olaraq, qəzasız ötüşdü. Təbii ki, “Reno”dan Daniel Rikkardonun “Toro Rosso”nun rusiyalı pilotu Daniil Kvyatın bolidinin qarşısını kəsərək hər iki komandanı geri salması faktını nəzərə almasaq. Daha təcrübəli Rikkardo bolidini geriyə çəkərkən Kvyatın bolidinə çırpması isə yarışın daha bir yaddaqalan məqamlarından oldu.Bundan başqa, fransalı pilotlar – Pyer Qasli (“Red Bull”) və Romen Qrojan (“Haas”) bolidlərində yaranan nasazlıq səbəbindən yarışı başa vurmalı oldu.

Sıralama turunda qeydə alınan nəticədə isə heç bir dəyişiklik olmadı. Belə ki, “Mercedes” komandasının pilotu Valteri Bottas 51 dövrəlik, altı kilometrlik məsafənin yekununda bütün rəqiblərini qabaqladı. Finlandiyalı 1 saat 31 dəqiqə 52,942 saniyəlik göstərici ilə birinci oldu. Onun komanda yoldaşı Luis Hemilton ikinci yeri tutdu (+1,524 saniyə). “Ferrari”nin sürücüsü Zebastian Fetel isə üçüncü sırada finiş etdi (+11,739 saniyə).Qeyd edək ki, Bakıda keçirilmiş əvvəlki Qran Prilərdə “Mercedes”dən Niko Rosberk (2016), “Red Bull Racing”dən Daniel Rikkardo (2017) və “Mercedes”dən Luis Hemilton (2018) qalib olub. Göründüyü kimi, hələ ki Azərbaycan daha çox Almaniya komandası üçün uğurlu trek rolunu oynayır.

Əyləncə öz yerində

Bu il Bakıya üç yox, iki xarici müğənni təşrif buyurdu. Bunlardan biri britaniyalı Cessi Cey oldu. O, son anda səhhəti pisləşmiş Sem Smiti əvəzlədi. Aprelin 28-də isə amerikalı Kardi B sevənlərini feyziyab etdi.