Millimizdən 2022-ci ilə uğurlu start » Memur.az

Millimizdən 2022-ci ilə uğurlu start

Millimizdən 2022-ci ilə uğurlu startBolqarıstanda keçirilən Dan Kolov-Nikola Petrov beynəlxalq turnirinə yekun vurulub.

Güləş Federasiyasından verilən məlumata görə, fevralın 17-dən 20-dək davam edən Memorial sərbəst güləşçilərimiz üçün ilin ilk yarışı olub və 2022-ci ilə start uğurlu alınıb.

Belə ki, baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Veliko-Tırnovo şəhərində xalçaya çıxan 12 pəhləvanımızdan 8-i fəxri kürsüyə qalxıb. Cəmi 4 idmançımız medalsız qalıb ki, onların da 3-ü məhz zədələndiyi üçün mübarizəni sonadək davam etdirə bilməyib.

Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) yarışın baş mükafatına yiyələnib.

Turan Bayramov (74 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medal qazanıb.

Abakarov həm də turnirin ən yaxşı sərbəst güləşçisi mükafatına sahib çıxıb. Beləliklə, komandamız yarışı 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. 

Qeyd edək ki, millimiz üçün növbəti sınaq fevralın 24-27-dək İstanbulda keçiriləcək ilin ilk reytinq turniri olacaq. Türkiyədəki yarışda yığmamızın digər üzvlərinin iştirakı nəzərdə tutulub.