"Bakı Telefon Rabitəsi" İB rəisi məhkəmədə ifadə verdi » Memur.az

"Bakı Telefon Rabitəsi" İB rəisi məhkəmədə ifadə verdi

"Bakı Telefon Rabitəsi" İB rəisi məhkəmədə ifadə verdi

Bu gün mənimsəmədə, vəzifədən sui-istifadədə təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İB-nin Nizami rayon qovşağının rəisi Fətullah Hüseynov və həmin qovşağın baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Hər iki şəx özünü qismən təqsirli bilib.
F.Seyidov ifadəsində bildirib ki, atamdan qalan mülkümü satıb, dəymiş zərəri ödəmişəm: "Ürək xəstəliyindən əziyyət çəkirəm. Mənə işdə deyiblər buna qol çək mən də çəkmişəm”.
R.Məmmədov ifadəsində qeyd edib ki, qovşağın sərbəst bank hesabı olub: “Lakin bizə pul lazım olan zaman "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin icazəsi lazım olurdu. Mənə ancaq bayram pulu verilirdi. Oda, 100-200 manat. Amma prokurorluğun hazırladığı ittihamda göstərilən məbləği indiyə qədər görməmişəm. ".

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin həbsdə olan keçmiş sədri Beytulla Hüseynov şahid qismində dindirilib. O, ifadəsində bildirib ki, bütün tapşırıqları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən alıb. O qeyd edib ki, qurumda maaşdan əlavə paket formasında pul verilirdi.

Istehsalat birliyinin həbdə olan sabiq baş mühasibi Anar Mustafayev də şahid qismində ifadə verib. O deyib ki, nə Fətullah Hüseynova, nə də Rəşad Məmmədova pul verməyib


Proses oktyabrın 6-da davam edəcək.


Qeyd edək ki, təqsirləndirilən şəxslər ləğv edilən MTN-nin sabiq naziri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra həbs edilib.F. Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. F.Seyidov 752 min manat R.Məmmədov isə 37 min manat məbləği mənimsəməkdə təqsirli bilinirlər.
Onu da qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.
Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb.