93 yaşlı kişi yanaraq öldü » Memur.az

93 yaşlı kişi yanaraq öldü

93 yaşlı kişi yanaraq öldüMasallıda yaşayış evində baş verən yanğın zamanı 93 yaşlı kişi yanaraq dünyasını dəyişib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə axşam saatlarında rayonun Musaküçə kəndində Xeyrulla Babayevə məxsus yaşayış evində baş verib.

Qohumlarının söylədiyinə görə, 93 yaşlı X.Babayev axşam evdə özünə yemək hazırlamaq məqsədilə qaz sobasını yandırmaq istəyib. Bu zaman qaz sızmasından ev alışaraq yanıb.

Yanğınla bağlı qonşular FHN-nin Masallı Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə 2 yanğınsöndürmə maşını, eləcə də canlı qüvvə cəlb olunub.

Təcili tibbi yardım briqadası hadisə yerinə vaxtında gəlsə də, alov çox güclü olduğundan içəri keçmək mümkün olmayıb. Ev sahibi X.Babayev yanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Xeyrulla Babayev 60 ildən çox müəllim işləyib və 9 övlad atası idi.

Faktla bağlı araşdırma aparılır.