Uşaq ölməsin, şəkər də yeyə bilsinlər... - yanan binadan REPORTAJ » Memur.az

Uşaq ölməsin, şəkər də yeyə bilsinlər... - yanan binadan REPORTAJ

Uşaq ölməsin, şəkər də yeyə bilsinlər... - yanan binadan REPORTAJ

- Xəstəxanadan gəlirəm, bizim uşaq yoxdu orda, 14-cü mərtəbə... - Ordan bir uşaq çıxardılar indi, deyəsən ölmüşdü...



“Bizim binanı da belə üzləyiblər. Bu üzlüklərin hamısı sökülməlidir. Binamızı üzləyəndə həmin örtükdən bir parça götürüb təcrübə üçün yandırdıq. Otağı elə qatı tüstü bürüdü ki, nəfəs almaq olmurdu...”. Bu sözləri dünən dəhşətli yanğını əlacsız halda kənardan izləyənlərdən biri, Azərbaycanın tanınmış futbol məşqçisi Ağasəlim Mircavadov deyir.

Onu görən kimi yaxınlaşdım, bir anlıq düşündüm ki, bəlkə Ağasəlim müəllimin yaxınlarından da kimsə bu binada qalıb və ya zərər çəkib. Məlum oldu ki, Ağasəlim müəllim qonşu binalardan birində yaşayır: “Nəvəmin sinif yoldaşı ilə anası 14-cü mərtəbədə yaşayır. Uşağın anası gəlinimlə də rəfiqədir. Hadisəni eşidən kimi tez gəldik. Çətin vəziyyətdə qalmışdılar, nəhayət, helikopterlə çıxardılar onları...”


***

Biz hadisə yerinə çatanda alov binanın əks tərəfini, Rəsulzadə qəsəbəsinə baxan fasadını da bürümüşdü. Təcili yardım və yanğınsöndürmə maşınlarının uğultusu, yanan pəncərələrdən şaqqıldayıb tökülən şüşələr, yaxınlarını axtaran insanların fəryadı... Vahiməli idi, əlacsızlığın rəsmi bu olsa gərək... Amma bu qışqırıq səslərindən daha dəhşətlisi də varmış... Kimsə özünü binadan atdı. Tüstünün içində özünü atan şəxsi çoxları görə bilməmişdi, az sonra onu xüsusi örtüklü qabda çıxardılar. Dəqiq ölmüşdü, örtüyün ağzı bağlı idi.

***

Xilasedicilər sürətlə işləyirdilər, binada qalanları çıxarıb tibb işçilərinə təhvil verir, yaxınlarını axtaranlar onun dalınca qaçır, özünü itirir, ətrafdakılar su gətirir... Özünü alovun içinə atan xilasedicilərin bəzilərinin halsız vəziyyətdə içəridən çıxarıldığını görəndə vəziyyətin ciddiyyətini bir daha anlayırsan.

Bir xilasedici içəridən çıxır. Qoruyucu geyimini çıxarıb, qucağındakı körpəni ona büküb, əleyhqazını da körpənin ağzına keçirib. Səndələyib gəlir, uşağı xilasedici yoldaşları tez alırlar. O isə huşunu itirib yıxılır...


Şayiələr dolaşır, çaşqınlıq, əsəb, həyəcan, həm də ümid və gözlənti var... Güclülər dözür, 14-15-16-cı mərtəbədən əl eləyənlər, dəsmalla işarə verənlər var. Xilasedicilər onların harayına qaçır, bir az sonra yaxının xilas ediləcəyini ümidi artanlar sevinir. Yeni helikopter gəlir. Xilasedicilər yanan binanın damına düşürlər və oradan binaya girirlər.

Xilasetmə davam edir. Ətrafa toplaşanlar da, hadisə yerində olan rəsmilər də izləyir. Çünki xilasedici və yanğınsöndürənlərdən başqa hamının aciz olduğu məqamdır.
Binanın ətrafında teleaparıcı-müğənni Murad Arifi görürəm. Deyir, iş yerində dayana bilməyib. Yaxınlıqda daha bir tanış sima var, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş mətbuat katibi Cahangir Qocayev... Eynəyinin altından hüznlə baxır tüstüləyən binaya. Uzun illər arxitektura sahəsində çalışmış şəxs kimi görəsən nə düşünür: “Bəlkə də bu olay bundan sonra yüzlərlə insanın həyatını qurtardı. Amma, vallah, belə olmaz".

Binanın ətrafında orada yaşayanlardan çox az adam var. Hamı xəstəxanalara qaçıb, hamı kimisə axtarır. Biri "Semaşko"da, biri 5 saylı xəstəxanada, başqa biri "Toksikologiya"da.

***

Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin olay yerində yaratdığı qərargahın yanındayam. 30-32 yaşlı bir kişi həyəcan içində özünü çatdırır. Üzünü qeydiyyat aparan FHN əməkdaşına tutaraq:

- Xəstəxanadan gəlirəm, bizim uşaq yoxdu orda, 14-cü mərtəbə...

Kənardan bir nəfər amansızcasına “ordan bir uşaq çıxardılar indi, deyəsən ölmüşdü” deyir.

Xilasedici dərhal müdaxilə edir:

- Yox, yox iki uşaq çıxarıblar, ikisini də xəstəxanaya apardılar. Siz xəstəxanaya müraciət edin, ən yaxşısı...

Onun axtardığı uşaq əslində həqiqətən dünyasını dəyişmişdi, bu binanın ətrafında o qədər lənətə gəlmiş dialoq vardı ki...

***

Bu olay başlayandan gecə saatlarına qədər orda oldum. Baş prokuror, daxili işlər naziri hadisə yerinə gəldi. Nazir müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ordaydı. Fövqəladə hallar naziri səfərini yarımçıq qoyub geri döndü və birbaşa hadisə yerinə gəldi. Nazir müavini Etibar Mirzəyev yanğın və xilasetmə əməliyyatlarına özü nəzarət eləyirdi. Dövlət ordaydı, məmuru ilə, həkimi, xilasedicisi, yanğınsöndürəni, polisi ilə dövlət ordaydı!

***
Axşam düşdü, əl-ayaq çəkildi. Sakinlər də yanıb kül olmuş binalarının qapqara abidəsinə baxmaqdan yoruldular, ağlamaqdan şişmiş gözlərini, üst-başlarındakı tüstü qarasını götürüb getdilər.

Səhərdən qaynayan, vurnuxan, çalxalanan küçə boşaldı...

Qarşımda o bina dayanırdı. Qara, qapqara bir daş yığını...