""Qəbələ" tarixinin ən çətin oyununa çıxacaq" » Memur.az

""Qəbələ" tarixinin ən çətin oyununa çıxacaq"

""Qəbələ" tarixinin ən çətin oyununa çıxacaq"

"Qəbələ" klubunun müdafiəçisi Məhəmməd Mirzəbəyovun apasport.az saytına müsahibəsi

- Avropa Liqasının qrup mərhələsinin növbəti turu çərçivəsində bu gün "Borussiya"nın qonağı olacaqsız. "Qəbələ"nin Dortmundu xal və ya xallarla tərk etmək şansı nə dərəcədə realdır?

- Ağır oyun olacaq. Buna baxmayaraq, sona qədər döyüşmək və sərfəli nəticə əldə etmək lazımdır. Fikrimcə, "Qəbələ" tarixinin ən çətin oyununa çıxacaq.

- Ukraynalı qapıçı Dmitri Bezotosnının yoxluğu komandaya böyük problem yaradacaqmı?

- Bezotosnı, həqiqətən, yaxşı qapıçıdır. Zədələnməsi heç də yaxşı olmadı. Amma "Qəbələ"də başqa qapıçılar da var və onlar da hər an meydana çıxmağa hazırdırlar.

- "Borussiya"nın heyətində Henrik Mxitaryanın da meydana çıxacağı gözlənilir. Bu amil sizi daha da həyəcanlandırırmı, yoxsa buna o qədər də fikir verməməyə çalışırsız?

- O, yaxşı futbolçudur. Ümumiyyətlə, "Borussiya"da pis oyunçu yoxdur. Kastro və Hoffmannı da qeyd edərdim. Bir sözlə, rəqibin heyətində hər bir futbolçuya qarşı xüsusi diqqətli olmalıyıq. Meydanda heç birini boş buraxmaq olmaz.

- Komanda yoldaşlarınız "Qəbələ"nin qrupdan çıxmaq şansının bu oyundan asılı olduğunu deyirlər...

- Tamamilə razıyam. Dortmundda qeydə alınacaq nəticə bizim üçün böyük önəm kəsb edir. Əgər xal və ya xallar qazansaq, şansımız qalacaq. Əks halda isə qrupdan çıxmaq bizim üçün xəyal olacaq.

- Amma ölkə çempionatının son turlarında qeydə alınan nəticələr komandanın hazırda heç də yaxşı vəziyyətdə olmadığını göstərir...

- Düzdür, son turlarda qələbə qazana bilmirik. Futbolda belə hallar olur. Avroliqadakı çıxışımız çempionatdakı oyunumuza mənfi təsir etmir. Komandanın problemi odur ki, qol vura bilmirik. Bununla hücumda çatışmazlığın olduğunu demək istəmirəm. Sadəcə, qol vəziyyətlərini dəyərləndirməklə bağlı sıxıntı yaşayırıq. Əgər bunu aradan qaldırsaq, yaxşı olar. Yenə deyirəm, problem hücum xətti ilə bağlı deyil. Biz "Xəzər Lənkəran"a 6:0 hesabı ilə qalib gəlmişdik, digər oyunlarda da çox qol vurmuşuq. Amma indi qol vurmaqda çətinlik çəkirik. Səbəbini bilmirəm.

- Qol epizodlarını lazımınca dəyərləndirə bilməyən komandanın ölkə çempionu olacağı inandırıcı görünürmü? Axı qələbə qazanmaq üçün qol vurmaq lazımdır...

- Şansımız var. Hələ çempionatın əvvəlidir. Qarşıda 25 tur var. Çempionluq mübarizəsi mövsümün sonuna qədər davam edəcək.