Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqlədi » Memur.az

Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişiklikləri təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məcəlləyə aşağıdakı məzmunda 33.3-cü maddə əlavə edilib:

“33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.”.

2. 34-cü maddə üzrə:

2.1. 34.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34.1.7-ci maddə əlavə edilsin:

“34.1.7. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi.”.

2.2. aşağıdakı məzmunda 34.3-cü maddə əlavə edilsin:

“34.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.”.

3. 51-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“51.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

51.2. Bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.

51.3. Bu Məcəllənin 51.1 və 51.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda – əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.”.

4. 236.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“yüz manat miqdarında cərimə edilir.”.

5. 297-ci maddənin sanksiyasında “otuz manatdan qırx” sözləri “əlli manatdan yüz” sözləri ilə əvəz edilsin.

6. 307-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“əlli manatdan yüz manatadək miqdarda cərimə edilir”.

7. 307-1.2-ci maddənin sanksiyasında “on manatdan on beş” sözləri “əlli manatdan doxsan” sözləri ilə əvəz edilsin.