Qarabağ uğrunda mübarizə - həm də beynəlxalq rəy uğrunda mübarizədir » Memur.az

Qarabağ uğrunda mübarizə - həm də beynəlxalq rəy uğrunda mübarizədir

Qarabağ uğrunda mübarizə - həm də beynəlxalq rəy uğrunda mübarizədir

Rusiyalıların 42 faizinin (!) separatçı rejimə müstəqillik istəməsinin səbəbi; Azərbaycan diaspor qurumları nədən təbliğatda erməni lobbi təşkilatlarına uduzur? Erməninin bir əli rusdan yapışıb, o biri əli isə Qərbə uzanılıdır, bəs biz...

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlliz heç şübhəsiz, xeyli dərəcədə məsələ ilə bağlı formalaşan beynəlxalq ictimai rəydən asılı olacaq. Bunun belə olduğunu kim bilməsə də, ərazisi işğala məruz qalan Azərbaycan xalqı illərdir öz üzərində hiss edir, əyani görür.

Elə olmasaydı, Qarabağa dair qəbul edilmiş neçə-neçə obyektiv xarakterli sənəd, ən əvvəl də BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA), Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri indiyədək kağız üzərində qalmazdı və Ermənistanla təcavüzkar kimi davranılardı - necə ki, Krımın işğalı üzündən Rusiyaya məhz bu cür də münasibət bəslənilir.

Əlbəttə ki, vəziyyətin belə alınmasında dünya erməni lobbisinin “xidmətləri” danılmazdır. Xüsusən də qlobal siyasəti müəyyən edən aparıcı dövlətlər kimi ABŞ, Rusiya, Fransa, digər iri Avropa ölkələrində ermənilərin illərdir apardığı anti-Azərbaycan təbliğatı öz işini görüb və görməkdədir.

Ancaq Azərbaycan diasporunun dişsiz fəaliyyəti də burada insaf naminə, vurğulanmalıdır. Axı məsələn, Rusiyanın özündə azərbaycanlılar ermənilərdən sayca heç də az deyil, hətta çoxdur. Di gəl, Rusiya ictimai rəyində Dağlıq Qarabağ həqiqətləri yetərincə oturuşmayıb.
Düşünmürük ki, burada yalnız xristian amili rol oynayır. Dini təəssübkeşlik öz yerində, amma erməni lobbisinin sistemli fəaliyyəti, onun Rusiyanın ictimai-siyasi və iqtisadi dairələrində kök ata bilməsi, həmin dairələrin nüfuzlu şəxslərinə təsir imkanı əldə eləməsi də ciddi rol oynayıb və oynayır.

***
Bunun nəticəsidir ki, bu gün rusiyalı politoloq Vadim Dubnov öz məqaləsində yazır ki, “artıq Dağlıq Qarabağı Azərbaycanın tərkibində təsəvvür eləmək çətindir”. Əfsuslar olsun ki, Dubnov bu düşüncədə tək deyil, Rusiyada onun kimi düşünənlər var və çoxalmaqdadır. Bu da ən isti nümunə.

Rusiyanın tanınmış “Levada Sentr” sorğu mərkəzinin keçirdiyi son rəy sorğularına görə, rusiyalıların 42%-i hesab edir ki, Dağlıq Qarabağ müstəqillik almalıdır. “Respondentlrin hər on nəfərindən biri (10%) hesab edir ki, region Azərbaycana qaytarılmalıdır, 9% əmindir ki, o, Ermənistanın olmalıdır. 39% isə konkret cavab verməkdə çətinlik çəkib” - məlumatda deyilir.
Nəticələri vesti.az-a şərh edən “Cənubi Qafqaz” siyasi klubunun rəhbəri İlqar Vəlizadəyə görə, bu - ilk öncə ermənilərin Rusiyada ictimai rəyi formalaşdırmaq üçün illərdir apardıqları işin parlaq sübutudur: “Özü də prosesdə həm formal, həm də qeyri-formal KİV-lər iştirak edir. Bu KİV-lər vasitəsilə də praktik olaraq gündəlik rejimdə regionlar haqda yönləndirici bilgilər təqdim olunur”.

Onun sözlərinə görə, rusiyalı obıvatel adətən bu kimi informasiyalardakı geosiyasi hiyləgərliklərdən bixəbər olur: “Deyək ki, əgər bir sıra KİV-lərdə qibtəediləsi dövrülüklə Dağlıq Qarabağ ətrafında baş verənlər işıqlandırılır və bu zaman Ermənistanın işğal elədiyi Azərbaycan torpaqları barədə heç nə deyilmirsə, o halda belə bir informasiyanı alan oxucu, dinləyici və ya tamaşaçıda çətin ki, Güney Qafqazla bağı obyektiv rəy yaransın. İnsanlar hətta ağıllarına gətirmirlər ki, Dağlıq Qarabağın müstəqilliyini Rusiya çətin ki, tanısın - hələ başqa qonşu dövlətləri demirik”.
***
Ancaq bu vəziyyətə görə, özümüz heç də az suçlu deyilik. Aydındır ki, Rusiyadakı azərbaycanlıların əsas qurumları (“AzerRos”, Rusiya Azərbaycanlıları Konqresi) və bu qurumların rəhbərliklərinə daxil olan şəxslər erməni diasporu ilə deyil, öz aralarında çəkişdikcə, bir-birilərinin ayağını qazdıqca vəziyyət nəinki belə qalacaq, üstəlik, pisləşməkdə davam edəcək.

Bunu hesablamaq üçün Bzejinski olmağa gərək yox. İş ondadır ki, ermənilər Qarabağ haqda dezinformasiyaları, yanlışlıqları Rusiya ictimai rəyinə yerinə yeritmək üçün illərdir bu ölkənin aparıcı KİV-ləri ilə intensiv işləyir, orada israrla kök salmağa çalışırlar. Bu gün hətta həmin KİV-lərin bəzilərinə (misal üçün, «Regnum» Agentliyi) erməni rəhbərlik edir.

Nəzərə alsaq ki, Azərbaycan dövləti erməni təbliğatını neytrallaşdırmaq, Qarabağ həqiqətlərini Rusiyada yaymağa yönəlik tədbirlər üçün hər il xaricdəki diaspor təşkilatlarınma sanballı vəsait ayırır, o zaman qənaət hasil olar ki, bu vəsaitlər ya aidiyyəti üzrə, effektli xərclənmir, ya da mənimsənilir.

Bu xüsusda Azərbaycan Xarici İşlər Nazirliyinin görəcəyi işlər də az deyil. Söhbət həm də qurumun diaspor təşkilatları ilə sinxron və effektli fəaliyyət qurmağın vacibliyindən gedir. Yaddan çıxarmaq olmaz ki, istər Rusiya olsun, istərsə də qlobal miqyasda - Dağlıq Qarabağla bağlı obyektiv rəy bizə həm də ona görə lazımdır ki, sabah konfliktin hərbi yolla həll variantını seçmək zorunda qalanda beynəlxalq qınaqla, hətta işğalçı damğası ilə üzləşməyək.
***
Onu da ciddiyə almaq lazımdır ki, hiyləgər ermənilər Rusiyanın forpostu rolunda olsalar da, altdan-altdan Qərblə, Qərb ictimai rəyi ilə güclü şəkildə işləyirlər. Erməni KİV-lərində son 1-2 ildə Rusiya əleyhinə sərt tənqidi materialların getməsi ən əvvəl bu maraqdan qaynaqlanır. Başqa sözlə, erməni bir əllə zorən rusdan yapışıbsa, o biri əli də Qərbə uzanılıdır.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov isə Ermənistan-Rusiya münasibətlərinin artıq hətta pisləşdiyini düşünür. Mətbuata açıqlamasında o, Ermənistan KİV-lərində anti-Rusiya əhval-ruhiyyəsinin gücləndiyinə diqqət yönəldib: “Ümumiyyətlə, bu ölkənin mediasında qərbyönümlü siyasətçilərin Moskvaya hücumlarına həmişə yer verilib. Lakin son günlərdə bu kampaniya daha da sürətlənib. Düzdür, bu, Ermənistanın Rusiya vassallığından imtina etməsi deyil. Yəni bu məsələ faktiki olaraq mümkün deyil. Amma rusofobiyanın güclənməsi müşahidə olunur. Misal üçün, Ermənistanda Rusiya hərbçilərinin və diplomatlarının oxuduğu rusdilli təhsil müəssisələri bağlanıb, Slavyan Universiteti ölkədən çıxarılıb, rus dilində yayımlanan radio və televiziya yoxdur, rusdilli nəşrlərin demək olar ki, hamısı ləğv olunub. Xüsusilə Gümrüdə rus hərbiçisinin bir ailəni qətlə yetirməsindən sonra ruslara nifrət şiddətli dərəcədə artıb”.

Politoloq daha sonra qeyd edib ki, Rusiyanın Azərbaycana silah satması da erməniləri hiddətləndirir: “Halbuki Moskva Ermənistana pulsuz, yaxud çox aşağı qiymətə silah verir. Düzdür, bu silahlar köhnədir, amma istifadə qabiliyyətini itirməyib. Ermənilərsə buna görə ruslara minnətdar olmaq istəmirlər. Ermənilər həm də ona görə qıcıqlanırlar ki, Rusiya borcların silinməsi əvəzinə bu ölkənin strateji sektorlarını öz nəzarətinə götürür. Burada şəxsi münasibətlər də rol oynayır. Putin Prezident İlham Əliyevlə qarşılıqlı münasibətlərə malik olsa da, Sarkisyanı demək olar ki, saymır. Digər tərəfdən, Rusiya Cənubi Qafqazda öz ambisiyalarını əsas götürərək, Türkiyə ilə Azərbaycanın münasibətlərinin pisləşməsi üçün əlindən gələni etmir. Erməniləri qıcıqlandıran amillərdən biri də budur. Təbii ki, yüz illərdir davam edən erməni-rus münasibətlərinin pisləşməsi regionda vəziyyəti dəyişə bilər. Bu, strateji baxımdan bizim də xeyrimizədir”.