Bakının ən iri təlimlərlə dünyaya çatdırdığı əsas mesaj » Memur.az

Bakının ən iri təlimlərlə dünyaya çatdırdığı əsas mesaj

Bakının ən iri təlimlərlə dünyaya çatdırdığı əsas mesaj

Amerikadakı analitik mərkəz də təsdiq edir ki, Azərbaycan işğal altındakı torpaqlarını qısa zamanda azad edə bilər, ancaq...; rusiyalı politoloq: “Ermənistana genişmiqyaslı hərbi əməliyyatların bərpası sərfəli deyil”

Türkiyə-Azərbaycan Hərbi-Hava Qüvvələrinin birgə təlimi başa çatandan az sonra ordumuzun daha bir iri hərbi təlimi başlayıb. Rəsmi məlumata görə, sentyabrın 13-dək davam edəcək təlimlərə 65 min nəfərlik şəxsi heyət, 700 zirehli texnika, 500-dən çox raket və artilleriya qurğusu, 40-dək təyyarə, 50-dək helikopter, 20-dək gəmi və kater cəlb edilib. Bir həftə ərzində Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin ən ciddi şəkildə yoxlanılması nəzərdə tutulub.

Göründüyü kimi, kifayət qədər genişmiqyaslı və sanballı təlimdir. Elə təkcə şəxsi heyətin sayı (65 min-red.) Ermənistan və separatçı rejimin birgə silahlı canlı qüvvəsindən çoxdur. Bundan əlavə, hərbi ekspertlərə görə, ilk dəfə olaraq təlimlərə ölkə boyu bütün qoşun növləri cəlb olunub ki, bu da müharibəyə ən yüksək səviyyədə hazırlığın əsas hədəf kimi götürüldüyündən xəbər verir.

Bu faktın özü işğalçı Ermənistana özünü yığışdırıb sülh danışıqlarında daha konstruktiv olmaq üçün bir mesajdır, eyni zamanda İrəvana və onun havadarlarına növbəti güc nümayişidir. Ermənistanın əsas havadarı isə əlbəttə ki, Rusiyadır.
Təbii ki, Azərbaycan belə iri, möhtəşəm təlimlərlə Rusiyanı hədələmir. Moskvanı hədələmək, ona gün göstərmək imkanında da deyil, ancaq ən əvvəl Kremlə aydın bir şəkildə mesaj çatdırır ki, öz satelliti və marioneti Ermənistanın ərazilərimizi işğal altında saxlamasına, status-kvonun indiki kimi qalmasına uzun müddət göz yummaq fikrində də deyil.
Qarabağda yeni müharibə isə Rusiyanı ciddi seçim qarşısında qoymaqla, onun təkcə Azərbaycanla yox, Türkiyə ilə də münasibətlərini sual altına sala bilər. Başqa sözlə, Moskva da məntiqlə yeni müharibədə maraqlı olmamalıdır.

Müharibə isə hər gün bir az daha hamının qapısına yaxınlaşmaqdadır. Son vaxtlar sayı artan təlimlər ən əvvəl bunun göstəricisi sayılmalıdır. Şəksiz ki, Azərbaycan müharibə istəmir, ancaq onun öz ərazilərini hərbi yolla azad eləmək hüququnu da heç kim əlindən almayıb. Belə bir hüququ ona ən azından BMT Nizamnaməsi, Qarabağa dair BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, digər mötəbər beynəlxalq təşkilatların müvafiq sənəd və qətnamələri verir.
O üzdən rəsmi Bakının özünün hərbi qüdrətini ilbəil artırmasında qəribəlik, beynəlxalq hüquqa zidd heç nə yoxdur. Əksinə, beynəlxalq birlik üçüncü on ildir işğalçı Ermənistanı yerində oturda bilmirsə, Azərbaycanın silahlanmaqdan və müharibəyə hazırlaşmaqdan savayı çıxış yolu qalmır. Rusiyalı politoloqlardan birinin dediyi kimi, Bakı böyük həcmdə bahalı silah-sursatı vitrinə qoymaq üçün almayıb.

*****
Bu mənada həm də qardaş Türkiyə Silahlı Qüvvələri ilə son vaxtlar intensivləşən təlimlər dünyaya açıq bir mesajdır ki, Dağlıq Qarabağ adlı yarım-dondurulmuş konflikt də var və onun həllinin uzanması nə bölgəyə, nə Rusiyaya, nə də Qərbə yaxşı heç nə vəd eləmir. Yəni tələsmək, konkret addım atmaq, münaqişənin bir daha alovlanmayacağına təminat verəcək praktik anlaşmaya nail olmaq zaman çatıb. Belə bir imkana isə hamıdan çox Rusiyadadır.
“Rusiya əlindən gələni edir ki, Dağlıq Qarabağ konflikti müharibə yox, sülh yolu ilə həllini tapsın”. Musavat.com-un məlumatına görə, bu sözləri rusiyalı ekspert, vaxtilə Putinin etibarlı şəxsi olmuş Sergey Markov erməni portalına müsahibəsində təmas xəttindəki son durumu şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda hərbi əməliyyatların qızışma ehtimalı böyük deyil. “Mən hesab edirəm ki, nə Ermənistana, nə də Azərbaycana geniş miqyaslı hərbi əməliyyatların bərpası sərfəli deyil. Bundan əlavə, hazırkı status-kvo İrəvanı qane edir. Əgər Azərbaycan müharibəyə başlasa, ciddi iqtisadi itkilərlə üzləşə bilər” - qeyd edib politoloq.

Müharibə əlbəttə ki, itki deməkdir. Ancaq bir şey dəqiqdir ki, ordusuna çağırışçı tapa bilməyən və iqtisadiyyatı onsuz da böhranda olan Ermənistan on qat artıq itki ilə üzləşəcək.

*****
Bu arada Amerikadakı “Global Firepower” hərbi analitik mərkəz dünya ölkələrinin ordularının yeni reytinq siyahısını açıqlayıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, reytinqi tərtib edənlər ölkənin nüvə silahının olub-olmamasına, siyasi-iqtisadi amillərə diqqət etmədiklərini qeyd ediblər. Həmçinin, dənizə çıxışı olmayan ölkələr üçün Dəniz Donanması faktorunu ciddiyə almaylblar.

Reytinq siyahısına görə, Cənubi Qafqazda ən güclü ordu Azərbaycandadır - 63-cü yer. Ermənistan ordusu 74, Gürcüstan silahlı qüvvələri isə 75-ci yerə layiq bilinib.
“Global Firepower”in siyahısından da görünür ki, bu gün Azərbaycan işğal altındakı torpaqlarını qısa müddətdə hərbi yolla azad eləmək gücünə malikdir - yetər ki, Rusiya məsələyə müdaxilə eləməsin, Ermənistanın havadarlıq eləməsin.
Fəqət, Rusiya bitərəf qalacaqmı? Və ya qala biləcəkmi? Bir sıra Moskva rəsmilərinin söylədiyi kimi, müharibəni qısa zamanda diplomati vasitələrlə durdura biləcəkmi? Axı Azərbaycan uzun müddət təcavüzlə barışa bilməz, bunu elementar məntiq diktə edir.

*****

Ümid eləmək qalır ki, Bakının intensivləşən genişmiqyaslı hərbi təlimləri fonunda Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya çağırılması (məhz çağırılması, çünki Rusiya üçün Ermənistan adlı suveren və müstəqil dövlət çoxdan mövcud deyil) həm də münaqişə zonasında yeni müharibə risklərinin təhlükəli dərəcədə artması ilə bağlıdır. Hələ vaxt və kövrək imkanlar qalır. Sabah gec ola bilər. Hamı üçün.

Onu da yaddan çıxarmaq olmaz və Yaxın Şərqin acı təcrübəsi də bir daha göstərdi ki, həll olunmamış münaqişələr və onlara dünya birliyinin, aparıcı dövlətlərin uzun illər laqeyd yanaşılması təkcə region ölkələr üçün deyil, bütövlükdə dünya üçün yeni böhranlar, miqrant problemi, yeni demoqrafik problem deməkdir.

Bu xüsusda Azərbaycanın hərbi güc nümayişi beynəlxalq birliyə, Rusiyaya həm də belə bir çatdırış anlamındadır ki, əgər onlar daha bir dağıdıcı müharibə ocağı və hər cür radikal ekstremist-dinçi qüvvələrin meydan sulayacağı münaqişə mənbəyi arzulamırsa, o zaman Qarabağ məsələsinin ədalətli həllini tezləşdirsinlər.