Mingəçevir Turizm Kollecində rüşvət biabırçı həddədir » Memur.az

Mingəçevir Turizm Kollecində rüşvət biabırçı həddədir

Mingəçevir Turizm Kollecində rüşvət biabırçı həddədir

Məktəbin direktoru Eyyub Eyyubov rüşvət və korrupsiyaya qarşı mübarizədən xəbərsizdir

Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizəyə çoxdan start verilsə də, bu yöndə hələ ki, ciddi bir nəticənin əldə olunduğunu söyləmək mümkün deyil. Ona görə ki, ən azə ölkə mətbuatında yazılanları, çoxsaylı şikayətləri nəzərə alsaq, görünən odur ki, həyata keçirilən bütün tədbirlər sadəcə kosmetik xarakterlidir və bir çox məmurlar hələ də prezident İlham Əliyevin tapşırıqlarını qulaqardına vurmaqla məşğuldurlar. Müşahidələrə əsasən demək olar ki, xüsuilə, əyalətdə hər şey öz axarında davam edir və rüşvət və korrupsiyaya qarşı mübarizənin başlaması xəbəri paytaxtın uzaqlarına gedib çatmayıb.

Bu günlərdə reportyor.com-a Mingəçevir şəhərindən daxil olan məlumat və şikayətlər də yuxarıda deyilənləri təsdiqləyir. Xüsusilə, Mingəçevir Turizm Kollecindən gələn şikayətləri eşitdikdə mat-məhəttəl qalmaya bilmirsən. Görünür, Kollecin direktoru Eyyub Eyyubov ya ölkədə rüşvət və korrupsiyaya qarşı aparılan mübarizədən, prezidentin göstərişlərindən xəbərsizdir, ya da qanunlardan və prezidentdən qətiyyən çəkinməmək üçün bir əsası var.

Bu kollec haqqında şikayətlər, dediyimiz kimi, həddindən artıq çoxdur. Onlardan qısaca olaraq bəzilərini təqdim edirik ki, oxucuda da yazdıqlarımız barədə bir təsəvvür formalaşsın.

Məsələn, aldığımız məlumatlara görə, Turizm Kollecində semestrin qiyməti tələbəyə 300 manata başa gəlir. Əgər tələbə digər fənnlərdən imtahanları özü verib, cəmi bir fənndən kəsilsə də, həmin kəsri düzəltmək üçün də 300 manatından keçməlidir.

Bu Kollecdə təhsil almaq istəyən şəxs isə, nə az, nə də çox, dörd min manatından keçməlidir. Bu məbləğin müqabilində Eyyub müəllim həmin şəxsin Turizm Kollecinin tələbəsi adını almasını təmin edir.

Ancaq Eyyub Eyyubovun kollecdəki narazılıq yaradan fəaliyyəti təkcə bunlarla bitmir. Verilən məlumatlara görə, sözügedən tədris ocağına ancaq öz yerlilərini yığan Eyyub Eyyubovun iki qardaşı və həyat yoldaşı da kollecdə vəzifə tuturlar.

Bir sözlə, bu kolleclə bağlı narazılıq mənbəyi olan amilləri sadalamaqla qurtarmaq mümkün deyil. Başqa korrupsiya və rüşvət, yeyinti faktları da mövcuddur ki, bununla bağlı araşdırmalarımız davam edir. Və yaxın günlərdə bu barədə məlumat verəcəyik.