Bakıda torpaq sahələri bahalaşdı » Memur.az

Bakıda torpaq sahələri bahalaşdı

Bakıda torpaq sahələri bahalaşdı

2015-ci ilin fevral ayında Bakının torpaq bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 5,15 faiz artıb. Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.


Onun sözlərinə görə, 2015-ci ilin yanvar ayında torpaq sahələrinin qiymətində artım cəmi 0,6 faiz olub: “Bakıda mənzil bazarında qiymətlər çox yüksəkdir, buna görə də bir çoxlarının paytaxtda mənzil almağa imkanı çatmır. Son iki il ərzində əksər potensial alıcılar birinci və ikinci mənzil bazarından torpaq bazarına keçiblər”.

Şirkət rəhbərinin fikrincə, kiçik torpaq sahəsi alaraq 60-70 min manata bir və ya ikimərtəbəli ev tikmək mənzil üçün böyük məbləğ ödəməkdən daha sərfəlidir: “Mənzil alarkən birbaşa pul ödəmək lazım gəlir. Amma 10 min manata kiçik torpaq sahəsi almaq və iki-üç il ərzində orada ev tikmək mümkündür. Bir çoxuna bu variant daha münasibdir”.

N.İbrahimov bildirib ki, mənzillərin kirayəsi bazarındakı vəziyyət tamam başqa cürdür – yanvar ayında mənzil kirayəsi üzrə orta qiymət 4,5 faiz aşağı düşüb: “Yanvar ayında kirayə qiyməti 1,5 faiz qalxsa da, fevral ayında 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz ucuzlaşma müşahidə olundu. Məsələ ondadır ki, ilin ilk üç ayı kirayə bazarında mövsümi aylar deyil. Bu bazarda canlanma yay mövsümünün sonunda, sentyabr-oktyabr aylarında olacaq”.