İcra başçısı xarici qonaqla » Memur.az

İcra başçısı xarici qonaqla

İcra başçısı xarici qonaqla
İcra başçısı xarici qonaqla
İcra başçısı xarici qonaqla

Zərdab camaatı sosial problemlərin məngənəsində boğulur, Lütfəli Babayevin kefi isə yüz vurur

Məmurun sosial şəbəkələrdə yayılan şəkilləri qalmaqal yaradıb

Mərkəzi Aranda, Şirvan düzündə, paytaxtdan 231 km aralıda yerləşən Zərdab rayonunda sosial problemlər azalmaq bilmir ki, bilmir. Təxminən 60 min nəfərə yaxın əhalinin yaşadığı rayonda məmur özbaşınalıqları pik həddə çatıb. Yerli sakinlərin əsas tənqid hədəfi isə rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevdir. Qeyd edək ki, 2007-ci ilin dekabr ayından bu vəzifəni daşıyan məmur geridə qalan müddət ərzində zərdablılara ciddi problemlər yaşadıb.

Həmçinin icra hakiminin adı indiyə qədər saysız-hesabsız qalmaqallarda çəkilib. Mətbuatda yazılanlara nəzər salsaq görərik ki, vətəndaşların qayğıları ilə yaşamayan məmur daha çox şəxsi biznesinin inkişafına diqqət ayırır: "Lütfəli müəllim Zərdaba sanki özəl mülkü kimi baxır. Rayonun mərkəzindəki ticarət obyektlərinin əksəriyyəti onun nəzarəti altındadır. Bu obyektləri başçının yaxın adamları idarə edir. Bundan başqa, onun rayon ərazisində bir neçə maldarlıq ferması var. Bir müddət əvvəl o, rayonda fəaliyyət göstərən ət dükanlarını yığışdırıb. Buna səbəb isə özünə məxsus ət dükanlarının işinin yaxşılaşdırılması olub. Zərdabda ət biznesi tam olaraq başçının əlindədir. Digər tərəfdən, yerli idarə və müəssisələrdəki vəzifələrə təyinat məsələsi də icra başçısının nəzarətindədir. İqlimcə isti rayon olmasına baxmayaraq, iki tərəfdən çayla - Kür və Qarasuçay- əhatə olunan Zərbad rayonu yaşıllıqlarla zəngin yerdir. Amma bu gedişlə rayonda yaşıllıqdan əsər-əlamət qalmayacaq. Çünki buna məsuliyyət daşıyan yoxdur. Kürqırağı meşələr - Qarasuçay çayı sahilindəki meşə zolağı məhv edilir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akt tərtib edilsə də, günahkarların cəzalandırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət olunsa da, bu günədək heç bir xeyri olmayıb". İcra hakiminin adının qarışdığı 65 min dollarlıq qalmaqalla bağlı da mətbuatda çox yazılıb. Belə ki, iş adamı Fəqan Nəsibov müxtəlif instansiyalara müraciət edərək başçı tərəfindən aldadıldığını açıqlayıb: "O, Mingəçevirin icra başçısı olarkən məni aldadaraq pulumu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Başçı isə trolleybus xətlərini satışa çıxardı. Mən müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. Məmur ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara satmağa razılıq verdi. Bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq. Daha sonra icra başçısı beh istədi. Mən də ona ilkin olaraq 30 min dollar beh, bir müddət keçdikdən sonra isə 35 min dollar da verdim. Buna baxmayaraq, sözünün üstündə durmadı. Aldadıldığımı başa düşdüm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə şikayət etsəm də, hələlik bir nəticə əldə olunmayıb".

Bir müddət əvvəl isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısının oğlu Baba Babayevin Mingəçevir şəhərində yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozaraq ölümlə nəticələnən qəza törətməsi xəbəri yayıldı. Məlumata görə, Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında müəyyən edilən sürət həddinin tələblərini pozan Baba Babayev piyadanı vurub. Avtomobilin sürət həddi yüksək olduğundan piyada yerindəcə keçinib. Deyilənə görə, məmur oğlunun törətdiyi əməli yaxın qohumlarından birinin adına yazdırmaq istəyib. Belə ki, icra başçısının qohumlarından biri avtomobili özünün idarə etdiyini və hadisənin özü tərəfindən törədildiyini istintaqa bildirib. Mingəçevir Şəhər Polis Şöbəsindən piyadanı vuran avtomobilin Babayevlər ailəsinə məxsus olduğunu təsdiqləsələr də, avtomobili kimin idarə etdiyi açıqlanmayıb. Hələ bu da son deyil. İcra hakiminin qardaşı oğlu da yol hərəkəti qaydalarının tələbini kobud şəkildə pozub. Mingəçevirin Səməd Vurğun küçəsi və meydanında avtoxuliqanlıqla məşğul olan, Migəçevir şəhər sakini Babayev Yadigar Şahvəli oğlu idarə etdiyi "99-BH-045" dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə adıçəkilən küçədə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə yaradaraq müxtəlif manevrlər edib və Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrlərinə tabe olmayıb. Əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib. Deyilənə görə, əmisinin məsələyə müdaxiləsindən, eyni zamanda hüquq-mühafizə orqanlarına təsirindən sonra problem həllini tapıb. Başçının özü və yaxın qohumları yüksək səviyyədə yaşasalar da, yerli camaat problemlər məngənəsində sıxılır. Bu arada, qeyd edək ki, mayın 13-də Birinci Avropa Oyunlarının məşəli Zərdab rayonunda qarşılandı. Bu məqsədlə rayonda şənlik və konsert proqramı təşkil edildi. Məlumata görə, məşəli aparan heyətlə yanaşı, bir qrup xarici qonaq, jurnalistlər də Zərdab rayonunda olub. Məşəl rayonu tərk edəndən sonra rayonun icra başçısı əcnəbi qonaqlar üçün ziyafət təşkil edib. Bu barədə sosial şəbəkələrdə məlumat və maraqlı fotogörüntülər yayılıb. Məlumatda bildirilir ki, həmin ziyafətdə icra başçısı özü də iştirak edib və xarici jurnalistlərlə xeyli oynayıb. Əyləncə zamanı icra başçısının qonaq xanımlara qarşı həddindən artıq səmimi davrandığı, onların isə bundan rahatsız olduğu da diqqətdən yayınmayıb. Fikrimizcə, icra hakiminin ölkəmizi xarici qonaqların qarşısında bu formada təbliğ etməsi heç də yaxşı hal deyil. Şəkillərə baxanda hər şey aydın şəkildə görünür. Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, Zərdabda Zərdablıq qoymayan məmurun vəzifədən kənarlaşdırılmasına sayılı günlər qalıb: "Hazırda rayonda sosial gərginlik yaşanmaqdadır. İnsanlar məmurların haqsız münasibətindən, biganəliyindən təngə gəlib. Vətəndaşların bir çoxu icra başçısının fəaliyyətindən narazıdır. Rayon rəhbərinin imza atdığı qanunsuzluqlarla bağlı yuxarı orqanlara göndərilən şikayətlərin sayı son günlər daha da artıb. Buna görə də başçının Avropa Oyunlarından sonra görəvdən alınacağı gözlənilir".

Qarşı tərəfi də dinləyə bilərik.