Muarem Muarem: "Aqressivliyə ehtiyac yox idi" » Memur.az

Muarem Muarem: "Aqressivliyə ehtiyac yox idi"

Muarem Muarem: "Aqressivliyə ehtiyac yox idi""Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi" üzərində 2:0 hesablı qələbə qazandıqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin olacağını bilirdik. "Neftçi" son turlarda uğurlu çıxış edirdi. Oyunlarını izləmişdik. Amma biz bu gün oyuna yaxşı başladıq və nəticədə qalib gəldik. Buna görə şadıq.

- "Neftçi"yə qarşı əvvəllər də oynamışdınız. Bu komanda çoxmu dəyişib?

- Çoxlu gənc futbolçu peyda olub. Amma yenə də bu komandaya qarşı oyunlarımız çətin olur. Onlar özlərini yaxşı tərəfdən göstərə bildilər.

- Əvvəlki Muaremi nə vaxt görə biləcəyik?

- Son 5-6 ayda Türkiyədə olarkən 3-4 oyunda meydana çıxmışdım. İndi öz üzərimdə çalışıram. Komandaya daha çox fayda vermək üçün əlimdən gələni edirəm.

- Deməli, sizdə əsas çatışmazlıq oyun təcrübəsi ilə bağlıdır?

- Bəli. Bu da normaldır. Çünki uzun müddət idi, meydandan kənarda qalmışdım. Əvvəlki formanı yığmaq üçün vaxt lazımdır.

- Əksəriyyət bu oyunun bol qollu və aqressiv alınacağını düşünürdü. Sizcə, niyə gözləntilər özünü doğrultmadı?

- Prinsipcə, hər şey necə lazımdır, elə də alındı. Aqressivliyə də ehtiyac yox idi. Ümid edirəm ki, bütün oyunlar belə keçər.

- "Qarabağ" bu mövsüm ilk dəfə "Neftçi"yə qalib gəldi. Qurban Qurbanov bunun üçün nəsə hazırlamışdı?

- Xeyr, heç bir xüsusi hazırlıq olmamışdı. O, hətta AZAL-a məğlubiyyətdən sonra da belə oynamağa davam etməyimizi tapşırmışdı. Qələbə isə öz-özünə gəlir.

- Əsas izləyiciniz "Zirə" ilə xal fərqiniz elə də çox deyil. Bu üstünlüyünüzü marta qədər qoruya bilsəniz, çempionluğu özünüz üçün təmin edə bilərsiniz?

- Xal fərqinin olması yaxşıdır. Amma marta hələ çox var. Elə çempionluqdan da danışmaq tezdir.