Yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı - PREZİDENT SƏRƏNCAMI » Memur.az

Yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı - PREZİDENT SƏRƏNCAMI

Yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı - PREZİDENT SƏRƏNCAMI

Zərərçəkənlərə dəyən ziyan 15 günə hesablanacaq və onlara kompensasiya ödəniləcək



Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2015-ci il mayın 19-da Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş vermiş, nəticədə həlak olanlar və yaralananlar vardır.

Baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:

1. Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:

Abid Şərifov - Azərbaycan Respublikasının Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru

Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı

2. Dövlət Komissiyası:

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

- baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etsin;

- hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;

- yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;

- yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırsın və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

- görülmüş işlər haqqında mütəmadi məlumat versin.

3. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsinlər.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.