Xızıda evin damında qumbara tapıldı » Memur.az

Xızıda evin damında qumbara tapıldı

Xızıda evin damında qumbara tapıldı2019-cu il 27 Noyabr tarixində saat 17:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Şurabad qəsəbəsi ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Oxu.Az-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbarasının və partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.