Büdcəyə qənim kəsilmiş "troyka" "dvoyka"ya çevrilir » Memur.az

Büdcəyə qənim kəsilmiş "troyka" "dvoyka"ya çevrilir

Büdcəyə qənim kəsilmiş "troyka" "dvoyka"ya çevrilir

Qoy xızılılar desin, bu "yenilik" münasibətilə Xəzər Aslanova görəsən nə düşür?

Ötən saylarımızda Xızı rayon icra aparatı rəhbərliyinin təmsilçiləri tərəfindən rayonda vətəndaşların hüquqlarını pozan qanunsuz əməllərə rəvac verməsi ciddi tənqid atəşinə tutulmuşdu. Yazıdan sonra redaksiyamıza telefon açmağa başlayan oxucularımız minnətdarlıqlarını bildirməklə yanaşı Xızının icra başçısı tərəfindən rayonu ekoloji fəlakətə sürükləyən qanunsuz əməllərə baş vurulduğunu söylədilər.

Qeyd etdilər ki, strateji sahələrdən olan yaşıllıqlara hələ də divan tutulur, yüzlərlə hektar qoruq sahələri hərraca qoyularaq ayrı-ayrı şəxslərə satılır. Belə biabırçılığın davam etməsi ciddi problemlər yarada bilər. Bəzi fikirlərini bizimlə bölüşən oxucularımızın yekdil rəyi isə belədir ki, Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən Xızı rayon rəhbərliyinin qarşısına qoyulmuş vəzifələr nəinki yerinə yetirilmir, hətta xalqı dövlətdən narazı salan qanunsuzluqlara rəvac verilir. Belə əməllərin başında duran "klyuçevoy" fiqur isə başçının çooox səlahiyyətli müavini Azər Əlizadədir. Xızı rayon icra aparatı başçısının müavini Azər Əlizadənin dövlətə və dövlətçiliyə sədaqətli, yerli əhalinin hörmət və ehtiramını qazanmış kadrlara qarşı yürüşünün kökündə hansı gizlinlərin yatdığını yalnız ehtimal etmək olar. Xızılılar arasında "pendir əməliyyatları" ilə tanınmış bu şəxsin əqidəsi hüquq-mühafizə orqanları üçün əməlli-başlı araşdırma mövzusu rolunu oynaya bilər. Belə ki, Azər Əlizadə Xızıda radikal dini cərəyanlardan birinin yaxın himayəçisi kimi tanınır. Görünür buna kifayət qədər əsaslar olduğu üçün başçının müavini bir dövlət qulluqçusu kimi öz cavab hüququnu "işə salmağa" hələ ki, tələsmir. Hər halda, bütün bunlar, eləcə də rayon icra aparatı başçısının kadr "islahatı" adı ilə işlətdiyi inzibati-amirlik metodları Xızı camaatının nəzərindən yayına bilməz. Bəzi vətəndaşların qənaətincə başçı Xəzər Aslanov əksər hallarda vaxtilə çalışdığı polis orqanlarında mənimsədiyi "kəsərli" metodlara daha artıq önəm verməkdə mahirdir. Xızıda hörmət və nüfuz sahibi olan sahibkarların "37-ci illərin repressiyalarına bənzər" çirkin üsullarla təhdid edilməsi rayon camaatı arasında narazılıqla qarşılanır. Xızı RİH-nin aqrar məsələlər üzrə müavini işlədiyi qısa müddət ərzində Arzu Əzizov rayonda taxıl sahələrinin hektar göstəricilərinin şişirdilməsi kimi çox təhlükəli bir ənənəni davam etdirə bilmədi. Bu yolla fermerlərin adına yazılan dövlət dotasiyaları əslində başçı ilə müavini tərəfindən bölüşdürülürdü. Lakin dövlət başçısının kənd təsərrüfatı ilində imzaladığı mühüm qərarlardan sonra Arzu Əzizovun şansları xeyli azalaraq icra başçısı müavininin müavini səviyyəsinədək endirildi. Bu həm də başçı Xəzər Aslanovun Azər Əlizadə-Arzu Əzizov qarşıdurması vastəsilə axtardığı şəxsi dividendlərin "müjdəsi" oldu. Büdcə vəsaitlərinin mənimsənilməsi üçün ayrı-ayrı şəxslərin adına təsis edilmiş şirkətlərin işinə ümumi nəzarət Arzu Əzizova verildi. Bu isə Azər Əlizadənin şərti olaraq 482000-82000 adlandırılan daha bir "əməliyyatının" fiaskoya uğramasına bir işarə oldu. Bu məsələdə öz qohumu olan sahibkarla çox ciddi qarşıdurmaya çıxan Azər Əlizadənin icra başçısı Xəzər Aslanovun yanında qəbahəti varmı, yoxmu, bilmirik. Bildiyimiz odur ki, Xəzər Aslanov az qala bu məsələdə qardaşının güdazına gedəcəkdi. Yuxarıların bu məsələyə görə kəskin irad və təhdidlərinə baxmayaraq vəzifəsində qala bildi, hələlik. Çünki, Xızının icra başçısının ayağına yazılan maxinasiya və qanunsuzluqların miqyası o qədərdir ki, artıq heç bir vəzifəli şəxs onun əməllərinə haqq qazandırmaq kimi riskli bir işin məsuliyyətini üzərinə götürmək istəmir. Hər halda, son bir neçə ildə icra aparatı başçısının səhiyyə, təhsil, mədəniyyət sahələrinə, habelə yol tikintisi və təmiri işlərinə ayrılan milyonlarla manat büdcə vəsaitlərinin xərclənməsini Arzu Əzizova həvalə etməsi özülü qaranlıq layihələrin əsas ortağı olduğunu təsdiqləyb.Başqa sözlə desək, Xızıda büdcəyə qənim kəsilmiş məmurlar öz əməllərini arxayınlıqla davam etdirməkdədir: sadəcə bu dəfə "troyka" "dvoyka"ya çevrilib. Bu yenilik münasibətilə Xəzər Aslanova görəsən, təbrik düşürmü?


Məzahir Məmmədli