Meşədə itkin düşmüş məktəbli 6 gün tək-tənha necə sağ qalıb? » Memur.az

Meşədə itkin düşmüş məktəbli 6 gün tək-tənha necə sağ qalıb?

Meşədə itkin düşmüş məktəbli 6 gün tək-tənha necə sağ qalıb?

"Meşədə məni axtaranların qışqırıq, hay-küy səsini eşidirdim. Amma qorxudan dilim tutulduğundan onlara cavab verə bilmirdim".

Astara Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Ruslan Şəbiyevin Memur.Az-a bildirdiyinə görə, bunu oktyabrın 26-da Astarada meşədə itkin düşmüş və 6 gün sonra tapılmış 16 yaşlı Şahid Əzizov deyib.

Polis mayorunun sözlərinə görə, meşədə azıb qalmış Şahid Əzizov yolu özü tapıb, evə gəlib. Amma ciddi psixoloji sarsıntı keçirib: "O, oktyabrın 26-da, itkin düşdüyü gün, bir dəfə meşədən qoz yığıb evlərinə gətirib. Bundan sonra yenə qoz yığmaq üçün təkrar meşəyə qayıdıb. Amma hava dumanlı olduğuna görə yolu azıb. Sonra eşidib ki, meşədə heyvanların səsi gəlir. Ona görə də qorxduğundan ağaca çıxıb. Uşaq deyir ki, meşədə qaldığı günlər ərzində gecələr ağaclarda yatıb və mer-meyvə ilə qidalanıb. Duman çəkiləndən sonra isə mal-qaranın izinə rast gəlib, onların izi ilə də gələrək kəndi tapıb".

Təhqiqatçının sözlərinə görə, Şahid Əzizov hətta meşədə onu axtaranların səsini də eşidibmiş: "Meşədə onu axtaranların qışqırıq, hay-küy səsini də eşidirmiş. Amma qorxudan dili tutulduğundan onlara cavab verə bilmirmiş. İndi uşaq həkim nəzarətindədir. Bir az dili açılıb. Amma yenə də tam rahat danışa bilmir".

R.Şəbiyev uşağın guya ailəsindən küsüb getməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Xeyr. Heç bir ailədaxili narazılıq və ya hər hansı münaqişə olmayıb. Sadəcə bu vaxt meşədə qoz ağaclardan yerə tökülür. O da qoz yığmağa gedib. Bir dəfə yığıb gətirib, ikinci dəfə duman olduğundan yolu azıb meşədə qalıb".

Qeyd edək ki, oktyabrın 26-da səhər saat 10 radələrində rayonun Siyaku inzibati ərazi vahidi üzrə nümayəndəliyinin Rinə kəndinə bitişik Suaş məhəlləsində yaşayan, 1999-cu il təvəllüdlü, 10-cu sinif şagirdi Şahid Kərəm oğlu Əzizov qoz yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. Atası Kərəm Əzizovun sözlərinə görə, Şahid evdən çıxan zaman hava dumanlı olub. Uzunmüddətli axtarış tədbirləri isə nəticə verməyib.

Astara Rayon Polis Şöbəsindən Memur.Az-a bildiriblər ki, 10-cu sinif şagirdi, 16 yaşlı Şahid Əzizovun itkin düşdüyü barədə məlumat daxil olandan sonra onun axtarılıb tapılması üçün tədbirlər həyata keçirilib, amma axtarışlar heç bir nəticə verməyib. Amma oktyabrın 31-də Şahid Əzizov tapılıb. İlkin ehtimala görə, hava dumanlı olduğundan uşaq meşədə azıb və geriyə qayıtmaq üçün yolu tapa bilməyib.

Rinə kənd icra nümayəndəliyindən Memur.Az-a bildiriblər ki, bir müddət uşağın yanına kənar şəxslər buraxılmayıb. O, hadisədən sonra güclü psixoloji sarsıntı keçirib və danışa bilməyib.

Astara Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Ruslan Şəbiyev Memur.Az-a deyib ki, Şahid Əzizov oktyabrın 31-də, yəni itkin düşdüyü elan ediləndən 6 gün sonra tapılıb. Amma üstündən bir neçə gün keçməsinə baxmayaraq, onu dindirmək mümkün olmayıb. Evində ciddi həkim nəzarəti altında olan Şahidin bir müddət heç kimlə, hətta polislərlə ünsiyyətinə icazə verilməyib.