İrandan narkotik gətirən vətəndaş tutuldu » Memur.az

İrandan narkotik gətirən vətəndaş tutuldu

İrandan narkotik gətirən vətəndaş tutulduCənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

DGK-dan Oxu.Az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə çəkisi 52 qram olan psixotrop maddə - metamfetamin, 154 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 6 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkarlanıb.

Daha sonra vətəndaşın idarə etdiyi “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə gömrük baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda bir ədəd bükümdə təqribi çəkisi 0,5 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.